Bakı sülh danışıqlarına ancaq bu halda gedəcək - GƏLİŞMƏ

17-11-2023, 17:05           
Bakı sülh danışıqlarına ancaq bu halda gedəcək - GƏLİŞMƏ
Beynəlxalq güc mərkəzlərinin maraqlarının toqquşması Azərbaycan-Ermənistan sülh prosesinə ciddi əngəl yaradır.

Bu, danılmaz faktdır ki, geosiyasi rəqabət müstəvisində dayanıqlı sülhün bərqərar olunmasına yönələn müqavilənin imzalanması qeyri-mümkündür. Çünki bu, ən azı müəyyən müddət ərzində regional sabitliyin təminatına yardım edə bilər.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində erməni işğalçılarını məğlubiyyətə uğratması, Qarabağın Ermənistanın işğalından azad edilməsi, ən əsası da həmin ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın dövlət rəhbərləri tərəfindən üçtərəfli bəyanatın imzalanmasından sonra Cənubi Qafqazda yeni siyasi reallıqlar müşahidə olunur.

Bunun fonunda son üç il ərzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, xüsusilə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üzrə danışıqlar aparılır. Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan fərqli olaraq Azərbaycan-Ermənistan sülh prosesinə yönələn danışıqlar ayrı-ayrılıqda Moskva, Brüssel və Vaşinqton formatı çərçivəsində həyata keçirilir. İl yarım ərzində Moskva bu prosesdə aktiv fəaliyyət göstərirdi. Yəni prosesdə əsas təşəbbüs Moskvanın əlində idi.

Məhz Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi sahəsində 2021-ci ilin yanvarında Moskvada və noyabrında Soçidə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə növbəti iki üçtərəfli saziş imzalanıb. İki saziş noyabr sazişindən sonra mühüm rəsmi sənəd hesab olunurdu. Lakin 2022-ci ilin fevralında Rusiya Ukraynaya müharibə elan etdikdən sonra, yəni Moskvanın diqqəti bu müharibəyə yönəlməsinin fonunda Azərbaycan-Ermənistan sülh prosesində təşəbbüsü Brüssel ələ almağa başladı.

Son bir il ərzində Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında intensiv danışıqlar keçirilib. Əlbəttə, Brüssel danışıqlarında bəzi mühüm məsələlərlə bağlı nailiyyətlər əldə olunub, bu, müəyyən mənada iki ölkə arasında etimadın yaranmasına təkan verirdi.

Eyni zamanda, bu ilin yaz aylarından Vaşinqton da sülh prosesində vasitəçilik etmək qərarına gəldi. Vaşinqtonun vasitəçiliyi də müəyyən problemlərin həllinə və qarşılıqlı anlaşmaya töhfə verib.

Qərb-Rusiya toqquşması sülh prosesinə əngəl yaradır

Beynəlxalq səviyyədə Qərb-Rusiya rəqabəti artıq Cənubi Qafqaza da sirayət edib. Nəinki Şərqi Avropa və Yaxın Şərqdə, hətta Cənubi Qafqazda da Moskva, Brüssel və Vaşinqtonun geostrateji və geosiyasi maraqları toqquşur. Demək olar ki, regiondakı Qərb-Rusiya rəqabəti kulminasiya nöqtəsinə çatıb. Rusiya və ABŞ-Aİ cütlüyü Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin öz geosiyasi şərtləri daxilində imzalanmasını istəyir.

Moskva istəyir ki, sülh müqaviləsində onun maraqları nəzərə alınsın, xüsusilə də Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası onun təşəbbüsləri əsasında aparılsın, hətta üçtərəfli noyabr sazinin 9-cu maddəsinə uyğun olaraq Azərbaycanın qərb əraziləri ilə Naxçıvanı birləşdirən kommunikasiya xətləri rus hərbçilərinin nəzarəti altında olsun. Amma Paşinyan hakimiyyəti bu sazişin 9-cu maddəsinə qarşı çıxır və Ermənistanın ərazisindən keçəcək kommunikasiya xətlərinin yalnız İrəvanın yurisdiksiyası altında olacağını bəyan edir.

ABŞ və Avropa İttifaqının vasitəçilik təşəbbüsü

Rusiyanın Cənubi Qafqazdan kənarlaşdırılmasına, o cümlədən Bakı və İrəvan üzərində təsir imkanlarının artırılmasına istiqamətlənib. Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi və Paşinyan hakimiyyətinin Rusiyanın rəhbərlik etdiyi MDB və KTMT-nin tədbirlərini boykot etməsi bunu açıq-aşkar sübut edir.

Əlbəttə, Rusiya kimi ABŞ və Avropa İttifaqı da Cənubi Qafqazda məkrli məqsədlər güdür. Vaşinqton və Brüsseldə, hətta Parisdə belə bir planlar nəzərdən keçirilirdi ki, 2025-ci ildə Qarabağın dağlıq ərazilərində Rusiya Sülhməramlı Kontigentinin müddəti bitdikdən sonra Ermənistan hakimiyyətini beynəlxalq səviyyədə məsələ qaldırmağa vadar etməklə bölgədə BMT-nin beynəlxalq sülhməramlı qüvvələri yerləşdirilsin. Azərbaycanın ərazisi Qarabağda Amerika və ya Fransa hərbiçilərindən ibarət sülhməramlı missiyanın yerləşməsi Vaşinqton və Parisin strateji hədəflərində əsas amil hesab olunurdu. Amma ABŞ və Fransanın bu planları həm Azərbaycana, həm də Rusiyaya məlum idi.

Sözsüz ki, bu, rəsmi Bakı tərəfindən qəbuledilməz idi və buna heç bir zaman razılıq verməyəcəkdi. Dövlət rəhbərimiz İlham Əliyevin rasional siyasəti, iradə, qətiyyəti ABŞ və Fransanın bütün planlarını alt-üst etdi. Azərbaycan Ordusunun antiterror əməliyyatları nəticəsində Azərbaycan Qarabağın bütün dağlıq əraziləri – Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə üzərində suverenliyini və yurisdiksiyasını bərqərar edib.

Eyni zamanda, Qarabağdakı ermənilərin böyük əksəriyyətinin könüllü şəkildə ərazini tərk edib Ermənistana köçməsi Qərbdə daha da ciddi narahatlıq yaradıb. Ona görə ki, Moskva Qarabağ ermənilərindən istifadə etməklə Ermənistanın daxilində siyasi, iqtisadi və sosial böhranın yaranmasına, Paşinyana qarşı narazı kütlənin artmasına və Rusiya meyilli radikal müxalifətin təsir imkanlarının çoxalmasına sövq edəcək. Qərb hesab edir ki, bu, Paşinyanın hakimiyyətini təhlükə altına qoyacaq.

ABŞ və Avropa İttifaqının rəsmilərinin Azərbaycana qarşı əsassız ittihamları və kəskin bəyanatları məhz budan irəli gəlir. Bununla yanaşı, ABŞ, Aİ və Fransada müəyyən dairələr Ermənistan hakimiyyətinə üçtərəfli noyabr sazişinin 9-cu maddəsindən yayınmağa sövq edir. Çünki sazişin 9-cu maddəsinə görə, Ermənistanın cənub ərazilərindən keçəcək kommunikasiya xəttlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət etməlidir. Bu isə Qərbin regiondakı geosiyasi maraqları ilə ziddiyyət təşkil edir. Ona görə də Qərb kommunikasiya xətlərinin Ermənistanın yurisdiksiyası altında olmasında israrlıdır. Əlbəttə, bu, Azərbaycan üçün qəbuledilməzdir.

Fransanın özü və Hindistan vasitəsilə Ermənistanı silahlandırması İrəvanı sülh prosesindən yayındırır. Bu, regional sabitlik baxımında yolverilməzdir. Sülhə aparan yeganə yol bu ola bilər Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün ilk növbədə işğal altında olan səkkiz kəndi Azərbaycana qaytarmalı, Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımalı, öz ərazisindən nəqliyyat yollarının keçməsinə imkan yaratmalı, həmçinin 1989-ci ildə Ermənistan SSRİ ilə DQMV-nin birləşməsi ilə bağlı qətnaməni ləğv etməlidir. Yalnız bu addımlardan sonra Bakı ilə İrəvan arasında qarşılıqlı etimad yaranması mümkündür.

Onu da vurğulamaq lazımdır ki, Moskva, Brüssel və Vaşinqton formatında aparılan danışıqların heç bir müsbət nəticəsi olmayacaq. Geosiyasi maraqlar üzərində imzalanan sülh sazişi heç bir səmərə verə bilməz. Digər münasib həll yolu Azərbaycan və Ermənistanın dövlət rəsmilərinin Gürcüstanda bir araya gəlib intensiv danışıqlar aparmasından keçir. Bu danışıqlarda qarşılıqlı razılaşma əldə edildikdən sonra Bakı və İrəvan beynəlxalq hüququn normaları əsasında sülh müqaviləsi imzalaya bilər. Heç bir vasitəçi olmadan və ya Gürcüstanın vasitəçiliyi ilə aparılan danışıqlar daha uğurlu nəticələrə gətirib çıxara bilər.

Müəllif: Yunis Abdullayev - Mənbə: Cebhe.info
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.