Böyük Saziş: təhlükə, yoxsa qazanc? - ARAŞDIRMA – II YAZI

18-11-2023, 09:55           
Böyük Saziş: təhlükə, yoxsa qazanc? - ARAŞDIRMA – II YAZI
Hökumət həvəssiz davranır, cəmiyyət isə ehtiyatlı...
Azərbaycanla Avropa İttifaqı arasında Hərtərəfli Əməkdaşlıq Sazişinin imzalanması ilə bağlı
danışıqlar 5 ildən artıqdır davam etsə də sonuc görünmür. Hər iki tərəfdən rəsmilər əsas
istiqamətlər üzrə fikir ayrılıqlarını aradan qaldırdıqlarını bildirsələr də, yerdə qalan 10 faiz
məsəllər üzərində razılığa gələ bilmirlər. Bu ilin mart ayından bu istiqamətdə hər hansı, görüş,
müzakirəsinin olduğu barədə rəsmi məlumat yoxdur. Tərəflər hansı məsələlərdə razılaşa
bilmirlər, Sazişin olacağına ümid varmı? Bu barədə ekspertlər nə düşünür?
(Araşdırmanın əvvəli bu linkdədir: https://pressklub.az/ekskluziv/avropaya-geden-yolunqaranliq-parcasi/)
Seçkilərin Tədrisi və Demokratiyanı Öyrənmə Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki,
Azərbaycanla Avropa İttifaqı arasında Hərtərəfli Əməkdaşlıq Sazişinin imzalanması uzun
müddətdir ki, müzakirə mövzusudur, amma ortada sənəd layihəsi yoxdur. Ən azından belə bir
layihə ictimaiyyət üçün açıq deyil:
“Aİ qurumlarında, Azərbaycan hökumətində belə bir sənədin mövcudluğu haqda danışılır,
amma bizim ondan xəbərimiz yoxdur ki, razılaşdırılan və razılaşdırılmayan məsələlər nədən
ibarətdir. Prosesdə şəffaflığın olmamasına səbəbkarın Azərbaycan hökuməti olduğunu
düşünürəm. Avropa İttifaqına qalsa, hansısa məqamlar açıqlana bilərdi. Çünki bir sıra ölkələrin
təcrübəsi göstərir ki, belə sənədlər hazırlanarkən ictimai müzakirələr aparılır, siyasi
partiyaların, vətəndaş cəmiyyəti institutlarının mövqeyi öyrənilir, medianın məlumatı olur.
Konkret olaraq, Gürcüstanda, Ukraynada, Moldovada, Ermənistanda belə sənədlər
imzalanmazdan əvvəl onun layihəsindən ictimaiyyətin xəbəri olub. Bizdə isə bu yoxdur”.
Bəs yubanmanın səbəbləri nə ola bilər?
Anar Məmmədlinin fikrincə, ilk səbəb odur ki, Azərbaycan tərəfi üzərinə ciddi öhdəliklər
götürmək istəmir. Xüsusən, hökumətin insan haqları, şəffaf idarəçilik, qanunun aliliyi məsələləri
ilə bağlı üzərinə öhdəliklər götürməyə siyasi iradəsi yoxdur. Digər səbəbləri isə o, aşağıdakı kimi
sıralayır:
“İkincisi, Avropa İttifaqının məsələyə yanaşmasında fərqlər var. Bir sıra ölkələr Azərbaycanla
belə bir saziş imzalanmasını zəruri saymır, hesab edirlər ki, Azərbaycan imitasiya ilə
məşğuldur. İnsan hüquq və azadlıqlarının təmin olunmadığı şəraitdə bu sazişi imzalamaq
hökuməti mükafatlandırmaq olar.
Üçüncü səbəb bu ola bilər ki, Azərbaycan və Ermənistan arasında son illərdə kəskinləşən
münasibətlər, hərbi əməliyyatlar, ermənilərin kütləvi şəkildə Qarabağdan köçməsi bu
müzakirələrə mənfi təsirini göstərəcək. Çünki ermənilərin Qarabağı tərk etməsinə münasibət
birmənalı deyil”.
