Məmurların dövləti talamasının qarşısını almaq üçün nə etməli... - təkliflər

3-02-2022, 10:23           
Məmurların dövləti talamasının qarşısını almaq üçün nə etməli... - təkliflər
İqtisadçı maliyyə amnistiyasının, hüquqşünaslar isə gəlir-xərc deklarasiyası, əmlak reyestrinin açıqlığının zəruriliyini qeyd edirlər
Azərbaycanda əksər məmurların dövlət vəsaitini talamağı “hünər” saydıqları sirr deyil. Vəziyyət o həddə çatıb ki, belə demək mümkünsə, dövlətdən yaxşı oğurlamağı bacarmayan, yaxud oğurlamayan məmura yadplanetli kimi baxırlar. Bunun nəticəsidir ki, vəzifədən alınan orta və yüksək ranqlı məmurların hamısının ya ölkənin özündə, ya da xaricdə külli miqdarda əmlakı, biznesi aşkarlanır.

Sanki dövlət malını talamaq imkanı olan bütün məmurların övladları, arvad, yaxud ərləri, hətta qardaş və bacıoğulları anadan “biznes təfəkkürü” ilə doğulurlar. Çünki guya onların hər biri 18-19 yaşında xaricdə milyonlarla dollarlıq biznes qurmağı bacarırlar...

Əslində isə həmin pullar dövlət büdcəsindən oğurlanmış vəsaitlərin qohum-qardaş vasitəsilə dövriyyəyə buraxılmasıdır.

Uzun illərdir Azərbaycanda məmur talançılığına son qoyulması üçün ən müxtəlif tədbirlər görülür. Son illərdə vəzifəli şəxslərin korrupsiya əməli vaxtı saxlanmasını əks etdirən onlarla fakt açıqlanıb, çoxlu sayda məmur elə kreslodanca həbsə aparılıb. Lakin dövlət vəsaitlərinin talan olunmasının dayandığını söyləmək mümkün deyil.

Baş Prokurorluğun hesabatına əsasən 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayətləri üzrə 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Hesabat dövründə cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə baş idarə tərəfindən istintaqı başa çatdırılmış cinayət işləri üzrə 39 milyon 285 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 2 milyon 195 min manat ödənilməklə 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub: “Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edib, keçirilən əməliyyat tədbirləri nəticəsində 73 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 118 cinayət işi başlanıb”.

Ötən il ərzində hərbi prokurorluq orqanları tərəfindən 1846 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 530-u korrupsiya cinayətləri ilə bağlı olub. Qeyd edilən dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 110 şəxs barəsində 85 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.

Prokurorluq bəyan edir ki, 2021-ci ildə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsilə korrupsiya hüquqpozmaları barədə baş idarəyə daxil olmuş müraciətlərin 67-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Azərbaycan məmurlarının dövlətdən oğurladıqları pulları xaricə daşımalarına dair ən son məlumat “Azərxalça” ASC-nin sabiq rəhbəri Vidadi Muradovun yazışmalarında əksini tapıb. Həmin yazışmalardan məlum olur ki, elə də böyük dövriyyəsi olmayan qurumun rəhbəri olaraq V.Muradov xaricə milyonlarla dollar həcmində pul çıxarmağı bacarıb. Bu, ümumilikdə Azərbaycanda məmurların dövlət vəsaitlərini nə qədər böyük həcmdə taladıqlarını təsəvvür etməyə yetər. Təsadüfi deyil ki, “Transparency İnternational” Beynəlxalq Şəffaflıq Təşkilatının 2021-ci ilə dair korrupsiya reytinqində ölkəmiz 30 balla 180 ölkə arasında 128-ci yerdə qalmağa davam edib.

