İnsanların toy və yas yarışması: Hamı narazıdır, amma... - NƏ ETMƏLİ?

18-04-2023, 17:10           
İnsanların toy və yas yarışması:
2023-cü ilin mart ayında Bakıda şadlıq saraylarında sifarişlərin sayı 67.4 faiz azalıb.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Məlumata görə, bunun əsas səbəbi mart ayının 22-dən etibarən Ramazan ayının başlaması və bayram günlərinin sayının çox olması ilə bağlıdır.

Bununla yanaşı şadlıq saraylarında mart ayında qiymətlər 8.4 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət artımı daha çox olub - 11.4 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 7.6 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 6.3 faiz artım qeydə alınıb.

Bildirək ki, ölkədə təşkil olunan mərasimlərdə, xüsusilə də toy mərasimləri zamanı şadlıq evlərinin baha olması, təqdim olunan yeməklərlə bağlı israfçılığa yol verilməsi kimi məsələlər tənqid hədəfinə çevrilsə də, bu istiqamətdə problemlər öz həllini tapmır.

Xatırladaq ki, bir müddət öncə "Mərasimlər haqqında" qanun layihəsinin parlamentin müzakirəsinə çıxarması gözlənilirdi.

Bu gün şadlıq evlərində daha da bahalaşmanın özünü göstərməsi şadlıq evləri sahiblərinin qiymət diktəsi, yoxsa toy sahiblərinin borc müqabilində olsa belə, israfçılığa yol verməsi ilə bağlıdır? Hazırda mövcud “bahalaşma və israfçılıq” problemlərinin həlli üçün hansısa məhdudiyyətin tətbiqinə ehtiyac varmı?

TEREF.AZ-ın məlumatına görə, millət vəkili Ceyhun Məmmədov Cebhe.info-ya bildirdi ki, hazırda "Mərasimlər haqqında" qanun layihəsi ilə bağlı heç bir iş getmir və belə bir qanun yoxdur:

“Müzakirələr oldu, ancaq onunla bağlı hansısa qanun hazırlanmayıb və hazırda da elə bir plan yoxdur. Sadəcə, zaman-zaman müzakirələr olub. Ümumiyyətlə, həm toylar, həm də yaslarla bağlı bu problem var. İsrafçılıq həddindən artıq yüksəkdir. Bu ümumilikdə ərzaq təhlükəsizliyinə, qiymət artımına da çox ciddi formada təsir göstərir. Hamımız toylara, yaslara gedirik və israfçılıq özünü aydın şəkildə göstərir. Yəni bir insanın yeyə biləcəyindən dəfələrlə artıq formada yeməklər toylarda, bəzən yaslarda təqdim olunur.

İnsanlar özləri də bunu anlamalı, əməl etməli, israfçılıqdan uzaq olmalıdır. Bu gün dünyada ərzaq tükənməsi kimi vəziyyət özünü göstərir. Ət məhsulları, su ilə bağlı bu məsələlər var. Tələbatın yüksək olması, şadlıq evlərində bu formada yanaşma prosesə ümumi təsir göstərir. Ona görə də düşünürəm ki, insanlarımız bunu anlamalıdır. Digər tərəfdən də bu məsələlər üçün də müəyyən qaydaların, normativlərin, təlimatların da olması yaxşı olardı. Çox zaman insanlar deyir ki, bu ictimai münasibətlərdir, buna müdaxilə edə bilmərik. Ancaq biz buna müdaxilə edə bilmədikcə insanların çoxu da narazı olur.

Məsələn, toya gedirsən, musiqinin səsindən oturmaq olmur. Eləcə də israfçılıqla da bağlı problem özünü göstərir. Bütün bunlar üçün müəyyən tənzimləmələrin, qaydaların işlənilməsi məqsədəuyğundur. Çünki biz bunu insanlara buraxdıqca heç vaxt tənzimlənməyəcək. Getdikcə israfçılıq daha da artacaq. İnsanlar dəbdəbəli toylarda, yaslarda daha da yarışacaq. Bunun fəsadını hər birimiz yaşayırıq.

