Ölüm təhlükəsi altında yaşayan ailələr - VİDEO
29-01-2022, 11:26

Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən yataqxanalar baxımsız vəziyyətdədir.
BAKU.WS xəbər verir ki, 11 nömrəli yataqxanada nəmişlik və təhlükə şəraitində yaşayan ailələr qurumlardan cavab ala bilmədikləri üçün ARB xəbərə müraciət ediblər. 106 ailənin yaşadığı yataqxananın sakinləri qazın 2004-cü ildən kəsildiyini deyirlər. Adı çəkilən binanın zirzəmisi su ilə dolu, divarlarını isə kif basıb.
Sözügedən məhəllədə təhlükə altında yaşayanlar arasında 9 nömrəli yataqxananın sakinləri də var. 80-ə yaxın ailənin yaşadığı bu yataqxanada da vəziyyət digərindən fərqli deyil. İstismar müddətini başa vuran binanın bu yaxınlarda eyvanı uçub. Sakinlər bildirir ki, hər iki binanın vəziyyəti ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə və digər aiddiyyatı qurumlara dəfələrlə müraciət ediblər. Nəticədə dəhliz 1 qutu boya ilə boyanıb və sonra isə şikayətə baxılıb adı qoyulub.
11 nömrəli yataqxana sakinlərinin əsas dərdi olan qaz problemi ilə bağlı "Azəriqaz" İB-dən bildirilib ki, həmin bina ümumi istifadədə olan mətbəx otaqları 2001-ci ildə təmin edilmişdir. Lakin 2004-cü ildə binada qaz sızması nəticəsində baş vermiş partlayışdan sonra bədxət hadisələrin qarşısının alınması məqsədi ilə Fövqəladə Hallar Nazirliyi təbii qazın verilişininin dayandırılmasını məqsədəuyğun hesab edib.
"Azəriqaz" İB-nin şöbə rəisi Teymur Cəfərov açıqlamasında bildirib ki, gələcəkdə həmin binaya müvafiq dövlət qurumlarının iştirakı ilə baxış keçirildikdən və Fövqəladə Hallar nazirliyinin müsbət rəyi olduqda həmin binanın yalnız ümumi istifadə mətbəx otaqlarına qazın verilməsi məsələsinə baxıla bilər.
Sakinlərin yataqxanadan köçülürməsinə Sumqayıt şəhər İcra Hakimiyyəti şifahi cavab verib. Deyilib ki, qeyd olunan yataqxanalarda öncəki illərdə müvafiq təmir işləri görülüb. Aidiyyatı qurumlar tərəfindən 2021-ci ilsdə növbəti baxış keçirilib və yataqxana binasının mövcud texniki vəziyyətinin məhdud işlək vəziyyətdə olması və gələcəkdə təmir olunması tövsiyə olunub.