Təhsil naziri Emin Əmrullayev pedaqoqdur!?

31-01-2022, 08:38           
Təhsil naziri Emin Əmrullayev pedaqoqdur!?
Təhsil Nazirliyi, onun rəhbər şəxləri, o cümlədən təhsil naziri barəsində tənqidlər hətta obyektiv olmasa belə, bu tənqidin heç olmamasından və xüsusən mədhiyyələrdən çox-çox yaxşıdır. Bu öz yerində... Lakin təhsil naziri barədə ağ yalan və böhtan yazmaq, üstəlik yüzlərlə insanın bunları əsas olmadan və ya qərəzlə dəstəkləməsi ikrah doğurur. Bu ona görə ikrah doğurmur ki, kimsə cəmiyyətə nazir barədə yalan informasiya verir. Bu ona görə ikrah doğurur ki, bu əsassız məlumatları yayanlar sosial ədavət və anarxizmə mübtələ bir qrup şəxs olsa da, onlar sayları bir-neçə yüz minlə ölçülən təhsil işçilərinin siması kimi özlərini təqdim edir və ya belə görünmək istəyirlər.
Son günlər sistematik formada yayılan və bəlli qrup tərəfindən idarə edilən təhsil naziri Emin Əmrullayevin güya təhsil işçisi olmaması, onun pedaqoji sahədən kənar şəxs və bu sahədə naşı olması kimi informasiyalar tirajlanır. Təhsildə uğursuz fəaliyyətlərinin məsuliyyətini digərinin üzərinə qoyamğa adət edən digər bir qrup da bu fikirləri dəstəkləyir, sanki təhsil sistemində olan mövcud problemlərdə hazırda məktəblərdə çalışan təhsil işçilərinin heç bir payı yoxdur. Hələ diplomları saxta olanların, təhsil sistemindən korrupsiya və əxlaqsızlıq əməllərinə görə qovulanların, özlərini sosial şəbəkə daxilində ekspert elan edənlərin sıra ilə dəstəkləyici mövqe ortaya qoymalarını demirəm.
Nazir siyasi vəzifədir və onu təyin etmək ölkə başçısının istisna səlahiyyətində olan məsələdir. Heç bir sənəddə nazirin təyinatı zamanı onun hansısa sahədə ixtisas bilgilərinin olması barədə bir qeyd yoxdur və təyinatla bağlı prezidentin iradəsini təftiş etmək birmənalı olaraq belələrinin həddi deyil. Qayıdaq nazir Emin Əmrullayevin peşəkar pedaqoji və siyasi karyerasına…
Emin Əmrullayev 3 il özəl orta məktəbdə şöbə müdiri və sonralar direktor müavini vəzifələrində çalışıb. O, 5 il özəl universitetdə müəllim, daha sonralar isə 2 il dövlət universitetində müəllim və eyni zamanda icraçı direktor vəzifəsində çalışıb. Təhsil Nazirliyində də 7 il baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri və nazir təyinatına qədər isə Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb. O çalışdığı özəl orta məktəbdə təhsilin keyfiyyətinə nəzarət üzrə, çalışdığı özəl ali məktəblərdə isə “təhsilin idarə edilməsi” magistr ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olmaqla eyni zamanda orada təhsili idarə edən rəhbər vəzifələrdə çalışıb. Bu o deməkdir ki, təhsil naziri Emin Əmrullayev ömrünün yarısını ölkədə və xaricdə təhsil almaqla, digər yarısını isə orta və ali məktəblərdə təhsil verməklə və ya pedaqoji işçi və dövlət qulluqçusu kimi təhsili idarə etməklə keçirdib. Göründüyü kimi Emin Əmrullayev sırf pedaqoji işçidir, yəni bütün həyatını təhsil almağa, təhsil verməyə və təhsili idarə etməyə sərf edən bir mütəxəsis, bir məmur, sadə bir insan və nəhayət təhsil sistemin içindən çıxan əlçatan bir nazirdir.
Emin Əmrullayev nazir vəzifəsinə təyin olunan qədər icma əsaslı məktəbəqədər təhsil, peşə təmayüllü siniflər, təhsil menecerlərinin peşəkar inkişafı, məktəblərdə keyfiyyətli metodik xidmət, layihə əsaslı təhsil və STEAM mərkəzləri və regionlarda birbaşa nazirliyə tabe liseylər kimi uğurlu layihələrin təşəbbükarı və yaradıcısı olmuşdur. Məhz onun təhsil sistemində çalışdığı dövrdə fənn olimpiadaları və təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi yeni məzmun və formaya, ölkə təhsilində müəllim və şagirdlər arasında bir hərakat halına gəldi. Təhsil sistemindəki cidid problemlər var və bunu təhsil naziri hamıdan gözəl bilir. Bu problemlərin ortaya qoyulması, onların həlli mexanizmlərinin göstərilməsi, aparılan islahatlardakı qüsurlar barədə tənqidlər yazmaq şübhəsiz lazımlı və xeyirli bir işdir. Lakin təhsil sistemində hazırkı nazir şagird olan dövrdən yığılmış problemləri belə onun üzərinə yükləyib nifrət nitqi sərgiləmək sosial və siyasi ədavətdən başqa bir şey deyil.
Rabil Abdinov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.