Kapitulyant ölkə yenə işğalla hədələməyə başlayıb: nonsens, yoxsa? - Bakının cavabı ağır olacaq...

4-02-2022, 09:43           
Kapitulyant ölkə yenə işğalla hədələməyə başlayıb: nonsens, yoxsa? - Bakının cavabı ağır olacaq...
Belə görünür, bircə şamanlar qalıb ki, erməni rəsmiləri onlara Azərbaycan əleyhinə şikayətlənməsinlər, hamını bezdirmiş “status” söhbətini ortaya atmasınlar. Düşmən ölkənin yetkililərinə yəqin elə gəlir ki, uğurlu diplomatiya elə budur. Yəni zənn edirlər ki, Gebbelssayağı yalanı nə qədər çox ifraz eləsən, bir o qədər ona inananlar çox olar. Erməni xalqına 30 il danışılan Qarabağ yalanlarının acı sonluğu ortada ola-ola.

Əfsus ki, nə Ermənistanın keçmiş rəhbərləri, nə də 10 noyabr kapitulyasiya aktına imza atan indiki baş nazir Nikol Paşinyan və komandası bundan dərs götürənə oxşamır. Yoxsa Ermənistan XİN başçısı Ararat Mirzəyan xaricdən Ermənistana kim gəlir-gəlsin, yaxud hansı ölkəyə gedir-getsin, heç kimə gərək olmayan, çeynənmiş tezisləri tutuquşu kimi təkrarlamazdı. Keçək faktlara.

*****

Ararat Mirzəyan srağagün Avstriya XİN başçısı Aleksandr Şallenberqlə İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Qarabağ konfliktinin həllinə bağlıdır.

“ATƏT-in Minsk Qrupu Qarabağ probleminin nizamlanması üçün yaradılan formatdır. Həll hələ tapılmayıb və biz bu formatda danışıqları davam etdirməliyik. Həll yollarından biri ümumi sülh sazişinin parametrlərinin müəyyən edilməsi, işlənməsi və imzalanmasıdır”, - Mirzəyan deyib və ardınca həmsədrlərin “xalqların öz müqəddəratını təyinetmə hüququ” barədə mövqeyini xatırladıb (Hərçənd, Azərbaycanda “Dağlıq Qarabağ xalqı” adlı xalqın yaşamadığını, uzağı, iki icmadan söhbət getdiyini hamı bilir. Erməni xalqı isə öz müqəddəratını çoxdan müəyyən edib).

“Digər prinsip - güc tətbiq etməməkdir ki, 2020-ci ildə bu prinsip pozuldu. İndi dünya ictimaiyyəti qərar verməlidir, konfliktlərin həllində güc tətbiqindən istifadə edilməməsi qalmalıdır, ya yox? Əgər hansısa ölkə bu prinsipin pozulmasını özünə rəva görürsə, onda digər ölkələrə də yol açılır”.

Mirzəyan Avstriya XİN rəhbərinə “Azərbaycanın xarici şirkətlərin Qarabağa gəlməsinə əngəl olmasın”dan da gileylənib. Halbuki öz ərazimizə hansı xarici şirkəti buraxmaq bizim öz suveren, daxili işimizdir və bunun Ermənistana, Mirzəyana, Paşinyana heç bir dəxli yoxdur. Yəni yenə ərazi iddiası məsələsi.

*****

Göründüyü kimi, Ermənistan ordusu darmadağın olsa da, İrəvan hələ də rəsmi səviyyədə (!) ölkəmizə qarşı ərazi iddiası irəli sürməyə davam edir. Eyni zamanda bizimlə sülhdən dəm vurur. Heyrətamizdir, məğlub Ermənistan bizə şərt qoyur - Qarabağ şərti. Üstəgəl, nə vaxtsa Azərbaycan kimi guya Ermənistanın da “güc tətbiqi hüququ”nun yaranacağına işarə vurur, bizə “xox” gəlir! İşğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı hərbi gücdən istifadə məsələsində eyniləşdirir.

