“Bu oğurluq hadisəsinin arxasında hansı sehirli qüvvələr dayanıb?!”- Daxili işlər nazirinə şikayət...

31-01-2022, 08:06           
“Bu oğurluq hadisəsinin arxasında hansı sehirli qüvvələr dayanıb?!”-
Masallı rayon sakini, həkim Müslüm Məmmədov redaksiyamıza göndərdiyi məktubunda evində baş verən oğurluq hadisəsiylə bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova şikayət edib.

Müraciətdə deyilir:

Hörmətli cənab nazir!

2017-ci il iyul ayının 10-da yaşadığım Masallı rayon Yeyənkənd kəndindəki evimdən öz əmim uşaqları tərəfindən qızıma məxsus olan 35 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Hadisəylə bağlı dərhal Masallı Polis Şöbəsinə və Masallı rayon Prokurorluğuna şikayət etmişəm. Qızılları oğurlayanlar isə əmim oğlanları-Azad Bağırov, oğlu Asiman Bağırov, gəlinləri Mirbani Əhmədova, Könül Bağırova və Cavidan Həşimovdur.

Amma çox təəssüf ki, Masallı Polis Şöbəsində bu işi araşdırıb, oğurluq hadisəsinin üstünü açmaqda maraqlı deyillər. Artıq beş il olur ki, biz yollardayıq. Müraciət etmədiyimiz qurum, açmadığımız qapı qalmayıb. Amma iş Masallı Polis İdarəsinə gələndə düyünə düşür. İndiyə kimi gedib-gəlirik. Beş il istintaq olarmı?!

Hörmətli cənab nazir!

Bu bizim sizə birinci müraciətimiz deyil. Artıq özümüz də yorulmuşuq, bezib, intihar həddinə çatmışıq. Bu gün də Masallıda oğurluq hadisələri baş verir, az keçmir ki, oğurluq hadisələrinin üstü açılır. Amma nə kəramətdirsə, bizim evimizdən oğurluq edən şəxsləri aşkar edib, cəzalandırmaqda Masallı Polis Şöbəsinin rəhbərliyi heç də maraqlı deyil. Bəs görən bu oğurluq hadisəsinin arxasında hansı sehirli qüvvələr dayanıb?!

Sizdən xahişimiz odur ki, evimizdən oğurluq edən şəxslərin aşkar edilib, cəzalandırılmasıyla bağlı Masallı Polis Şöbəsinə öz ciddi tapşırıqlarınızı verəsiniz.
Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.