Qırmızı dənizin piratları: husilər kimlərdir və necə döyüşürlər?

21-12-2023, 15:11           
Qırmızı dənizin piratları: husilər kimlərdir və necə döyüşürlər?
Yaxın Şərqdən hədə: "Amrika və Avropa üçün qış yaxınlaşır!"
İsrailə qarşı müharibəyə HAMAS-ın tərəfdarlarından yalnız bir təşkilat qoşuldu – Yəməndən
“Ənsərullah” təşkilatı. İsraildən az qala 2 min km uzaqlıqda yerləşən yəmənlilər yəhudi dövlətini
raketlərlə vurmağa cəhd etdilər. Bu taktikanın qeyri-effektliyi üzə çıxanda isə piratlığa keçdilər.
Yəmən husiləri kimlərdir?
2021-ci ilin fevralında ABŞ dövlət katibi Entoni Blinken “Ənsərullah” qruplaşmasının bir ay əvvəl
salındığı terrorçu təşkilatlar siyahısından çıxarılması barədə sərəncam imzaladı. Bu, rəsmi
şüarında “Amerikaya ölüm. İsrailə ölüm. Bütün yəhudilərə lənət olsun” yazılan təşkilatı yəhudi
mənşəli Amerika məmuru tərəfindən leqal müstəviyə qaytarmanın yəqin ilk və yeganə nümunəsi
idi.
Blinken bu addımı tamamilə rasional mülahizələrdən atdı: “Ənsərullah” yaraqlıları həmin vaxt
paytaxt Sana da daxil olmaqla, Yəmən ərazisinin üçdə birinə nəzarət edirdilər. Milyonlarla
adamın ehtiyac duyduğu istənilən humanitar yardım yalnız “Ənsərullah” strukturları vasitəsilə
çatdırıla bilərdi. Nə Amerika hökuməti, nə ABŞ-ın maliyyələşdirdiyi xeyriyyə təşkilatları aclıq və
epidemiyadan qırılan minlərlə insanın xilası ilə məşğul ola bilməzdilər: “Ənsərullah” terrorçular
siyahısında olduğu üçün təşkilatların əməkdaşları həbs təhdidi altındaydılar və ona görə də bu
yardım avtomatik dondurulmuşdu. Blinken də ona görə yəmənli yaraqlıları terrorçular
siyahısından çıxardı.
“Ənsərullah” Yəmən şiələrinin, ilk növbədə husi tayfası nümayəndələrinin hərbi təşkilatıdır. Daha
çox da “husilər” kimi qeyri-rəsmi adı ilə tanınır. Hələ 1990-cı illərdə daha çox dissident dərnəyi
kimi yaradılan təşkilat XXI əsrin əvvəllərində Yəmənin bəlkə də əsas müxalif qüvvəsinə çevrildi.
Onlar ölkənin o vaxtkı prezidenti Əli Abdullah Salehi korrupsiyada və xarici ölkələrin, ilk növbədə
ABŞ-ın və Səudiyyə Ərəbistanının maraqlarına xidmət etməkdə günahlandırırdılar. Salehin ta
1978-ci ildən idarə etdiyi kasıb, amerikalıların İraqa müdaxiləsindən qəzəbli Yəməndə husilər
çox tezliklə kütləvi dəstək qazandılar. Hökumət cavab olaraq tuthatuta başladı, əməliyyatların
birində hərəkatın banisi Hüseyn əl-Husi öldürüldü. Onun ölümündən sonra xeyli radikallaşan
husilər və Yəmən hökuməti yalnız hərdən kövrək atəşkəslə durdurulan permanent müharibə
vəziyyətindədirlər.
Əvvəlcə bu müharibə əsasən şimali Yəmənin dağlıq rayonlarında – husilərin doğma yerlərində
aparılırdı. Amma 2014-cü ildə “Ənsərullah” ölkənin cənubuna hücuma keçdi və paytaxt da daxil
olmaqla bir neçə şəhəri, vilayəti ələ keçirdi. Husilər bildirdilər ki, sadə insanların dərdinə
yandıqlarından böyük miqyaslı üsyan qaldırıblar. Belə ki, o zaman hökumət yanacağa
subsidiyanı ləğv etmişdi, bunun da ardından gündəlik tələbat mallarının qiyməti kəskin artmışdı.