Məsələn, son vaxtlar ətin qiyməti 20 manata yaxınlaşır. Bunun səbəblərindən biri də istehlakın həddindən artıq olmasıdır, israfçılığın olmasıdır. Həm də insanlar bunu anlamalıdır ki, qidanın da azalacağı, tükənəcəyi vaxt olacaq. Ona görə də çalışmalıdırlar ki, israfçılıqdan uzaq olsunlar. Eyni zamanda müəyyən tənzimləmələr həyata keçirilməlidir ki, belə özbaşınalığın, israfçılığın qarşısını ala bilək”.

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirdi ki, mart ayında toyların azalması Ramazan ayının başlaması ilə bağlı normal sayıla bilər:

“Ancaq ümumilikdə toyların sayının azalmasının iki səbəbi var. Birincisi, ərzaq məhsulları, kommunal xərclərdə bahalaşma baş verib. İnsanların bir çoxunda iqtisadi vəziyyətlə bağlı kasıblaşma prosesi müşahidə olunur. Belə bir halda toylara çəkilən xərclər üçün insanların özünün imkanları azalıb. Digər tərəfdən uzun illərdir ki, aparılan maarifləndirmə, izahat işləri, deyilənlər insanlarda toylar barədə müəyyən qədər aydın təsəvvür yaratmağa kömək edib. Bu o deməkdir ki, insanların toy haqqında təsəvvürləri bir qədər aydınlaşmağa başlayıb, həm də iqtisadi vəziyyət öz təsirini göstərir.

Toyların bahalaşmasının əsas səbəblərindən biri də odur ki, şadlıq saraylarının sahibləri bahalaşmaya məruz qalıblar. Əgər əvvəllər ərzağı bir qiymətə alırdılarsa, indi daha fərqli qiymətə alırlar. Bunların hamısı stolun üzərindəkinin maya dəyərini artırıb. Şadlıq sarayının sahiblərinin əksəriyyəti də iqtisadiyyatı geniş düşünən adamlar deyil. Onlar yenə də əvvəlki kimi yüksək gəlir əldə etmək istəyirlər. Bunun üçün də qiymətləri qaldırmalıdırlar.

Bu istiqamətlərin hamısının arxasında insanlarda ümumi dünyagörüşünün arzuolunan səviyyədə olmaması dayanır. Çünki bizim ümumi dünyagörüşümüz lazımi səviyyədə olsa, bu toylar sosial bəla kimi insanlara bu qədər əziyyət verməz, toylara bu qədər xərc çəkməzlər. İnsanlar toylara getmək üçün pul əldə etmək məqsədilə yaxşı, pis yollara baş vurmazlar. Toy, bir-birini aldatmaq, rüşvət almaq kimi neqativ halların artmasına da təsir edir. Ona görə də dünyagörüşü dəyişdikcə, insanların həyatında əsas maddi deyil, mənəvi dəyərlərə üstünlük verildikcə, toyun əsas fəlsəfəsinin nədən ibarət olduğu özünü daha aydın göstərə bilər.

Toy hökmən o deyil ki, ucuz şou-biznes əhli atılıb-düşsün, şadlıq saraylarına xeyli xərc çəkəsən. Getdikcə həyatın, cəmiyyətin özü bunu tənzimləməyə başlayıb. Yəni pandemiyadan əvvəl təmtəraqlar vardı, insanlar necə gəldi pul xərcləyirdi, baş verənlər həmin hadisələri korrektə etməyə başlayıb”.

Sosioloqun fikrincə, insanlarda informasiya az olduqda daha çox yamsılamağı xoşlayırlar:

“İndi xarici ölkələrə gediş-gəliş çoxalıb, eyni zamanda sosial şəbəkələrdə daha çox məlumat əldə edirlər, orada olan toylar barədə xəbərdar olurlar, yeni nəslin dünyagörüşü dəyişir. O da valideynlərə təsir edir. Valideynlərin özləri də gəncləşir, indi valideyn 10 ildən bundan öncəki valideyndən gəncdir. Qloballaşmasının bir xüsusiyyəti də var ki, dünyada davranışlarda, mərasimlərdə ortaqlaşma halı getməkdədir. Ona görə də bütün dünyada bizdəki kimi biabırçı hal yox idi və əlaqələr möhkəmləndikcə bu vəziyyət ortadan götürülməlidir, bu qaçılmaz haldır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru