ABŞ Ermənistanı Rusiyanın caynağına itələyir: Yardım paketi müharibə ssenarisini xatırladır
16-11-2023, 10:24
Cənubi Qafqaz qlobal siyasi qarşıdurmaların qaynar nöqtələrindən birinə çevrilmək ərəfəsindədir - özü də belə barıt çəlləyini odlamaq missiyasında Ermənistanın piyada kimi təmsilçiliyi artır.
Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək sessiyasında iştirakdan imtina edir, paralel olaraq Rusiyanın ölkəsindəki hərbi bazasından tutmuş digər siyasi vektorlarına qarşı genişmiqyaslı kampaniyaya start verir.
Açığını desək, Paşinyanın bu qədər aşkar ritorika ilə Rusiyaya qarşı tövrləri bir sual yaradır - görəsən, Paşinyan özü bilərəkdən Moskvanın regiondakı iştirakçılıq səviyyəsini qoruyub-saxlamaq üçün gizli missiyanı həyata keçirir?
Bu tezisi sübut edə biləcək aşkar dəlillər tapmaq çətindir, hərçənd ki, Ermənistanın Rusiya ilə mübarizədə qalib çıxa bilməmək həqiqəti Paşinyanın hərəkət trayektoriyasındakı hiyləgərlikləri aça bilər.
Amma hələlik üzdə görünən ən dolğun informasiyalar və Moskva-İrəvan xəttindəki qırılmaları əks etdirən qarşılıqlı ittihamlar Ermənistanın Qərb vektoruna sığındığını çox gözəl şəkildə canlandırır.
Ermənistanın siyasətindəki Qərblə Rusiya arasındakı müvazinətini itirib bütün resurslarını birincinin xeyrinə əyməsi regionu geosiyasi qarşıdurmanın cinahına çevirir.
Ermənistan üzərindən Rusiyaya qarşı müqavimət tablosu yaradan əsas güc ABŞ-dir, Fransa isə Moskva əleyhinə görünsə də, onun əsas məqsədləri fərqli məcralara doğru yön alır.
Avropa İttifaqının Ermənistan ərazisində genişlənən fəaliyyətinə gəlincə, bu, həm Fransanın, həm də ABŞ-nin şərikli işi kimi görünür.
Qalır ki, ABŞ ilə Fransa şərikli işdən nə qədər pay almağa çalışırlar və Paris, mümkündür ki, ala biləcəyi səhmləri Rusiya ilə bölüşməyə də hazırdır. Çünki Paris yekunda bilir ki, o, Qərb sistemində o qədər də etibarlı deyil, üstəgəl Fransa, bu azmış kimi, ABŞ ilə gizli rəqabəti də inkişaf etdirməkdən çəkinmir.
İranın Ermənistanla əlaqədar siyasətindəki redaktələr etməsi məsələsi bu mürəkkəblik daxilində diqqətdən kənarda qala bilməz. Son zamanlar Bakı ilə Tehran arasındakı gərginliyin yumşaldılması istiqamətində atılan addımları Ermənistan özünə qarşı geosiyasi nəticələrə hazırlıq kimi dəyərləndirə bilər.
Məncə, Ermənistanın Qərb oriyentasiyasına girmək cəhdinin İranda yarada biləcəyi qıcıqlar barədə Paşinyanın xəbərdarlığının (bu məlumat iddia səviyyəsindədir) Tehrana qarşı ciddi bir mənalandırması var.
Hər halda, qeyd olunan məsələlərin kombinasiyasını və Ermənistanın manevr imkanlarının böyük bir boşluğa düşməsini vahid bir paketdə canlandıranda İrəvanın taleyi haqqında bədbin bir proqnoz yaranır.
Bəli, Ermənistan geosiyasi qarşıdurmaların altında əzilməyə hər gün yaxınlaşır, lakin hesablamır ki, o, nəhənglərin sövdələşmə predmetinin tərkib hissələrindən biri olur.
Bu fikrin mənalandırılması zamanı cari və perspektiv regional şəkilləndirməyə fokuslanmaq labüddür. Fərz edək ki, Ermənistan geosiyasi toqquşmanın poliqonu olur. O zaman birinci mərhələdə mənzərə onunla tamamlanır ki, İrəvan bir yerə qədər Rusiyanın qarşısına çıxır - uzağı, siyasi səhnədə.
İkinci mərhələdə Ermənistan Qərb-Rusiya sövdələşməsinin qurbanı olmaq taleyini yaşayır və bu nöqtədə Azərbaycan, Türkiyə və İranın regional maraqlarındakı çalarlar mütləq şəkildə nəzərə alınır.
Hələlik bu geosiyasi rəqabətin “fırtınadan öncəki” səhnəsində açıq oyunçular ABŞ və Rusiyadır. Vaşinqton isə İrəvanı sürətlə müharibə ssenarisinə hazırlayır.
“Caliber”in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ və Ermənistan arasında iki ölkənin bir sıra müvafiq departamentlərinin yüksəkvəzifəli şəxsləri səviyyəsində intensiv hökumətlərarası məsləhətləşmələr baş tutub.
Məlumata əsasən, Vaşinqtonla İrəvan arasında razılaşma əldə edilib. Razılaşmaya əsasən, Rusiya Ermənistana təzyiq göstərsə və ya embarqo tətbiq etsə, ABŞ İrəvanı hərbi sahədən tutmuş iqtisadi alətlərə qədər geniş bir yardım paketi ilə təmin edəcək.
Bu, əməlli-başlı müharibə ssenarisidir və Rusiyanı təhrik edir ki, Ermənistana qarşı şifahi hücumlarını praktiki fazaya salsın. Necə deyərlər, sanki Ukrayna ssenarisi hazırlanır, bu dəfə Ermənistan üzərindən Moskvaya qarşı tuşlanan “silahlar”ın başqatan tamaşa olmadığı görünür.
Amma Ermənistanın nəyə güvənməsi maraqlıdır, çünki ən azından, ölkədə Rusiya hərbi bazası mövcuddur və dövlətin təhlükəsizlik, iqtisadi və dəmiryol sistemi Rusiyanın birbaşa təsiri altındadır.
Lap bunu da kənara qoyub bu iki ritorik sual ətrafında ciddi düşünək:
1. Ermənistanın ümumiyyətlə Rusiya qoşunlarına hansı müqavimət gücü və ruhu var?
2. Doğrudanmı Ermənistan Rusiyanın asanlıqla ondan əl çəkəcəyini düşünür?
İndi proqnoz doğur ki, Ermənistan qərbyönümlü oriyentasiyasına sadiq qalsa, ölkə daxilində xaotik vəziyyətin yaradılması üçün düymələr bərk sıxılacaq. Bu ssenari üzrə ciddilik əmsalını zaman göstərəcək, lakin artıq Rusiya üçün də, Ermənistan üçün də ox yaydan çıxmış vəziyyətdədir.
Aqşin Kərimov,
Siyasi şərhçi
Teref. Xocanın Blogu