Hakimiyyət isə (o dövrdə “Ərəb baharı” Salehi istefaya getməyə məcbur etmişdi və prezident
kreslosunu Əbül Rəbbuh Mənsur Hadi tuturdu) iddia edirdi ki, qiyamçıların əsas məqsədi ölkənin
bölünməsi və parçalardan birində teokratik şiə dövlətinin yaranmasıdır. Həmçinin deyilirdi ki, bu
dövlətin öz satelliti olacağına ümid edən İran husi separatçılarına fəal yardım edir.
Əslində Yəmən şiələrinin lap yaxın keçmişdə öz dövlətləri vardı. Beynəlxalq aləmin bir hissəsi
tərəfindən tanınan Yəmən şiə krallığı 1918-1962-ci illərdə mövcud oldu və hərbi çevrilişlə
devrildi. Monarx rəsmən “imam”, yəni ali şiə lideri titulunu daşıyırdı. O İran “12 imam
şiəliyi”ndədir ki, imamların sayı 12 ilə məhdudlaşır, onlardan da sonuncusu artıq min ildir ki,
mistik qeybə çəkilib, xeyir və şərin yekun döyüşü öncəsi qayıdacaq. Yəmən şiələri bu məzhəbin
başqa qoluna – zeydizmə aiddirlər. Onların doktrinasına görə, Əli ibn Əbu Talibin nəslindən
istənilən adam imam ola bilər, təki insanları öz ardınca tiraniya və ədalətsizliyə qarşı savaşa
apara bilsin.
12 imamdan fərqli olaraq, zeydi imamları qüsursuz və hər şeyi bilən deyillər, üstəlik, dini liderdən
daha çox hərbi-siyasi lider qismində çıxış edirdilər. Maraqlıdır ki, Hüseyn əl-Husinin ölümündən
az sonra Yəmən hakimiyyəti bildirdi ki, husilərin başçısı özünü yeni imam elan edib və Zeydi
dövlətinin bərpasını planlaşdırıbmış. Bunun həqiqətən belə olub-olmadığı aydın deyil, ancaq
Yəmən hakimiyyəti o vaxtdan “Ənsərullah”a İrana bağlı separatçı terrorçu qrup kimi yanaşır.
İranla nə əlaqə?
Çox güman ki, 2000-ci illərin əvvəllərində husilərin İranla əlaqələri elə də sıx deyildi.
“Ənsərullah”ın İran ayətullahları və onların Livan “Hizbullah”ındakı müttəfiqləri ilə əlaqələri vardı,
Tehran yəqin ki, husilərə pul və silah göndərirdi, amma bu yardım uzun müddət məhdud həcmdə
idi.
Bununla belə, husilərin devirib Sənadan qovduqları, sonradan özünü yenidən prezident elan
edən Hadi çalışırdı ki, husilərə qarşı savaşı guya Yaxın Şərqi özünə tabe etmək istəyən İranın
proksilərinə qarşı müharibə kimi qələmə versin.
Çünki əgər regional oyunçular husilərin təkcə laxlayan Yəmən hökumətini yox, mövcud regional
status-kvonu təhdid etdiklərinə inansalar; əgər Fars körfəzinin varlı və nüfuzlu sünni dövlətləri
şiə İranının onların nüfuzuna qəsd etdiyini və proksi qüvvələr vasitəsilə öz nüfuz dairəsini
genişləndirdiyini güman etsələr, o zaman dağlı separatçılara qarşı savaş dərhal ümumi düşmən
olan İrana qarşı müharibəyə çevriləcək.
