Avropa Ermənistandakı casus şəbəkəsinin işindən razıdır - DETALLAR

16-10-2023, 16:53           
Avropa Ermənistandakı casus şəbəkəsinin işindən razıdır - DETALLAR
Cənubi Qafqazda cərəyan edən hadisələr regionun geosiyasi mənzərəsini dəyişir. Ermənistanın əliylə bölgəyə can atan qüvvələr özlərinin varlığını ortaya qoymaq üçün müxtəlif yollar axtarırlar. Amma Cənubi Qafqazda onların ən böyük rəqibi Rusiyadır. İndi Qərbin əsas məqsədi Rusiyanı öz yolundan sıxışdırıb çıxarmaq və Cənubi Qafqaz kimi strateji əhəmiyyətli regiona nəzarəti ələ keçirməkdir.

TEREF.AZ-ın məlumatına görə, mövzunu KONKRET.az-a şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov bildirib ki, Rusiyanın Cənubi Qafqazdan çıxarılması ilə bağlı bir sıra qüvvələr Ermənistan vasitəsilə bu prosesi reallaşdırmağa çalışırlar:

“Məhz ötən il oktyabrın 6-da Avropa İttifaqının mülki missiyası adı altında Ermənistana casus şəbəkəsinin yerləşdirilməsinin kökündə də bu məqsəd dayanır. Həmin qüvvələrə Almaniya, Fransanın jandarma qüvvələri, hərbçiləri, polis işçiləri daxildir. Təbii ki, bu məsələdə ABŞ də maraqlıdır. Və ABŞ hərbi təlimlər adı altında Ermənistana yerləşib. Orada təlim keçən qüvvələri Ermənistandan hələ də çıxarmayıb. Hesab edirəm ki, həmin qüvvələr Ermənistandan alət kimi istifadə edib, Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışırlar.

Ümumiyyətlə, Rusiya üçün ən həssas regionlardan biri də Cənubi Qafqazdır. Ukrayna Rusiya üçün nə dərəcədə güclü əhəmiyyətə malikdirsə, Cənubi Qafqazın əhəmiyyəti ondan da az deyil. Rusiya yüz illər boyu Cənubi Qafqazda öz maraqlarını, nüfuzunu qoruyub-saxlamağa çalışıb. Bu gün də bu siyasət dəyişməz olaraq qalır. Amma hər bir halda bu gün Rusiyanı bütün istiqamətlərdə vurmağa, zəiflətməyə çalışan qüvvələr onu Cənubi Qafqaz mövzusunda da sıxışdırır və regiondan çıxarılmasına çalışırlar. Rusiya da güzəştə getmək fikrində deyil”.

Politoloq hesab edir ki, Cənubi Qafqazda Rusiyanın varlığı Ermənistanla bağlıdır: “Düşmən ölkənin təhlükəsizliyini, sərhədlərinin qorunmasını ruslar həyata keçirir. Üstəlik, Ermənistan iqtisadi cəhətdən də Rusiyadan asılıdır. Rusiyanın Gümrüdə 102-ci hərbi bazası mövcuddur, deməli, ruslar regionu elə-belə tərk etməyəcəklər. Qərb həm də Ermənistan vasitəsilə Rusiyaya ikinci cəbhə açmağı planlaşdırır. Bu da ciddi amildir. Rusiyanın Ukrayna müharibəsində hansı vəziyyətlə üzləşəcəyindən çox şey asılıdır. Ruslar Ukraynada məğlub olacağı təqdirdə, bu, onun Cənubi Qafqazda mövcudluğuna da ciddi təsir göstərə bilər. Yox, əgər Ukraynada qalib gələrsə, o zaman regionda mövcudluğunu əldən verən deyil”.

Son günlər ermənilərin beynəlxalq təşkilatlarda Azərbaycanı etnik təmizləmədə ittiham etməsinə də toxunan X.Bəşirov bildirib ki, belə cəhdlər gözlənilən idi:

“Ermənistanın həm BMT İnsan Haqları Komitəsində, həm də Beynəlxalq Ədalət Məhkəməsində və digər platformalarda Azərbaycana qarşı özünün dəstəkçiləri vasitəsilə haray-həşir salması, Azərbaycana qarşı sənədlərin qəbul edilməsinə cəhd göstərilməsi bu günə qədər uğursuzluğa düçar olub. Bundan sonra da elə olacaq.

Azərbaycan Ermənistana qarşı özünün haqlı və ədalətli mövqeyini sübut və dəlillərlə isbat edəcək formada çatdırmağa çalışır. Ermənistan təkcə bu il Azərbaycana qarşı üç dəfə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib və hər üçündə də uğursuzluğa düçar olub. Bu məsələdə Ermənistan sadəcə haqsızdır. Azərbaycan özünün haqlı mövqeyini isbat edir. Və belə dinləmələrin özü beynəlxalq hüquqa, BMT-nin nüfuzuna xələl gətirir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.