Benzinə aksiz və rüsum ləğv edilsə də qiymət niyə aşağı salınmır?...
1-02-2022, 10:35

Əli Əlirzayev: “Bu cür qiymət siyasəti əhalinin maraqlarına uyğun deyil”
Məlum olduğu kimi, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Belə ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycana gətirilən aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib. Qərar 2022-ci il 1 fevral tarixindən tətbiq ediləcək və 2022-ci il 1 iyun tarixinədək qüvvədə olacaq. Eyni zamanda, Azərbaycana idxal edilən 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv olunub. Eyni zamanda 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün 15 faiz idxal gömrük rüsumu da ləğv olunub. Qərar 2022-ci il 1 fevral tarixindən tətbiq ediləcək və 2022-ci il 1 iyun tarixinədək qüvvədə olacaq.
Adətən xarici dövlətlərdə bu cür qərarlar o dəqiqə yanacağın qiymətinə təsir göstərir. Buna müvafiq olaraq qiymətlər aşağı düşür. Ancaq qəribədir ki, bizdə bu baş vermir. Dəfələrlə olub ki, dünya bazarında neftin qiyməti kəskin dərəcədə aşağı düşüb, amma Azərbaycanda yanacağın qiyməti dəyişməyib. Qeyd edildiyi kimi, benzinin həm idxal rüsumu ləğv edildi, həm də buna görə tətbiq edilən aksizlərin qiyməti nəzərə çarpacaq dərəcədə aşağı salındı. O zaman yanacağın qiyməti niyə enmir?
“Nefti xaricə ixrac etmək daha çox gəlir gətirir, nəinki onu daxili bazarda satmaq”
Sözügedəmn məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı alim, professor Əli Əlirzayevin sözlərinə görə, Azərbaycanda yanacağın qiyməti daxili tələb və təklif əsasında tənzimlənmir: “Təəssüf ki, bizdə bu belədir. Dünya bazarında neftin qiyməti kəskin formada aşağı düşür, amma Azərbaycanda qiymətlər dəyişmir. Baxmayaraq ki, Azərbaycan daxili imkanlar hesabına benzinə olan tələbatını təmin edir. Ancaq dünya bazarda qiymət artan kimi, daxili bazarda da qiymətləri qaldırırlar. Bu cür qiymət siyasəti əhalinin maraqlarına uyğun deyil. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycanın əsas ixrac məhsulu neftdir. Nefti xaricə ixrac etmək daha çox gəlir gətirir, nəinki onu daxili bazarda satmaq. Bizdə ehtiyat edirlər ki, ölkə daxilində qiymət aşağı salınsa istehlak daha da artacaq. Azərbaycanda benzin ucuzdur deyə, region ölkələrindən gəlib burdan aparacaqlar. Yəni, başqa ölkələrdən ucuz yanacağa görə axının olacağından ehtiyat edirlər. Bunu əsas götürüb qiymətləri aşağı salmırlar. Azərbaycanın ixracında neftin çəkisi bu qədər böyük olmasaydı, bəlkədə buna gedəcəkdilər. Problem ondadır ki, ixracdan əldə olunan gəlirlərin 90 faizi neft və neft məhsullarıdır. O üzdən belə anormal vəziyyət yaranıb”.
Professor onu da qeyd etdi ki, bütün bunlara rəğmən müəyyən qədər yanacağın qiymətini aşağı salmaq mümkündür.
Vidadi ORDAHALLI