Bəs bu talanı necə durdurmaq olar? Məmurların oğurluq etməsinin, ən azı talanan pulların xaricə daşınmasının qarşısını necə almaq olar? İqtisadçı-ekspert, Real Partiyası Aparatının rəhbəri Natiq Cəfərli hesab edir ki, məmur oğurluqlarının dayanması, talanan pulların mühüm bir hissəsinin geri qaytarılmasının əsas yolu maliyyə amnistiyasından keçir: “Hələ 2013-cü ildə ilk proqramımızı elan edərkən Maliyyə Amnistiyası haqqında müddəalar yer almışdı, məğzi də bu idi ki, ölkədə hər şeyi ”ağ səhifədən" başlamaq üçün Maliyyə Amnistiyası elan edilməlidir. Bir il sürə tanınır, hər kəs öz mal varlığını (ölkədə və xaricdə) elan edir, kimin mal varlığı, daşınan-daşınmaz əmlakı, vəsaiti 1 milyon dollardan azdırsa, onların vəsaiti avtomatik olaraq tam ağardılır, onlar heç bir vergi ödəmir. Kimin vəsaiti 1 milyonla 10 milyon dollar arasındadırsa, onlar öz vəsaitinin 20 faizini, 10-50 milyon dollar arasındadırsa 25 faizini, 50-500 milyon dollar arasındadırsa, 30 faizini, 500 milyon dollardan çoxdursa 50 faizini vergi şəklində xüsusi yaradılacaq Tərəqqi Fonduna ödəyir. Varidatını rəsmi bəyan edib ona düşən “bağışlanma vergisini” ödəyən şəxslərin əlində qalan vəsait rəsmiləşdirilir, həmin vətəndaşlar sonra vəsaitlərindən sərbəst istifadə etmək üçün imkanlar yaranır, yeganə şərt ölkədə olan vəsaitin xaricə çıxarılması qadağası olur, həmin şəxslər ölkə daxilində istənilən sahədə hüquqi təminatla yatırımlar edə bilir. Yaradılacaq Tərəqqi Fondundan hökumətin büdcəni doldurmaq üçün vəsait köçürməsi qadağan edilir - fond ancaq və ancaq vətəndaşların sosial təminatı və kiçik-orta sahibkarlara çox aşağı faizlə kredit verilməsi üçün istifadə olunur. O da bir şərtlə ki, həmin kredit ancaq və ancaq istehsal və xidmət sahələrinin yaradılmasına istifadə edilməlidir, yəni kredit götür, onu dollara çevir, saxla - bu mümkün olmayacaq. Bundan başqa, Maliyyə Amnistiyasına düşən şəxslər 5 il seçilmiş vəzifələrə namizədliklərini vermək hüququndan məhrum edilir".

Ekspertin fikrincə, əgər belə mexanizmlər yaradılmasa, xalqdan oğurlananlar xalqa qayıtmayacaq: “Oğurlanan bütün vəsaitlər elin ingilisinə qismət olacaq, məmurlar da papaqlarını qabaqlarına qoyub düşünsünlər, ya hər şeyi ingilisə verməli olacaqlar, ya da xalqla bölüşüb sonra rahat yaşamağı seçəcəklər. Maliyyə Amnistiyasının ən vacib elementi isə koalisyon hökumətdir, yəni bu addımın zamini xalqın güvəndiyi koalisiya hökuməti ola bilər, bunun yolu isə yeni konstitusiyanın qəbuludur”...

