Şimaldan arzuolunmaz xəbər: öz itkilərimiz az idi...

29-01-2022, 08:53           
Şimaldan arzuolunmaz xəbər: öz itkilərimiz az idi...
Rusiyanın yaşadığı problemi biz də hiss edəcəyik, həm də əhəmiyyətli dərəcədə

Rusiya rublunun ucuzlaşmasının ən çox müzakirə olunan mövzulardan olması təsadüfi deyil - qeyri-neft ixracımızın 32%-ə qədəri Rusiyanın payına düşür. Moskva Birjası və RTS indeksləri ötən ilin bütün artımını itirib və enməkdə davam edir. Rublun məzənnəsi də geosiyasətlə bağlı ciddi təzyiqlərə məruz qalıb.

Rusiya valyutası ötən ilin oktyabr ayının sonundan başlayaraq zəifləməyə davam edir. Yanvarın 24-də keçirilən hərracda dollar rubla nisbətdə, demək olar ki, 2,86% bahalaşaraq 79 ₽ həddini keçib. Rublun və Rusiya səhmlərinin ucuzlaşması ABŞ Prezidenti Co Baydenin Baltikyanı ölkələr və Şərqi Avropada bir neçə min Amerika əsgəri, gəmi və təyyarəsini yerləşdirmək imkanını nəzərdən keçirməsi xəbəri fonunda güclənib.

Xatırladaq ki, manatla bağlı qorxular Türkiyə lirəsinin kütləvi şəkildə ucuzlaşması fonunda səslənsə də, lirənin devalvasiyası demək olar ki, təsirsiz ötüşdü. Amma Rusiya devalvasiyasının Azərbaycan valyutasına təsiri nisbətən güclü olacaq.

Bunu AYNA-ya şərhində deyən bank və maliyyə eksperti Əkrəm Həsənovun sözlərinə görə, bu, bizim qeyri-neft ixracımızla bağlıdır: “Biz Türkiyədən fərqli olaraq Rusiyaya, əsasən kənd təsərrüfatı məhsulları ixrac edirik. Bildiyimə görə, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarının 7 faizinə qədərini təmin edir. Yaxşı göstəricidir, baxmayaraq ki, daha çox ola bilər. Orada bizim mallarımız rublla satılır. Rusiya valyutası ucuzlaşdığından qiymətləri qaldıracaq yer yoxdur, rubldan gələn gəlirləri dollara və manata çevirərkən itkilər olacaq. Bir sözlə, rublun düşməsi ixracatçılar və kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün itkidir”.

“Bundan əlavə, bu, Rusiyada yaşayan azərbaycanlıların buraya köçürülən gəlirlərinin azalması deməkdir. Bu baxımdan, Azərbaycan iqtisadiyyatı üçün rublun devalvasiyası Rusiyadakı hər hansı şok kimi, ağrılı prosesdir. Amma bu, təbii ki, yerli maliyyə sistemi üçün fəlakət deyil, çünki valyuta gəlirlərimiz əsasən neft və qazdan asılıdır. Amma gəlirlərin daxil olması baxımından müəyyən faiz azalması olacaq. Bizim üçün bu problem daha çox geosiyasi plandadır. Sanksiyalara görə Rusiya ilə əməkdaşlıq təhlükə altında ola bilər, ona görə də hesab edirəm ki, burada siyasi çətinliklər hökm sürür”, - deyə Həsənov bildirib.

Siyasətin üstün olması neftin qiymətində də öz sözünü deyir. Hazırda bir barel üçün 90 dollar civarında olan “Brent” markarlı neft kotirovkaları məzənnənin dinamikasına faktiki olaraq heç bir təsir göstərmir.

Rusiyalı iqtisadçı, Maliyyə Analitikləri və Risk Menecerləri Gildiyasının Müşahidə Şurasının üzvü Aleksandr Razuvayev də AYNA-ya açıqlamasında təsdiq edib ki, rublin məzənnəsi bütün aspektlərdə siyasi məsələdir: “ABŞ və Qərblə münaqişə rubla təzyiq göstərir. Nəticədə, rubl bu ilin əvvəlindən dünyanın ən pis valyutaları arasında “şərəfli” ikinci yeri tutdu. Yalnız Zambiya kvaçası rubldan daha aşağıdır. Yeni ilin əvvəlindən rubl dollara nisbətdə 5% ucuzlaşıb, baxmayraq ki, neft 87 dollardan satılır, beynəlxalq ehtiyatlar isə 638 milyard dollar və ya hazırkı məzənnə ilə 50 trilyon rubl təşkil edib”.

Ekspertin fikrincə, yerli monetar orqanların valyuta bazarında passiv davranışı fonunda, Rusiyanın ABŞ-la necə danışıqlar aparacağı bəlli deyil: “Aydındır ki, rublun düşməsindən büdcə, ixracatçılar, “Surqutnefteqaz”ın səhmdarları, imtiyazlı səhm sahibləri faydalanır. Lobbiçilik və inflyasiya öz yerində, amma prestij və milli valyutaya inam uğrunda mübarizə daha vacibdir”.

“Rubl haraya qədər düşə bilər” sualına gəldikdə, analitik cavabı belə olub: “Haraya qədər icazə verilirsə, oraya qədər də düşəcək. Rusiya hakimiyyətinin istənilən məzənnəni - hətta arzu olunarsa, bir dollar üçün 60-65 rubl təşkil etmək üçün kifayət qədər pul resursları var. Artıq qeyd edildiyi kimi, bizim 600 milyard dollardan çox beynəlxalq valyuta ehtiyatlarımız var və 2016-cı ildən bəri təkcə Rusiya Federasiyasının bank sistemindəki şirkətlərin hesablarında rekord həcmdə - ötən ilin noyabrına 173 milyard dollar həcmində xarici valyuta yığılıb”.

“Eyni zamanda, qeyri-maliyyə sektorunun xalis xarici borcu mənfidir - ötən ilin ortalarına mənfi 30 milyard dollar. Müqayisə üçün qeyd edək ki, xalis öhdəliklərin 209 milyard dollara çatdığı 2014-cü ildə vəziyyət fərqli idi. Rusiya Mərkəzi Bankı artıq rublu saxlamaq üçün müəyyən addımlar atıb. Çox güman ki, bu il Rusiya Mərkəzi Bankı əsas dərəcəni iki dəfə artıracaq və bununla da əmanətçiləri, ipoteka kreditorlarını və digər borcalanları sevindirəcək. İndi rus rublunu alıb-almamaq hər kəsin şəxsi işidir. Ümid edirəm ki, geosiyasət öz yolunu tapacaq”, - deyə Razuvayev fikrini yekunlaşdırıb.

Müəllif: Tanya Samsonova












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.