Müsahibimiz hesab edir ki, belə bir vəziyyətdə Strateji Əməkdaşlıq Sazişini imzalamaq heç də
asan olmayacaq. Hətta imzalansa belə, onun Avropa İttifaqının bir sıra qurumlarında
ratifikasiyası zaman alacaq: “Azərbaycan bu sənədin imzalanmasının çox ciddi faydasının
olduğunu düşünməlidir. İstər viza rejiminin yumşaldılması, ölkəyə investisiya axını,
Azərbaycan vətəndaşlarının AB ölkələrinə daha sərbəst giriş-çıxışının təmin olunması, istərsə
də təhsil, səhiyyə, akademik sahələrdə Aİ ölkələri ilə yaxınlaşma çox ciddi nailiyyətlərə səbəb
ola bilər. Biz Aİ-nin maliyyə dəstəyindən də yararlana bilərik. Görünür, bu kimi faydalar
Azərbaycan hökumətini düşündürmür, daha çox korporativ maraqlarını güdürlər”.
Oksford Universitetinin əməkdaşı, politoloq Leyla Əliyevanın fikrincə, Azərbaycanın əvvəl rəsmi
mövqeyi belə idi ki, ölkənin istehsalı Avropa İttifaqına inteqrasiyanın qurbanı olacaq. Ona görə
bu müzakirələri davam etdirmək istəyir ki, həmin vaxta qədər iqtisadiyyatda müdafiə
mexanizmləri formalaşdırsın, yerli istehsal, biznes xarici idxalla rəqabətə davam gətirə bilsin.
“Məncə, burada geopolitik faktor da var. Hansı ölkələr Avropaya inteqrasiya istiqaməti
götürüblər, onların Rusiya ilə problemləri ortaya çıxıb. Ona görə də vaxtında prezident Heydər
Əliyevin Avrointeqrasiyanı prioritet elan etməsinə baxmayaraq, sonralar onun siyasətində
getdikcə daha çox balanslaşdırma yer tuturdu. İndi Azərbaycan tam neytral bir mövqeyə
malikdir, çünki qoşulmayan ölkələrin sırasındadır, bu təşkilata hətta rəhbərlik edir. Ukraynanı
da müşahidə edən Azərbaycan rəhbərləri görürlər ki, Qərbə intensiv inteqrasiya addımları
Rusiya tərəfindən cavablandırılacaq. Ona görə də bu təhlükə Azərbaycanla Avropa Birliyi
arasında sazişin imzalanmasını ləngidir”, – Leyla Əliyeva deyir.
L.Əiyeva hesab edir ki, Azərbaycan Qarabağ məsələsində özünü daha sərbəst hiss edir, nəinki
hansısa ciddi inteqrasiya prosesində: “Avropaya inteqrasiya Azərbaycana çox lazımdır. Çünki
məhz bu halda Azərbaycanın islahatlar potensialını reallaşdıra bilərik. Olmasa, geridə
qalacağıq. Siyasi, iqtisadi baxımdan islahatlar olmayacaq. Əlbəttə, müzakirə olunan Sazişdə
siyasi islahatlar iqtisadi məsələlərlə müqayisədə çox az yer tutur. Bu, daha çox Avropa
Birliyinin Qazaxıstanla imzaladığı saziş layihəsinə bənzəyir. Amma biz həmişə deyirdik ki,
Avropa ölkəsiyik. Avropa ölkəsi üçün belə zəif, dərinə getməyən müqavilə yaraşmır”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Azərbaycanla Avropa ittifaqı
arasında müzakirə olunan sənədlə bağlı XİN-in mövqeyini öyrənməyin daha məqsədəuyğun
olduğunu qeyd etdi.
“Azərbaycan və Ermənistan arasında mövcud vəziyyət formal olaraq bu məsələyə təsir
göstərməməlidir. Amma görünən odur ki, bəzi ölkələr – Fransa, digərləri əngəllər törədə
bilərlər. Sənəd hazırlanıb bitdikdən sonra müxtəlif parlamentlərin ratifikasiyasından
keçməlidir. Biz Ukrayna məsələsində gördük, Niderland və bəzi ölkələr ona müsbət
yanaşmadılar, sonra hökumət müdaxilə edib, o sənədi təsdiqlətdi. Əslində bu, qeyridemokratik proses idi, amma görürük ki, avropalılar öz məqsədlərinə nail olmaq üçün yeri
gələndə belə addımlara da əl atırlar. Azərbaycanla bağlı proses necə gedəcək, indidən demək
çətindir. Ola bilsin, o vaxta qədər Azərbaycan və Ermənistan arasında bütün məsələlər həll
olunacaq. Azərbaycanla Avropa İttifaqı arasında Saziş imzalansa belə, onun ratifikasiyası
uzun prosesdir, azı 2-3 il çəkir”.
