“Şiə hilalı” planına qarşı “sülh hilalı” - Tehran iki dəfə düşünməli olacaq

25-01-2024, 12:18           
“Şiə hilalı” planına qarşı “sülh hilalı” -
Cənubi Qafqazda Rusiyanın yerini tutmaq, başqa oyuçuları bölgəyə buraxmamaq haqda planlar İran akademik və siyasi çevrələrinin ciddi müzakirə etdiyi mövzulardan biri olaraq inkişaf etdirilir. Tehran Universitetinin siyasi coğrafiya kafedrasının dosenti Bəhram Əmir Əhmədian qeyd edir ki, İran Mərkəzi Asiya və Qafqaz respublikalarına münasibətdə xarici siyasətində yalnız öz milli maraqlarını deyil, Rusiyanın da maraqlarını nəzərə alır. Rusiya ilə anlaşmasına uyğun olaraq bu regionlara Rusiyanın arxa bağçası (həyati maraq zonası) kimi baxır. Ekspert qeyd edir ki, İranın Avrasiya İqtisadi İttifaqına (mərkəzi Rusiyada), Şanxay Əməkdaşlıq Təşkilatına (mərkəzi Rusiya və Çində) və BRİKS-ə (yenidən Rusiya və Çində) üzvlüyünü nəzərə alsaq, Tehranın regional balansa nail olmaq üçün hələ çox uzun bir yol var.

Onun fikrincə, bölgənin əsas ənənəvi və nüfuzlu oyunçusu olan Rusiya Türkiyə ilə birlikdə hər biri nəzarət payına can atır və İranın oyun meydanını daraltmaq və öz maraqları üçün onu müsadirə etmək istəyir. “Ermənistan Rusiyadan üzünü regiondan kənar oyunçulara (Avropada Fransa, Asiyada Hindistan) çevirir və Azərbaycanın Türkiyənin dəstəyi ilə güc qazanacağından və ya Zəngəzur dəhlizi deyilən layihə ilə ərazi bütövlüyünü təhdid edəcəyindən ehtiyatlanır”.

Əhmədiana görə, İran indi bu fərqli oyunçularla və müxtəlif ziddiyyətli maraqlarla, bəzən də kövrək münasibətlərlə üzləşir. O xatırladır ki, Azərbaycanın Ermənistana qarşı 44 günlük müharibəsi və işğal olunmuş Qarabağ və ətraf ərazilərinin geri qaytarılmasından sonra İranın Ermənistan və Azərbaycanla münasibətləri dəyişib. “Dağlıq Qarabağın qaytarılmasından sonrakı dövrdə İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması daha çox təfəkkür, taktika və təhlil tələb edirdi. Azərbaycanı qiymətləndirməmək olmaz; Bu əsrarəngiz və ağıllı oyundur. Onların İranın Qafqazdakı təsirini azaltmaq kimi iddialı məqsədləri var. Türkiyə tərəfindən dəstəklənən Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsləri İran və Ermənistan arasında münasibətlərə xələl gətirir”.

Britaniyada yaşayan iraqlı alim Heysəm Əl-Zubaidi isə əksinə İran ekspansiyasına qarşı yeni layihələrə ehtiyac duyulduğunu yazır. Lakin onun fikrincə, İranı cilovlamaq mütləq ona və ya yerlərdə ona loyal olan qüvvələrə qarşı müharibədə israr etmək demək deyil. Əmirliklər (BƏƏ)-Azərbaycan münasibətləri modeli ona görə vacibdir ki, iki ölkə bir-birinə yaxındır və bir çox sahələrdə öz fəaliyyətlərini əlaqələndirirlər.

O yazır ki, bir neçə il bundan əvvəl Britaniya parlamentində Azərbaycanın investisiya perspektivlərinə həsr olunmuş gecədə iştirak edib. “Birinci şok azərbaycanlıların iştirak səviyyəsi oldu. Gecənin aparıcısı Prezident İlham Əliyevin qızı Leyla Əliyeva ölkəsi və onun sərmayədarlara nələr təklif etdiyi barədə geniş danışdı. Xanım Əliyeva gözəl gənc qadın olmaqla yanaşı, həm də heyrətamiz dərəcədə zərif idi...Bu cür məlumatlar bizi müasir dövrdə ekstremizmin lideri kimi təsnif edilən İran İslam Respublikasına qonşu olan Azərbaycanı yenidən nəzərdən keçirməyə məcbur edir”.

