Qarabağa aid filmlərimizin uğursuzluğu...

3-02-2022, 08:16           
Qarabağa aid filmlərimizin uğursuzluğu...
Ermənilərin qısa bir zamanda Qarabağa aid filmlər çəkərək dünya mədəni platformasına təqdim etməsinin ölkəmizdə yeni müzakirəsi başlayıb. Bu haqda sosial şəbəkələrdə də yazırlar.
Mən, “ermənilər film çəkdi, biz qaldıq” düşüncəsindən uzağam. Məsələyə bir az qlobal konteksdən yanaşmaq lazımdır. Onsuz da gecikmişik, gecikənlər isə tələsməməlidirlər. Mən demirəm ki, 20 30 il sonra Qarabağa aid filmlər çəkək. Amma ...
İkinci Dünya Müharibəsindən bəhs edən ən təsirli filmlər 20, 30 il sonra ərsəyə çıxdı. “Əsgər atası” filmi gürcülər tərəfindən 1964-cü ildə çəkilib. “Bizim Cəbiş müəllim” filmi 1969-cu ildə, “Tütək səsi” 1976-ci ildə ekranlaşdırılıb.
Məsələn, İkinci Dünya Müharibəsi zamanı yəhudilərin faşistlər tərəfindən məhv edilməsini özündə əks etdirən ən təsirli film 2002-ci ildə (“Pianoçu”) çəkildi. Bu film çəkilənə qədər dünya xalqlarının müharibə zamanı yəhudilərin kütləvi halda məhv edilməsinə dair təsəvvürü belə yox idi. Yəhudilər heç kəsi buna inandıra da bilmirdilər. Amma bir film öz işini gördü.
Deməyim odur ki, bu sahədə hələ nə Ermənistan, nə də Azərbaycan ciddi iş görməyib. Kim Qarabağa aid fövqəladə film çəkməyi bacaracaqsa, növbəti qələbəni də o əldə etmiş olacaq.
Ermənilər uzun illərdir Qarabağa aid filmlər çəkirlər. Məsələn, “Əgər hamı” adlı filmi 2013-cü ildə ABŞ-da Oskara təqdim etmişdilər. Filmlər ideoloji təbliğat vasitəsi olsa da, nəticəni dəyişmək iqtidarına malik deyil. Ermənilərin çəkdikləri filmlər müxtəlif xalqların onlar haqqındakı fikirlərində inqilabi dəyişiklər yarada bildi, amma bütün bunlar Ermənistan xilas edə bilmədi, torpaqlarımız işğaldan azad edildi.
Əslində ermənilər bu filmləri ona görə çəkirdilər ki Qarabağı əllərində saxlamaq üçün dünya dövlətlərindən dəstək görsünlər. İndi də ona görə çəkirlər ki, bizi işğalçı kimi qələmə verib gələcəkdə Qarabağı Azərbaycandan almaq üçün potensial formalaşdırsınlar.
Erməni filmlərinin ən çox çəkildiyi ABŞ idi, amma rəsmi Vaşinqton Qarabağa müharibəsi zamanı özünü başqa cür apardı, ermənilər istədiklərinə də nail ola bilmədilər.
Qarabağa aid Azərbaycan filmlərinin uğursuzluğunun əsas səbəbi odur ki, biz məişət hadisələrini qloballaşdırmağı bacarmırıq, əksinə Qarabağa aid qlobal elementləri də məişət çərçivəsinə salırıq. Məişət üslubundan çıxmağı bacarmalıyıq.
Eyni zamanda belə düşünürük ki, Qarabağa aid filmlərin böyük hissəsi mütləq şəkildə döyüş səhnələri ilə doldurulmalıdır. Xeyr! Bu filmlərin ideoloji yükü böyük olmalıdır. Bəzi fərari aktyorların əlinə avtomat verib aritstlik nümayiş etdirilən səhnələrə yox, ideoloji-psixoloji məqamlara üstünlük verilməlidir. Qarabağda işgəncə görən bir qadının ağrı-acısını bir fransız, ingilis, hətta erməni qadın da hiss etməlidir.
Təsəvvür eləyin ki, Azərbaycan əsgəri səngərdə snayperlə erməni əsgəri nişan alır. Erməni əsgər isə ağzında siqaret çəkir. Elə bu zaman Azərbaycan əsgəri silahı yerə qoyub deyir ki, “o, onsuz da öz-özünü öldürür”. İndi sual olunur: siqaret əleyhinə çəkilən hansı təbliğat vasitəsi bunun qədər güclü ola bilib!?
Qarabağa aid filmlərin çəkilişi ilə bağlı məsələnin maddi tərəfləri əsasdır. Amma bütün hallarda mən belə düşünürəm ki, indiki situasiyada Qarabağa aid çəkilən istənilən film uğursuz olacaq. Çox ciddi kinorejissorlarımız, istedadlı aktyorlarımız da var. Amma söhbət ciddi filmin çəkilişdən gedirsə, hələ tezdir. Biz hələ buna hazır deyilik. Ancaq hazırlıqlar başlamalıdır, ortaya konkret hansısa qurumun yox, dövlətin iradəsi qoyulmalıdır. Beləbir film hazırlamaq hansısa qurumun başı üçün deyil. Dövlət, diaspora, iş adamları hamı birləşməlidir. Məmurlar bu prosesdən uzaq tutulmalıdır, istedadlı insanlara dövlət qayğı göstərməyi bacarmalıdır. Tarixi, mental dəyərləri baltalayan televiziya seriallarına sərf edilən enerji toplanıb bu prosesə sərf edilməlidir.
Məncə, səbəbləri açıq şəkildə izah eləməyə ehtiyac da yoxdur.
Biz hələ Birinci Qarabağ Müharibəsinə aid ciddi film ortaya qoya bilməmişik. Bircə “Fəryad” filmi var, o da müharibənin ümumi psixoloji portretinin lentə alınması və erməni xislətinin nümayişi baxımından vacibdir.
Samir Feyruzov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.