Rusiyaya qarşı almaz qiyamı

23-12-2023, 12:03           
Rusiyaya qarşı almaz qiyamı
Dünya nəhəngləri bu bahalı daşın rus hərbi maşınını gücləndirməsinə imkan vermək istəmirlər...
Avropa İttifaqı və “Böyük yeddilik” Rusiya Federasiyasına qarşı 12-ci sanksiyalar paketi
çərçivəsində Rusiya almazları ilə ticarətə məhdudiyyətlər tətbiq edib. Həmin ölkələrin ərazisində
yalnız Rusiya markası olmayan almazların alışına, satışına və emalına icazə veriləcək.
Bu qiymətli daşların ticarətinin və emalının dünya mərkəzi – Antverpen şəhəri – yerləşən Belçika
Rusiya almazları ticarətinin qadağan olunmasının lehinədir. Böyük Britaniya da 2024-cü il
yanvarın 1-dən Rusiya almazının idxalını qadağan edəcək.
Niyə Rusiya almazlarına yönəlik Amerika sanksiyaları işləmədi, amma Belçika sanksiyalarına
ümid var? Rusiya almazlarına yeni məhdudiyyətlər Antverpenin keçmiş əzəmətini necə bərpa
edə bilər? Necə oldu ki, məhz Antverpen sayəsində Rusiyanın almazçıxaran “Alrosa” şirkətinin
dünya bazarında payı 30 faizə çatdı? Pressklub.az bütün bunlar barədə “Nastoyaşşee
vremya”nın hazırladığı xüsusi reportajı təqdim edir.
***
Antverpen Avropanın brilyant paytaxtıdır. Belçikanın bu liman şəhəri həmin statusu artıq 500
ildir ki, qoruyur. Harri Potterin dekorasiyasını xatırladan və şəhərin zəngin tarixinin simvolu
sayılan dəmiryolu vağzalı ilə yanaşı brilyant məhəlləsi də var. Bərq vuran zərgərlik məmulatları
ilə dolu vitrinlərə turistlər boylanır.
Amma ən böyük pullar burada, zərgərlik mağazalarının rəflərində deyil, almazların topdan
satıldığı qonşu küçədə dövr edir. Məhz bu fəaliyyət Antverpenə Avropanın brilyant paytaxtı
statusunu qazandırıb.
Adi arxitekturalı ofislərə baxanda buradan hər gün 250 milyon, ildə isə 50 milyard avroluq
brilyantların keçdiyini deməzsən. Dünyadakı emal olunmamış almazların 85 faizinin yolu ən azı
bir dəfə buradan keçir. Onların üçdə biri Rusiyadandır.
Almaz və brilyantlar dolu qutular buraya dünyanın müxtəlif yerlərindən gəlir: Afrika, Kanada və
Rusiyadakı mədənlərdən, pardaqlanmış halda Hindistandakı fabriklərdən, qarışıq və çeşidlənmiş
şəkildə Dubaydan. Mədəndən zinət əşyasına qədərki yolda almaz onlarla əldən keçə bilər.
Antverpendə onlara yenidən baxılır, yenidən dəyərləndirilir, partiyalar halında formalaşdırılır,
satılır, ya da işlənmək üçün Hindistana göndərirlər. Bəzən burada da cilalayırlar, amma cüzi
miqyasda. Bu işlə məşğul olan mini-fabriklər qonşu küçələrdə yerləşir.
Almaz mövzusu Rusiyanın Ukraynaya təcavüzə başlamasından sonra siyasiləşib. Almazlar
Rusiyaya hər il 4,5 milyard avro qazandırır və AB-nin sanksiyaları altına düşməyən ən gəlirli
Rusiya ixracıdır.
Rusiyanın almaz bazarında önəmli oyunçu rolunu qazanmasında Antverpenin rolu az deyil.
2000-ci illərin əvvəllərində Qərbdə “qanlı almazlar” termini yarandı. Termin vətəndaş
müharibəsinin getdiyi Afrika ölkələrindən gətirilən almazlara aid edilirdi. Döyüşən tərəflər məhz
qiymətli daşların satışından əldə olunan gəlirlə silah alırdılar.
Antverpen brilyantları mənfi imicdən qurtarmağın yollarını axtarırdı, Rusiya isə o zaman
perspektivli ticarət tərəfdaşı kimi etibara malik idi. Belçikanın baş naziri 2007-ci ildə Moskvaya
səfəri zamanı Rusiyanı ölkəsinin almaz sənayesi ilə daha sıx əməkdaşlığa çağırdı. Bu da işə
yaradı.