Çevrildi də. 2015-ci ilin martında husilərə qarşı savaşa, başda Səudiyyə Ərəbistanı olmaqla, 10
dövlətin koalisiyası qoşuldu. Təkcə Səudiyyənin illik hərbi büdcəsinin 50 milyard dollar olması,
koalisiyanın ABŞ tərəfindən dəstəklənməsi, Yəmənin, demək olar, total blokadaya alınması
nəzərə alınsa, xarici oyunçuların “Ənsərullah” üzərində sürətli qələbə qazanacaqlarına ümid
etdiklərini düşünmək olardı. Amma hər şey planlaşdırılan kimi getmədi.
Bu, əsasən ona görə baş verdi ki, hakimiyyətlə illər boyu sürən savaş nəticəsində husilər hətta
yaxşı hazırlıqlı düşmənə müqavimət göstərə biləcək böyük və döyüş qabiliyyətli orduya
çevrilmişdilər. Həm də ona görə ki, İran prezident Hadinin sözlərini eşitdi, Yaxın Şərqin və
Afrikanın 10 ölkəsinin husilər üzərinə hücuma hazırlaşdığını gördü. Tehran da atıcı silahların və
qumbaraatanların qeyri-mütəmadi və kiçik həcmli tədarükü yerinə Yəmənə dəniz blokadasını
yara bilən kiçik qayıqlarla raketlər, dronlar və onların detallarını göndərməyə başladı.
Husilər nə ilə və necə vuruşurlar?
Husilərdən sərt cavab alan beynəlxalq koalisiya tezliklə hücumdan müdafiəyə keçdi.
Səudiyyəlilər və müttəfiqləri husiləri bir qədər sıxışdırdılar, amma nə məhv edə, nə də paytaxtdan
qova bildilər. Koalisiyanın iştirakı, demək olar, tamamilə husilərin mövqelərinə və hərbi
infrastrukturuna aviahücumlara yönəldi.
Koalisiyanın pilotları bu günə qədər 25 mindən çox hərbi uçuş həyata keçiriblər. Beynəlxalq
müşahidəçilərin məlumatlarına görə, hücumlar nəticəsində təkcə mülki əhalidən 9 minə yaxın
insan həlak olub. Husilər də borclu qalmadılar və onlarla döyüşən dövlətlərin infrastrukturuna
raket və pilotsuzlarla hücumlar təşkil etdilər.
Bu hücumların əsas silahı “Qasef”, “Samad” və “Wa`id” pilotsuz kamikadzelərdir. Birincilər hələ
1980-1990-cı illərdə İranda hazırlanıb və ola bilər, husilər tərəfindən bir qədər təkmilləşdirilib.

200 km-ə qədər uça bilən bu aparatlardan husilər Yəmən ərazisində düşmən texnikasını məhv
etmək, eləcə də Səudiyyə Ərəbistanının sərhədyanı ərazilərinə zərbə endirmək üçün istifadə
edirlər.
“Samad” – dronların daha təkmil növüdür. Onlar 1800 km-ə qədər uça bilirlər. Bu da husilərə
Səduyyə Ərəbistanının daha iç ərzilərinə, eləcə də koalisiyanın daha bir üzvü, Yəmənlə sərhədi
olmayan BƏƏ-dəki obyektlərə zərbə endirmək imkanı verir.
Husilərdəki pilotsuzların ən mükəmməli – 2500 km-ə qədər uça bilən “Wa`id”dir. Texnoloji
baxımdan İran “Shahed”lərinin eynisidir, istisna deyil ki, elə “Shahed”dir, sadəcə nəzərləri İrandan
yayındırmaq üçün adı dəyişdirilib. Husilər isə iddia edirlər ki, “Samad” və “Wa`id” öz
məhsullarıdır.
Bundan əlavə, husilərin nəhəng raket arsenalı var. Bunların bir hissəsi hələ SSRİ-dən alınıb, bir
hissəsi isə İrandan gətirilib. Pilotsuzlarla olduğu kimi, raketlərlə bağlı da “Ənsərullah” deyir ki,
onları, o cümlədən 2000 km-ə qədər uçan qanadlıları özləri, xarici dövlətin iştirakı olmadan
düzəldiblər.