Sual ortaya çıxır: Azərbaycan beynəlxalq hüquqa, BMT Nizamnaməsinə əsaslanaraq, güc yolu ilə özünün ərazi bütünlüyünü bərpa edib. Bəs tutaq, Ermənistan hansı hüquqa əsaslanıb Azərbaycana qarşı gələcəkdə güc tətbiqini xəyal edir, Bakını güc tətbiqində qınayır? Bu, açıq-aşkar yeni işğalla hədələmək deyilmi? Hər halda, Mirzəyanın xəstə məntiqindən belə qənaət hasil olur.

“Digər prinsip - güc tətbiq etməməkdir ki, 2020-ci ildə bu prinsip pozuldu”, - deyir Ermənistan XİN başçısı. Təbii ki, 2-ci Qarabağ müharibəsindəki tarixi qələbəmizi nəzərdə tutur. Qəribədir. Hansı prinsipdən söhbət gedir? Bakı nə vaxt, kimə zəmanət vermişdi ki, heç vaxt işğalçı ölkəyə qarşı güc tətbiq eləməyəcək? Gör nəyə arxayın imişlər...

Bu, artıq həyasızlığın son həddidir. Ancaq adındır ki, erməni rəsmiləri 100 il də tarixin zibilliyində eşələnsələr, Azərbaycan sülh müqaviləsinin imzalanmasının Qarabağla əlaqələndirilməsini yaxına buraxmayacaq. Bunu mirzəyanlar qulaqlarında sırğa eləməlidir.

Ararat Mirzəyanın isə məhz Nikol Paşinyanın sözünü dediyi şübhəsizdir. Çünki adı belə (“Ararat”) Türkiyəyə ərazi iddiasını simvolizə edən Mirzəyan öz sələfi Ara Ayvazyandan fərqli olaraq təpədən-dırnağa Nikolun adamıdır. Faktiki onun “sağ əlidir”. Odur ki, daha bir sual yaranır: bunların indiki mövqeyi Sərkisyan-Köçəryan bandasının Qarabağla bağlı məlum radikal mövqeyindən, görəsən, nə ilə fərqlənir?

*****

Yada salaq ki, az öncə Ermənistan XİN-i sərhədlərlə bağlı da Azərbaycana yazılı şərt irəli sürmüşdü. Qoşunların “simmetrik şəkildə” geri çəkilməsi təklifini deyirik. Halbuki bizim sərhədçilər qanuni ərazimizdə dayanıblar. Məgər Gürcüstan və ya Rusiya ilə sərhədlərin delimitasiyası zamanı qoşunlar sərhəddən simmetrik geri çəkilmişdi? Xeyr, olmayıb belə şey. Demək, bu da sülh müqaviləsindən yayınmaq üçün növbəti erməni hoqqası və hiyləsidir.

Lakin bunlar əbəs cəhdlərdir. Ən azı ona görə ki, region ölkələrinin heç biri Ermənistanın absurd mövqeyini bölüşmür. Hətta İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, bölgədə sərhədlərin toxunulmaz qalması, ölkələrin ərazi bütövlüyü Tehran üçün “qırmızı xət”dir.

Hər şey qırağa, bəs beynəlxalq hüquq necə olsun? Yaxşı ki, yavaş-yavaş ermənilərin yeganə ümid yeri olan Minsk Qrupu həmsədrləri də bununla hesablaşmağa başlayıblar. Hər halda, neçə vaxtdır onlar İrəvan rəsmilərinin status ağlaşmasını əvvəlki kimi ciddiyə almırlar. Nədən ki, onlar da yeni status-kvonun fərqindədirlər və reallaşması heç vaxt mümkün olmayan “müstəqillik”, “status” barədə danışıb özlərini urvatsız eləmək istəmirlər.

Nəhayət, sərsəmcəsinə güc amilinə istinad edib xəyallar quran erməni tərəfi ratifikasiya mərhələsində olan Şuşa Bəyannaməsini unutmasın. Orada açıq mətnlə yazılıb ki, Azərbaycanın ərazi bütövlüyünə qəsd Türkiyəyə qəsd demək olacaq və əksinə. Hərçənd, taleyi tükdən asılı olan “Ermənistan” adlı simvolik dövlətin cavabımı vermək üçün Azərbaycanın öz potensialı yetər. Artıqlaması ilə...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.