2004-2012-ci illərdə brilyant məhəlləsindəki treydinq kompaniyasında işləyən Devid van
Turnhaut o dövrü xatırlayır. Daha sonra peşəsini araşdırmaçı-jurnalistliyə dəyişən Turnhautun
sonuncu materiallarından biri antverpenli treyderlərin Rusiyanın “Alrosa” şirkəti ilə əməkdaşlığa
başlaması haqdadır.
“Əvvəlcə çətin idi, çünki Rusiya almaz bazarı təşkil olunmamışdı. Haradasa 2007-ci ildə, almaz
bazarında ciddi böhrandan sonra Putin Rusiya almaz bazarını yenidən təşkil etmək və onu daha
peşəkarlaşdırmaq qərarına gəldi. Bu da Antverpen brilyant treyderləri üçün fürsətlər pəncərəsi
oldu”, – Turnhaut yazır.
Moskva “Alrosa”nın inkişafına dövlət büdcəsindən yüz milyonlarla avro ayırdı. Kompaniya
almazların Antverpendə satışı üçün britaniyalı peşəkar taparaq onu amerikalı rəqiblərindən
qamarladı.
“Onlara təcrübəli birisinin köməyi lazım idi və uzun müddət “De Beers”ə işləmiş, Antverpen
bazarını yaxşı bilən mütəxəssis tapdılar, – Turnhaut davam edir. – O da Antverpendəki
adamlarda “Alrosa” ilə əməkdaşlıq istiqamətində entuziazm yaratmağa çalışdı”.
Entuziazm ajiotaja çevrildi. “Alrosa” böyük həcmdə almazlar təklif edirdi – bu isə bazarda az
təsadüf olunur – və onunla iyirmiyə qədər müştəri sövdələşmə bağladı. Van Turnhautun
sözlərinə görə, onların arasında həm kiçik, həm də böyük şirkətlər vardı.
“Mən şirkət tanıyıram ki, bazarda kiçik idi, qısa müddət ərzində çox varlandı. O zaman almaz
sektorunda işlədiyimdən ofislərində olurdum və böyük partiyalarla – az qala vedrələrlə –
almazların gəldiyini görürdüm. Bu brilyantlardan bazarın sadəcə ağlı çaşmışdı”.
Sonra “Alrosa” özü üçün daha sərfəli olan çoxillik müqavilələrə keçdi, buna görə Antverpen
treyderləri böyük və sabit həcmdə almaz partiyaları almalı idilər. Rusiya dünya işlənməmiş
almaz ticarətində öz payını tədricən 30 faizə çatdırdı. Və indi də bazarda duruş gətirməyə imkan
verən addım atdı.
“Onlar öz müştərilərinin boynuna təkcə Antverpendə deyil, Dubayda da ofis açmaq öhdəliyi
qoydular. İndi, Ukraynada müharibə başlayandan sonra bazarın bir çox oyunçuları Rusiya
brilyantlarını birbaşa Dubaya, Dubaydan Hindistana göndərirlər, oradan Belçikaya isə hind
məhsulu kimi qayıdır”, – ekspert izah edir.
Məhz Hindistanda, Surat şəhərində dünyadakı bütün almazların 95 faizini, o cümlədən
Antverpendən göndərilənləri doğrayır və cilalayırlar. Bu işlə yarım milyona qədər insan məşğul
olur. Qərb 2022-ci ilin martında Rusiyanı SVIFT beynəlxalq ödəniş sistemindən ayıranda, eləcə
də ABŞ, Kanada, Böyük Britaniya brilyant sanksiyaları tətbiq edəndə bəzi şirkətlər üçün Rusiya
ilə əməkdaşlıq etmək çətinləşdi.
Qucarat ştatında almaz sənayesi işçilərinin həmkarlar ittifaqının vitse-prezidenti Bhaveş Tankın
sözlərinə görə, Ukrayna müharibəsinə görə Suratda 30-50 min arası insan işini itirib. “Əgər
müharibə tezliklə bitməsə, yaxın vaxtlarda işlərin nə qədər pisləşəcəyini təsəvvür etmək belə
çətindir”, – Tank deyir.
“Alrosa” üçün də işlər çətinləşib, amma düşünüldüyü qədər deyil. Amerika sanksiyaları Rusiya
almazlarının ən böyük istehlak bazarına girişini bağlamalı idi: dünyadakı brilyant əşyaların 58
faizini ABŞ alır. Amma 2022-ci ildə “Alrosa”nın satışları yalnız 25 faiz azalıb.
Tədqiqatçı Hans Merket deyir ki, sanksiyaların problemi Rusiyadan birbaşa ABŞ-a gələn emal
olunmamış almazları əhatə etməsidir. Gerçəkdə isə daşlar Hindistanda cilalandıqdan və
pardaqlandıqdan sonra Birləşmiş Ştatlara gətirilir.