Husilər pilotsuz aparatlar və raketlər vasitəsilə Səudiyyə Ərəbistanının və BƏƏ-nin bir neçə
mühüm neft infrastrukturu obyektinə zərər vurublar. Onların 2019-cu ildəki ən böyük hücumu
dünya neft təchizatının 5% azalmasına səbəb oldu.
Husilərin terrorçu təşkilatlar siyahısına salınmasının səbəblərindən biri də elə mülki obyektlərə
mütəmadi hücumları oldu. Bundan əlavə, həddi-büluğa çatmayanları hərbi əməliyyatlarda
iştiraka məcbur etmələri, tutduqları ərazilərdə dinc əhaliyə qarşı cinayətləri həmin qərarın
qəbulunun lehinə oldu. Təşkilatın indiki rəhbəri Məhəmməd Əli əl-Husinin (“Ənsərullah”ın banisi
Hüseyn əl-Husinin qardaşı) Rusiya tərəfindən Ukrayna ərazisində yaradılmış qondarma DXR və
LXR dəstəkləməsi də husilərə beynəlxalq aləmin rəğbətini qazandırmadı.
Yəmən müharibəsində ölənlərin sayı 350 mindən çoxdur, özü də onların əksəriyyəti güllə və ya
mərminin deyil, blokada və mülki infrastrukturun dağıdılmasından doğan aclıq və epidemiyanın
qurbanıdır. Ölən dinc sakinlərin bir çoxu məhz husilərin vicdanındadır.
Husilər nə istəyirlər
“Ənsərullah” – başdan-ayağa konspirologiya hopmuş təşkilatdır. Ötən il cəmi-cümlətani bir
yəhudinin qaldığı ölkədə yaşayan husilər inanırlar ki, bütün bəlalarının səbəbkarı yəhudilərdir.
Hərəkatın banisi Hüseyn əl-Husi öz moizələrində yəhudiləri sadəcə lənətləmirdi, birbaşa
genosidə və İsrail dövlətini məhv etməyə çağırırdı. O, yəhudilərə münasibətdə İran və
“Hizbullah”dan daha radikal mövqedə olduğunu bildirirdi, zeydizm doktrinasının əsasını
iudaizmə və yəhudilərə maksimum düşmən münasibətin təşkil etdiyini israr edirdi.
Yəmən yəhudilərinin hamısını öldürən və ya ölkədən qovan husilər məqsədlərinin yəhudilərlə
mübarizə olduğunu elan edən digər qruplara kömək etməyə başladılar. İran silahının qaçaqmal
yolu ilə HAMAS-a çatdırılmasının əsas marşrutlarından biri məhz husilərin nəzarət etdiyi Yəmən
ərazisindən keçirdi, Livan “Hizbullah”ı ilə “Ənsərullah” döyüş təcrübəsi və texnologiya mübadiləsi
aparır. Husilər İsrailin məhvi ideyasından imtina etmədiklərini gizlətmir və dəfələrlə bəyan
edirdilər ki, özlərinin raket arsenalından yəhudi dövlətinə qarşı müharibədə istifadəcə
edəcəklər.
HAMAS-ın 7 oktyabrda törətdiyi qanlı terror aktından sonra İsrail Qəzza sektorunda hərbi
əməliyyata başlayanda husilər dediklərini etməyə həqiqətən cəhd göstərdilər. Artlq oktyabrın
sonlarında “Ənsərullah” İsraili raket atəşinə tutdu, doğrudur, ciddi nailiyyət qazanmadı. Yəmən
və İsraili təxminən 2000 km ayırır, bu isə husilərin düşməni Səudiyyə Ərəbistanının HHM
sistemləri ilə dolu olan ərazisidir, Qırmızı dənizdə isə ABŞ hərbi-dəniz donanmasının gəmiləri
növbə çəkir. Bundan əlavə, İsrail özünün müasir raketəleyhinə sistemi ilə müdafiə olunub.
Beləcə, husilər İsrail ərazisində bircə hədəfi belə vurmadan öz raket ehtiyatlarının bir hissəsini
hədər yerə sərf etdilər.
Onlar noyabrın ortalarında yəhudi dövlətinə qarşı savaşın yeni taktikasını – İsrailin Şərqi Asiya
ilə ticarət yollarının keçdiyi Qırmızı dənizin blokadasını sınaqdan keçirməyi qərara aldılar.