Hüquqşünas, Şəffaflıq Azərbaycan Təşkilatının rəhbəri Əliməmməd Nuriyev hesab edir ki, Azərbaycanın bu sahədə irəli getməsi üçün dövlət qulluqçuları üçün maraqlar toqquşması ilə bağlı qanun hazırlanmalıdır: “Belə qanun olmadığına görə ayrı-ayrı məmurlar vəzifə mövqelərindən özlərinin və ailə üzvlərinin biznes fəaliyyətinin genişlənməsi üçün istifadə edirlər. Daha mühüm bir məsələ gəlirlər və xərclər haqqında deklarasiyaların verilməsinin təmin olunmasıdır. Azərbaycanda 2006-cı ildə qəbul olunmuş qanun icra olunmasa belə, artıq köhnəlib. Onun yenidən işlənməsinə, yalnız gəlirlər deyil, xərclər barədə hesabatların verilməsinin ora daxil edilməsinə ciddi ehtiyac var. Çünki bir çox hallarda biz görürük ki, aylıq vəzifə maaşı 2 min manat olan bir məmur on min manatlarla dəyəri olan geyim, yaxud aksessuardan istifadə edir. Yaxud vəzifəli şəxslərin övladları xaricdə böyük biznes şəbəkələri yaradırlar, çox bahalı əmlaka sahiblənirlər. Buna görə də dövlət məmurları yalnız gəlirləri deyil, xərcləri barədə də hesabatlılığa cəlb olunmalıdır. Məmurlara xaricdə əmlak almaq qadağan olunmalıdır. Daha bir mühüm məsələ dövlət satınalmalarında şəffaflığın, bərabərliyin qorunmasıdır. Bu, ölkədə ən ağrılı və problemli sahədir. Bundan başqa, düşünürük ki, benefisiar sahibliyin açıqlanması ilə bağlı məsələ həllini tapmalıdır. Çünki bir çox hallarda araşdırdıqda dövlət sifarişləri hesabına böyük gəlirlər əldə edən şirkətlərin real sahibləri elə yüksək vəzifəli dövlət məmurları çıxırlar: şirkətin sahibi kağız üzərində başqa adam qeyd olunur, amma faktiki sahibi tamam fərqli adamlardır. Bu vəziyyətin aradan qaldırılması üçün benefisiar sahibliyin açıqlanması tələbi qanunvericiliyə daxil edilməlidir”.

Hüquqşünas Əkrəm Həsənovun fikrincə, ölkədəki korrupsiyanın, məmur özbaşınalığının, insan haqlarının tapdalanmasının əsas səbəblərindən biri də daşınmaz əmlakın dövlət reyestrinin qapalı olmasıdır: “”Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 5-ci maddəsi “Dövlət reyestrinin açıqlığı” adlansa da, həmin maddənin məzmunundan belə çıxır ki, məlumat yalnız hüquq sahibinin özünə verilir. Əksər ölkələrdə bu reyestr hamıya açıqdır. Bütün məlumatlar müvafiq portalda yerləşdirilir, daxil ol və əldə et. Bu, şəffaflığın əsas göstəricilərindən biridir. Ölkəsinə sahib olan xalq ilk növbədə onun ərazisinin - torpaq sahələrinin, binaların kimə məxsus olduğunu görə bilməlidir. Bunun bir sıra konkret müsbət tərəfləri var. Əsas məsələ budur ki, açıq dövlət reyestri korrupsiyanın qarşısını alır. Məmurlar əmlakı yaxınlarının adına əldə etsə belə, bunu araşdırmaq mümkün olur. İkincisi, açıq dövlət reyestri məmur özbaşınalığının qarşısını alır. Daşınmaz əmlakın özəlləşdirilməsi, müvafiq razılıqların verilməsi və s. şəffaflaşır. Məsələn, hansısa razılığı bir vətəndaşa verib, digərinə verməmək (rüşvət istəmək) mümkünsüz olur. Üçüncüsü, açıq dövlət reyestri insan haqlarının həyata keçirilməsini asanlaşdırır. Məsələn, qonşu mənzilinizi suya basıb. Kimi məhkəməyə verəcəksiz? Bunu müəyyən etməyə xeyli vaxt gedir. Reyestr açıq olduğu halda isə portal vasitəsilə dərhal əldə edə bilərsiz. Digər misal: binanızın yanında tikinti normalarına zidd nəsə tikilməyə başlayıb. Tikən kimdir? İcazəsi varmı? İndi bunu bilmək mümkün deyil. Açıq reyestrdən isə dərhal öyrənə biləcəksiz. Bu cür misallar çoxdur. Bir sözlə, şəffaf, effektiv iqtisadiyyat qurmaq istəyiriksə, ilk növbədə daşınmaz əmlakın reyestrini açıq etməliyik. İnsan hüquqları sırasında ən vacibi mülkiyyət hüququdur. Mülkiyyət hüququnun obyektləri sırasında isə ən vacibi daşınmaz əmlakdır, çünki torpaq, miqdarı məhdud olan nemətdir. Buna görə də onun üzərində ictimai nəzarət yoxdursa, digər şeylər haqda danışmaq belə əbəsdir".

Dünya SAKİT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.