“Rusiya almazları Hindistanda işlənəndən və pardaqlanandan sonra ABŞ gömrüyü tərəfindən
Hindistan brilyantları kimi qəbul edilir, buna görə də asanlıqla bazara girirlər”.
Hans Merket “Rusiya almazları və Ukrayna müharibəsi” adlı hesabatın müəllifidir. Müəllif
Rusiyanın indiyə qədər almazlardan milyardlarla gəlir əldə etməsi ilə yanaşı, “Alrosa” ilə rus
hərbçilərin birbaşa əlaqəsinə diqqət ayırır.
İndi Merketi ekspert qismində Rusiya almazlarına sanksiya ilə bağlı G7 ilə məsləhətləşmələrə
cəlb edirlər. Ukraynaya təcavüzün ilk ilində Antverpen bazarı zərərə düşməmək üçün
sanksiyalara müqavimət göstərirdi: almazlar Belçikanın ixracının 5 faizi və 30 min iş yeri
deməkdir. Amma müqavimətin xeyri olmadı – Antverpen treyderləri onsuz da daha Rusiya
xammalını ala bilmirdilər.
“Bu, maliyyə sisteminin müxtəlif növ məhdudiyyətləri, sərnişin reysləri ilə bağlı logistik
məhdudiyyətlər üzündən baş verdi, axı almazları çox vaxt sadəcə baqajla daşıyırdılar. Bundan
əlavə, istehlakçıların bu brilyantlara nifrəti çoxaldı. Beləliklə, birbaşa idxal indi çox aşağıdır”, –
Hans Merket deyir.
Bunu “brilyant məhəlləsi”ndəki treyderlər də təsdiq edir – kimisi şəxsi söhbətlərdə, kimisi
kameraya: burada kimsə Rusiya almazlarına bulaşmaq istəmir. Honkonq brilyant şirkətinin satış
meneceri Deniş Patın sözlərinə görə, onların müştəriləri aldıqları məhsulun Rusiya mənşəli
olmadığını bilmək istəyirlər.
Amma Rusiya daşlarının Antverpendə, sonra da məşhur zərgərlik brendlərinin zinət əşyalarında
yenidən peyda olmayacağına təminat vermək olmaz.
“Həmin almazlar ticarət habında başqa ölkələrin almazları ilə qarışdığından, ya da Hindistanda
işlənildiklərində mənşə sənədləşməsini itirirlər. Beləliklə, onlar radardan yayına bilirlər və bunu
yoxlamaq çox çətindir”, – Merket izah edir.
Rəqiblərinin – Hindistan və Dubay – ticarət hablarındakı bütün bu prosesləri izləyən, bazarı itirən
Belçika, nəhayət, ticarət sanksiyalarına razılaşdı. Belçikanın baş naziri bunu təcavüzün
başlamasından ilyarım keçdikdən sonra, Zelenskinin oktyabrda Brüsselə səfəri zamanı
səsləndirdi.
Belçika sanksiyalara dünyanın ən güclü iqtisadiyyatlarını – G7 ölkələrini cəlb etməklə ciddi
effektə nail olmaq istəyir. Brilyant məmulatlarının 70 faizini məhz “böyük yeddilik” ölkələri alır.
İdeya ondan ibarətdir ki, almazların mənşəyini izləməklə yalnız G7, yəni Belçika məşğul olacaq.
Almaz mədəndən zinət əşyasına qədər yolun ilk dayanacağını məhz Antverpendə etməlidir,
daha Hindistanda və ya Dubayda yox. Bu, həm sanksiyaların etibarlılığını təmin edər, həm də
sivil bazarı yenidən Antverpenə yönləndirər.

AB və G7-nin brilyant sanksiyaları yanvarın 1-dən qüvvəyə minir. İlk mərhələdə az effektli olacaq:
Amerika sanksiyaları kimi onlar da Rusiyadan işlənməmiş almazın birbaşa idxalını əhatə
edəcək. Amma sonrakı iki mərhələdə – 2024-cü ilin martında və sentyabrında – artıq işlənmiş
daşların izlənilməsi sistemi Antverpendə işə düşəcək. Məhdudiyyətlərin gerçək təsirinin
başlanğıcı məhz həmin tarixlər olacaq.
Bundan sonra Rusiya almazları ilə nə baş verəcək? Ekspertlər deyir ki, onlar ödəniş qabiliyyəti
daha aşağı olan Asiya, Latın Amerikası və digər regionların bazarlarına keçəcəklər və müvafiq
olaraq, ucuzlaşacaqlar. Antverpendə deyirlər ki, hətta yaxın vaxtlarda müharibə qurtarsa da,
Rusiya Ukraynaya təzminat ödəməyənə qədər sanksiyalar ləğv edilməyəcək.
Hazırladı: Yadigar Sadıqlı
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.