“Ənsərullah” bildirdi ki, İsrail bayrağı altında üzən və ya İsrail şirkətlərinə məxsus istənilən mülki
gəmiləri legitim hədəf hesab edəcək. Husilər noyabrın 19-da avtomobil daşıyan “Galaxy Leader”
gəmisini ələ keçirdilər ki, onun operatoru olan “Ray Shipping” şirkəti İsrail vətəndaşına
məxsusdur. Qəsbçilər gəmiyə helikopterdən endilər, bacarıqla və ahəngdar davrandılar, bu da
onların peşəkar ordu təlimatçılarından – yəqin ki, iranlı – təlim aldıqlarını göstərir. İran özü
“Galaxy Leader”ə hücumda iştirakını inkar edir.
Daha sonra husilər Qırmızı dənizdə daha bir neçə mülki gəmiyə hücumlar etdilər, bunun ardınca
naməlum aviasiyanın – çox güman İsrailin – zərbəsi nəticəsində silah anbarlarından biri məhv
edildi.
Husilərin açıq-aşkar quldur davranışları amerikalıları onların statuslarına yenidən baxmağa
vadar edir: “Ənsərullah”ın yaxın vaxtlarda yenidən terrorçu təşkilatlar siyahısına qaytarılacağı
istisna deyil. Bu zaman husilər özləri gərginliyi artırırlar. Onların kamikadze dronları getdikcə
daha tez-tez ABŞ hərbi gəmilərinin ətrafında görünür. Qruplaşmanın rəsmi nümayəndəsi bildirib
ki, “Ənsərullah”ın İsrailə qarşı mübarizəsinə Səudiyyə Ərəbistanı və ya BƏƏ tərəfindən əngəl
törədilməsi həmin dövlətlərin neft mədənlərinin və tankerlərinin məhv edilməsinə səbəb olacaq,
bunun da nəticəsində dünya yanacaq defisiti ilə üzləşəcək. “Avropa və Amerika üçün qış
yaxınlaşır”, – husilər xəbərdarlıq ediblər.

Qırmızı dəniz təkcə İsrail üçün deyil, Çin və Hindistan da daxil olmaqla bir çox dövlətlər üçün
həyati dərəcədə mühüm tcarət yoludur. Asiya malları Avropaya, Avropa malları da Asiyaya məhz
Qırmızı dəniz və Süveyş kanalı vasitəsilə çatır. Qonşu Somalidən olan piratlar 2000-ci illərin
ortalarında və 2010-cu illərin əvvəllərində həmin ərazilərdə ağalıq edirdilər. Onların fəallığı hər il
dünya iqtisadiyyatına 18 milyard dollar zərər vururdu. Piratlar Somali sahilindən min milə qədər
akvatoriyaya nəzarət edir, ələ keçirdikləri gəmilərin heyət üzvlərini döyür və öldürürdülər. İndi isə
onlar heç kəsin yadına düşmürlər: beynəlxalq birliyin sözü bir yerə qoyub Qırmızı dənizə hərbi
donanma göndərməsi kifayət etdi və dünyanın əsas problemlərindən biri ortadan qaldırıldı.
Husi piratlığı ilə də, çox güman, belə davranacaqlar: nöqtə zərbələri ilə bir neçə qərargah məhv
ediləcək, desant dolu helikopterlər vurulacaq, gəmi tutmağa gedən katerləri batırılacaq və
“Ənsərullah” xadimləri ticarət gəmilərinə hücumdan imtina edəcəklər, bir zaman somalililərin
etdikləri kimi. Amma bu, Qəzzada müharibə bitmədən baş verməyəcək. O vaxta qədər İsrailin və
müttəfiqlərinin hərbi və diplomatik səyləri HƏMAS-ın məhvinə yönələcək. Sonra isə əlləri Husilərədə çatacaq
Yadigar Sadıqlı
pressklub
mənbə: https://theins.ru/politika/267546












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.