Xankəndində bayraq bizim, idarəetmə bəyəm ruslarındır? - Bu nədir belə? FOTO

16-10-2023, 12:39           
Xankəndində bayraq bizim, idarəetmə bəyəm ruslarındır? -
Xankədidə bayraq asmışıq: RUSLAR İSƏ BAŞQA HAVA OXUYUR... - Xəritədə Xankəndiyə nəzarət edirlər...
Tarix: Bu gün, 09:42 | Çap et
Xankədidə bayraq asmışıq: RUSLAR İSƏ BAŞQA HAVA OXUYUR...
“Prezident İlham Əliyevin Xankəndidə bayraq ucaltması Rusiyada gündəm olub. Moskvada TASS informasiya agentliyinin binasında “Əliyev Xankəndində Azərbaycan bayrağını ucaltdı”,- deyə qeyd edilib”.

Dünən gecə saatlarından bu xəbəri və ona aid video-görüntünü bir sıra Azərbaycan nəşrləri sevinc və hay-küylə, erməni saytları isə əsəb və yanğı ilə yayımlamağa başlayıb.

Bəs Moskva doğrudanmı Xankəndində Azərbaycan bayrağının ucaldılmasına sevinir... Xeyr. Əsla. Gəlin, eyforiyaya qapılmayaq, sadəlöhv olmayaq...

Bu, həmin Moskva, Rusiya deyil ki, 1806-ci ildə Qarabağ xanlığını zor gücünə ilhaq edib Kürəkçay müqaviləsini bağladıqdan dərhal sonra həmin Xankəndinə öz qoşunlarını yerləşdirib kazarmalarını tikməyə başladı?..

Bu, həmin Moskva, Rusiya deyil ki, haykları İrandan Türkiyədən həmin Xankəndinə, Əsgərana, Ağdərəyə, Xocavəndə, Hadruta və s. köçürdü?..

Bu, həmin Moskva, Rusiya deyil ki, düz 100 il öncə - 1923-cü ildə Qarabağda artıq törəyib-çoxalmış hayklara muxtariyyət verdirib Azərbaycanın bətninə gecpartlayan bir mina yerləşdirdi?..

Bu, həmin Moskva, Rusiya deyil ki, 1987-1988-ci ildən bu yana həmin Qarabağ minası partlamağa başlayandan bəri öz “KQB”-“QRU” şəbəkələri vasitəsi ilə məhz həmin Xankəndində, Əsgəranda, Ağdərədə, Xocavənddə, Hadrutda və s. separatçı erməni hərəkatını körükləyib əvvəl söz davasına, sonra daş-kəsək davasına, daha sonra top-tüfəng savaşına çevirdi?..

Bu, həmin Moskva, Rusiya deyil ki, 1990-1994-cü illər ərzində həmin Qarabağdakı separatçı-terrorçulara da, Ermənistandakı irqçi, işğalçı xislətli dairələrə də dəstək verərək 1 milyona yaxın Azərbaycan türkünün, kürdünün və s. keçmiş Dağlıq Qarabağ və ətraf rayonlardakı doğma yurdlarından didərgin düşməsinə şərait yaratdı?..

Bu, həmin Moskva, Rusiya deyil ki, 1992-ci ilin fevralında məhz həmin Xankəndindəki 366-cı alayının dəstəyi ilə haykların Xocalıdakı Azərbaycan türklərinə qarşı soyqırımı törətməsinə şərait yaratdı?..

Bu, həmin Moskva, Rusiya deyil ki, 1998-ci ildə Ermənistana 1 milyard dollarlıq silah-sursat, texnika yardımı etdi?..

Bu, həmin Moskva, Rusiya deyil ki, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri kimi 30 ilə yaxın başımızı görüş və səfərlərlə qatıb torpaqlarımızın azadlığına imkan vermədi?..

Bu, həmin Moskva, Rusiya deyil ki, 2020-ci ildə Azərbaycan ordusunun artıq Xankəndini də azad edəcəyini görüb dərhal müxtəlif təxribat və siyasi-diplomatik təzyiqlərlə “sülhməramlı” adı altında öz ordusunu 27 il sonra yenidən suveren ərazimizə yeritdi?..

Bu, həmin Moskva, Rusiya deyil ki, son 3 ilə yaxın müddətdə Azərbaycan ictimaiyyətinin, mediasının, bəzi dövlət qurumlarının təkidlərinə rəğmən öz “sülhməramlı”larının Qarabağın dağlıq hissəsi və “Laçın dəhlizi” deyilən ərazilərindəki fəaliyyətlərinə dair xəbərlərində və dislokasiyasına aid xəritələrində “Dağlıq Qarabağ”, “Stepanakert”, “Mardakert”, “Martuni” və s. sözlərinin işlədilməsinə son vermədi?. Nəhayət, 19-20 sentyabr əməliyyatlarından sonra böyük minnət-sünnətlə yalnız “Stepanakert” sözünün altında mötərizədə (Xankəndi) yazmağa başladı...

Bu, həmin Moskva, Rusiya deyil ki, elə dünən – müstəqil(!), suveren(!) Azərbaycan Respublikasının dövlət başçısının Xankəndində və s. məntəqələrdə dövlət bayrağımızı ucaltmasına rəğmən öz “sülhməramlı”larına aid xəbər və xəritələrdə “Dağlıq Qarabağ”, “Stepanakert”, “Martuni”, “Qetavan”(Kəlbəcər rayonu Qozlu kəndi) və s. sözlərini yazmağa davam etdi?..
Və s. və i.a.(Düşünsəniz, görərsiniz ki, bu sualların siyahısını sonsuza qədər uzatmaq olar)

Odur ki, gəlin, bütün qələbə və uğurlara rəğmən eyforiyaya qapılmayaq, ayıq-sayıq olaq. Azərbaycanı iki əsrə yaxın müddətdə de-yure və de-fakto öz müstəmləkəsi kimi idarə etmiş, bu gün də dediklərimizdən əlavə, ən azı, ruslarla eyni kökdən olan Ukrayna xalqına qarşı törətdiyi işğal və soyqırımı törədən Rusiya imperiyasının bizi sevdiyinə, qayğımıza qaldığına, Qarabağı, Xankəndini azad etdiyimizə görə sevindiyinə inanmayaq... Bu, sadəcə, hiyləgər, riyakar və çoxbaşlı bir imperiya siyasətinin davamıdır. Sabah məqamı gələndə həmin Moskva eyni metodlarla haykları sevindirməyə çalışacaq...

P.S. Bilirik ki, bu cür yazılar, şərhlər Rusiyanın Azərbaycandakı, təəssüf ki, hələ də yetərincə güclü olan agenturasını – “5-ci kalon”unu bərk qıcıqlandırır və əsəbiləşdirir. Və onun dövlət və hökumət, eləcə də “müxalifət” hesab edilən siyasi dairələrdə yerləşdirilmiş fəalları belə yazaraq imperiyanın oyunlarını açan media vasitələri, yazar və jurnalistləri müxtəlif vasitələrlə təzyiq və təqib altında saxlamağa çalışır... İnanırıq ki, müstəqil(!), suveren(!) və milli(!) dövlətimiz düşmən qüvvələrin bu qədər qol-qanad açaraq öz güclərini göstərməsinə imkan verməz...

Xankədidə bayraq asmışıq: RUSLAR İSƏ BAŞQA HAVA OXUYUR...

Sultan Laçın //moderator.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.