Zubaidinin təsbitinə görə, istənilən ekspansionist layihə kimi, iranlılar da siyasi və iqtisadi qala kimi dayanan ölkələri ələ keçirməyə, onların təşəbbüslərinə mane olmağa çalışırlar. “Azərbaycanlılar müsəlman olsalar da (75 faiz şiə və 20 faiz sünni), Azərbaycan dini ölkə deyil, müşahidəçilərə görə, ən dünyəvi islam ölkəsidir. Azərbaycanlıların dinlə münasibətlərinin islah edilməsində sovet təsiri əhəmiyyətli idi. Azərbaycanlıların bəlkə də ən mühüm identifikasiyası türk mənşəli olmalarıdır ki, bu da xalqı onlarla eyni məzhəbi bölüşən İrandan daha çox Türkiyəyə yaxın edir. “Son zamanlar Dağlıq Qarabağda gedən müharibələr və regionun erməni əksəriyyətinin Azərbaycandan ayrılma cəhdləri zamanı türklərin hərbi dəstəyi azərbaycanlıların qələbəsində həlledici rol oynamış, iranlılar isə ermənilərə daha yaxın olmuşdu”.

Müəllifə görə, neft, qaz və bir çox digər təbii sərvətlərlə zəngin olan bu ölkə İranın məzhəb layihəsinə qarşı padzəhr kimidir: “İranda milli azlıq olan azərbaycanlılar öz şimali azərbaycanlı qardaşlarını dinləyib, fars millətçiliyi hissi ilə dini dövlətdə yaşamağın nə demək olduğunu başa düşəcəklər. Azərilərin separatçı ermənilər üzərində qələbəsi İrana da güclü mesaj verdi ki, onun şimal sərhədində türk millətçiliyi və güclü dünyəviliyi ilə qürur duyan, İran orbitində olmayan bir ölkə yerləşir”.

Xatırladılır ki, 1991-ci ildə İraqın Küveytdə məğlub olmasından, sonra Amerikanın İraqa hücumundan və 2003-cü ildə rejimin süqutundan sonra İran milli-dini-məzhəb layihəsi əsasında öz dünyasını qura bildi. Qurulan “Şiə Ayparası” İraq, Suriya, Livan və Qəzza zolağı vasitəsilə Aralıq dənizi ilə birləşən, Bəsrə körfəzi, Qırmızı dəniz və Ədən körfəzinədək geniş bir ərazidir. “Bu coğrafi davamlılıq imperiya quruculuğunun bir aspektidir, bir sıra ölkələrdə müxtəlif proksi silahlı qüvvələr formal baxımdan müstəqil olsalar da, demək olar ki, Tehrana tamamilə sadiqdir”.

“Alarab”-da dərc etdiyi yazısında bölüşdüyü qənaətlərdə deyilir ki, Körfəz ölkələri fərqli reaksiya verir və bir müddətdir qarşıdurmanın əsasını təşkil edən ideoloji ekstremizmdən (vəhhabilik -şiəlik qarşıdırumasından) uzaq, rifah və inkişafa əsaslanan əks model təqdim etməyə çalışırlar. Coğrafi məhdulaşdırma effektinə gəlincə, bu, zəngin və dini baxımdan İrana bənzəyən, lakin dünyəvilik və türk etnik duyğuları ilə İrana qarşı çıxan Azərbaycan ola bilər. “Bu, 1980-ci illərin İraq modelinə bənzəyir, lakin o saymazyanalıqdan uzaqdır”.

Bu baxımdan Əmirliklər və Azərbaycan arasında münasibətlər modeli olaraq təqdim edilir: “Hər iki ölkə yaxındır və münasibətlərin bir çox sahələrində öz fəaliyyətlərini əlaqələndirirlər. İl ərzində iki ölkənin liderləri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Prezident İlham Əliyev üç dəfə: iki dəfə BƏƏ-də, bir dəfə Azərbaycanda görüşüblər. Şeyx bin Zayed-in Bakıya son səfəri zamanı strateji və iqtisadi koordinasiyaya və regionda sülhün təmin edilməsi üçün birgə işləməyə yönəlmiş bir neçə birgə anlaşma memorandumu imzalanıb. İranın ekspansionist layihəsi qarşısında yaranan yumşaq sülh hilalı zəruri və vacibdir. Azərbaycan bu ayparanın şimal-şərq kənarında yerləşir. Bunlar öz daxili cəbhələrinin gücünə arxayın olan, eyni zamanda İranın etdiklərinin təhlükəsini anlayan ölkələrdir. Onların arasında yaxınlaşma zəruridir və müxtəlif səviyyələrdə birgə koordinasiya üzrə fəal səylər Tehranı bu ölkələrə qarşı ekspansionist siyasət yürütmək kimi “uğurlu” təcrübəsini təkrarlamaqdan əvvəl iki dəfə düşünməyə vadar edir”.

Cəmaləddin Quliyev, siyasi ekspert












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.