“Şəxsi fikrim belədir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması gözlənilən strateji
sənəd yaxın gələcəkdə heç müzakirə predmeti də olmayacaq”.
Bunu isə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov deyir. Səbəblərini
də göstərir: “Çünki həmin sənəd təsdiq üçün bu və ya digər formada Avropa Parlamentindən,
eləcə də quruma üzv ölkələrin parlamentlərindən keçməlidir. Bu da hazırki dövrdə qeyrimümkündür. Hətta biz onu imzalasaq da, onun qəbulu mümkün olmayacaq. Ən yaxşısı sahəvi
sənədlərin imzalanmasıdır”.
Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələr nə yerdədir, Strateji Sazişin
imzalanmamasından bu sektor nə itirir, perspektiv nə vəd edir?
Azərbaycanın rəsmi statistikasından məlum olur ki, 2020-ci ilin 11 ayında Avropa Birliyi
ölkələrinə ixracımız 11 milyard 497 milyon 280 min dollar təşkil edib. Bu, ümumi ixracın 58
faizdən çoxu deməkdir. AB-dən idxal isə 1 milyard 924 milyon 780 min dollar təşkil etməklə,
ümumi idxalın 18,5 faizinə bərabərdir. 2019-cu ilin eyni dövründə AB-yə ixrac 10 milyard 15
milyon 359 min dollar (ümumi ixracın 54.72 faiz), idxalımız isə 2 milyard 163 milyon 230 min
dollar(ümumi idxalın 17.47 faizi) təşkil edib.
Aİ ilə strateji əməkdaşlıq sazişi imzalanmasa belə, Azərbaycan Birliyin ayrı-ayrı üzvləri ilə
qarşılıqlı iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Hazırda üzv dövlətlərdən 1700-dən çox
şirkət Azərbaycanda fəaliyyət göstərir. İndiyədək 9 üzv dövlətlə strateji tərəfdaşlıq haqqında
sənədlər imzalanıb.
Azərbaycanın Avropa İttifaqı ilə Hərtərəfli Əməkdaşlıq Sazişini imzalanmamasından ölkənin
aqrar sektoru, fermerlər, sahibkarlar, istehlakçılar nə itirir? Bu Saziş Azərbaycanın aqrar
sektoruna nə vəd edir?
Aqrar sektor üzrə mütəxəssis, alim Vahid Məhərrəmov bu fikirdədir ki, Azərbaycanda kənd
təsərrüfatının inkişafı sahədə modernləşmə işlərinin həyata keçirməsindən asılıdır. Avropa
İttifaqı ilə əməkdaşlıq Azərbaycanda kənd təsərrüfatının modernləşmə prosesini sürətləndirə
bilər. Bundan başqa:
“Aİ ilə əməkdaşlıq
Azərbaycanın kənd təsərrüfatına xarici investorları cəlb edər, Azərbaycanda Avropa
standartlarına cavab verən müasir (şərab, süd, meyvə, tərəvəz və sair) emal müəssisələrinin
yaradılmasına və həmin müəssisələrdə ixtisaslı işçi qüvvəsinin hazırlanmasına imkan
yaradar;
Aqrar sahədə Avropa texnologiyasının geniş tətbiqi sayəsində rəqabətqabiliyyətli, Avropa
standartlarına uyğun mal, məhsul istehsal etmək imkanı yaradar;
Avropa ölkələri ilə geniş ticarət imkanı yaradar, Azərbaycan qanunvericiliyinin Aİ
standartlarına yaxınlaşdırılması öz növbəsində Azərbaycan məhsullarının Aİ bazarlarına
çıxışını asanlaşdırar”.
Ekspert hesab edir ki, Aİ ilə Strateji Əməkdaşlıq Sazişi imzalanmasa, Azərbaycanın aqrar
sektoru bu kimi imkanları əldə edə bilməyəcək. Və Azərbaycanın kənd təsərrüfatı geniş mənada
qabaqcıl Avropa təcrübəsindən yararlana bilməyəcək.
“Fermerlərin itkisi:
Azərbaycan fermerləri dünyanın ən böyük kənd təsərrüfatı bazarına giriş imkanı əldə edə
bilməyəcək;
Avropalıların yüksək keyfiyyətli, rəqabətqabiliyyətli mal, məhsul istehsal etmək təcrübəsindən
yararlana bilməyəcək;
Avropa istehsalı olan keyfiyyətli istehsal vasitələrini güzəştli şərtlərlə əldə edə bilməyəcək;
Ucuz kredit resursları əldə etmək imkanı olmayacaq.
Sahibkarların itkisi:
Yeni ticarət imkanlarından, dünyanın ən böyük bazarı olan Aİ bazarından faydalana
bilməyəcək;
Avropa İttifaqının tərəfdaş ölkələr üçün nəzərdə tutulan güzəştlərindən yararlana bilməyəcək.
İstehlakçıların itkisi:
Azərbaycan istehlakçıları Avropanın yüksək keyfiyyət standartlarına cavab verən müxtəlif
çeşiddə ərzaq məhsullarını əlçatan qiymətlərlə əldə edə bilməyəcəklər;
Azərbaycan bazarında rəqabət mühiti olmayacaq, inhisarçılıq davam edəcək;
Digər ölkə vətəndaşlarından fərqli olaraq, yüksək keyfiyyət standartına cavab verməyən ərzaq
üçün daha çox vəsait xərcləməli olacaqlar”.
Mövzu ilə bağlı parlament təmsilçisinin də fikirləri maraqlıdır. Həm də bu Sazişdə geniş yer alan
iqtisadi məsələləri nəzərə alsaq…
Azərbaycan Milli Məclisinin Sahibkarlıq və sənaye komitəsinin üzvü Vüqar Bayramov deyir ki,
Strateji Sazişin imzalanması ilə bağlı danışıqlar davam edir. Onun fikrincə, Avropa İttifaqı
Azərbaycanla ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 60
faizindən çoxu Avropanın payına düşür. Xüsusən, son iki ildə ticarət dövriyyəmizdə artımlar
qeydə alınır. Bu da mavi yanacaq sahəsində əməkdaşlıqla bağlıdır.
“Hər iki tərəfin yaydığı son məlumatlara əsasən, Sazişdə nəzərdə tutulan əməkdaşlıq sahələri
ilə bağlı fundamental fikir ayrılıqları yox idi. Bir sıra iqtisadi məsələlərlə bağlı müzakirələr
davam etdirilirdi, xüsusən subsidiyalarla bağlı. Aİ subsidiyaların ləğvini prioritet hesab edir. Bu
istiqamətdə müzakirələr davam edir. Azərbaycanda bir sıra sahələrdə, xüsusin enerji
sektorunda subsidiyaların verilməsi həyata keçirilir, bu da taariflərin tənzimlənməsi məqsədi
daşıyır. Hazırda tərəflər arasında iqtisadi və əməkdaşlıq sahələrində ciddi bir əməkdaşlıq var.
Ona görə də Tərəfdaşlıq Sazişinin imzalanması zaman alsa belə iqtisadi əməkdaşlığın
dərinləşməsi müşahidə olunur”.
Cəmiyyətin, qeyri-hökumət təşkilatlarının və ekspertlərin fikri aydındır. “Getməyək” deyən yoxdur,
məsələ necə getməkdir. Bir də, yuxarıdakı rəylərdən o aydın olur ki, hətta biz bunu ürəkdən
istəsək belə, texniki olaraq proses xeyli vaxt tələb edir. Daha bir maraqlı, həm də məsuliyyətli
məqam Ukrayna, Gürcüstan, Moldova kimi o qədər də xoş olmayan nümunələrin presedentlərin
yaranmasıdır.
İnteqrasiya bahalı işdir, toplumun prioritetlərinə münasibətdə xüsusilə. Xülasə, hökumət nə
qədər həvəssiz görünürsə, cəmiyyət də o qədər ehtiyatkar yanaşır.
Bəs hər iki tərəfi təmsil edən rəsmi instansiyaların mövqeyi necədir? Reallıqda proses hansı
mərhələdədir, indiyədək hansı işlər görülüb, qarşıda nələr var?
Bu barədə növbəti yazıda…
Elçin Rüstəmov
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.