AŞPA mənzərələri: “Dostumuz” kim, “düşmənimiz” kim?

26-01-2024, 12:08           
AŞPA mənzərələri: “Dostumuz” kim, “düşmənimiz” kim?
Bakı daha sərt addımların anonsunu verir – Avropa Şurası və Avropa Məhkəməsi ilə əlaqələr
kəsilə bilər…
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin
etimadnaməsini təsdiqləməmək barədə qərarı bir çox mətləblərə aydınlıq gətirdi. Qurumun 46
üzv ölkəsindən olan 306 deputatından 90 nəfərinin qatıldığı toplantı əvvəldən gözlənilən nəticə
ilə yekunlaşdı.
Toplantıya niyə bu qədər az sayda parlamentarinin qatılmasının əsas səbəbi müzakirələrin
Fransa vaxtı ilə təqribən saat 18:00 radələrində başlaması ilə bağlıdır. Adətən, həmin saata
qədər deputatların bir çoxu AŞPA binasını tərk edirlər. Qurumun prosedur qaydalarına görə,
yetərsay məhdudiyyəti yoxdur, iştirak edənlərin nisbi səs çoxluğu ilə qərarlar, qətnamələr qəbul
olunur.

Azərbaycanın AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum
edilməsinə dair 15898 saylı qətnaməsinin “lehinə” 76, 10 deputat “əleyhinə” səs verib, 4 nəfər
isə “bitərəf” qalıb.
Qərarın əleyhinə səs verənlərin 9-u Türkiyədən, (Yıldırım Toğrul Türkeş, Zeynəb Yıldız, Pelin
Yılık, Meryem Göka, Seda Gören Bölük, Sena Nur Çelik Kanat, Mehmet Akalın, Abdurrahman
Babacan və Mustafa Canbey) biri isə Albaniyadan olan deputat Blerina Gilametidir. Bitərəf
qalanların ikisi İsveçrədən, biri Norveçdən, biri isə Bosniya və Hersoqovinadandır. Türkiyənin
kürdləri təmsil edən Demokrat Partiyasından olan deputat Berdan Öztürk isə AŞPA-nın qərarını
dəstəkləyib.
Maraqlıdır ki, Ukraynanı təmsil edən nümayəndə heyəti səsverməyə qatılmayıb. Onlardan biri,
deputat Aleksey Qonçarenko iclasda çıxış edərək deyib:
“Bu qurum tərkibində Azərbaycana qarşı çox sərt davranılır. Bunun səbəbi nədir? Azərbaycan
2001-ci ildən Avropa Şurasının üzvüdür. O vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib.
Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub“.
Ukraynalı deputat bu çıxışla Azərbaycana qarşı sanksiyaların daxili problemlərlə deyil, xarici
siyasəti və Qarabağı qanunsuz erməni silahlılarından təmizləməsi ilə bağlı olduğunu vurğulayıb.
Rəsmi Bakı üçün məyusedici məqamlardan biri ikitərəfli münasibətlərə önəm verdiyi, enerji
ticarətində əsas tərəfdaş hesab olunan ölkələrin Azərbaycanın əleyhinə səsverməsi oldu.
Xatırladaq ki, qərarın lehinə Ermənistan, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya,
Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya,
İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San-Marino və Serbiya nümayəndələri
səs verib.
Bu sırada Böyük Britaniya və İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Ötən ilin xarici
ticarət göstəricilərində İtaliya birinci sıradadır və bu ölkə yeri son illərdə həmişə ilk pillədə
dayanıb. Azərbaycan neftinin əsas alıcısı İtaliyadır, ölkənin enerji sektorunun ən böyük
sərmayədarı və hasilatçısı isə Böyük Britaniyadır.
Onlarla yanaşı Serbiya da Azərbaycanla xüsusi münasibətlərə malikdir, son illər ikitərəfli
münasibətlər xeyli inkişaf edib.
Xatırladaq ki, AŞPA-nın qərarından əvvəl Azərbaycanın nümayəndə heyəti xüsusi bəyanatla çıxış
edərək qurumun binasını tərk edib. Onların yaydığı mətində qeyd olunur ki, “dünyada heç kim, o
cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməz. AŞPA-nın
tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb”.
Azərbaycan heyəti hesab edir ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanfobiya və
islamfobiya mühiti var. “Bu mühitin fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə
əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”, –
bəyanatda vurğulanır.

AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, Avstriyadan olan deputat Stefan Şennak isə
“Turan”a müsahibəsində bəyanatda səslənən iradların həqiqətə uyğun olmadığını deyib:
“Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərindən məhrum edilməsi
Azərbaycanfobiya və islamfobiyanın təzahürü deyil. Səbəb odur ki, Azərbaycan AŞPA-ya qarşı
saymamazlıq edir. Bu barədə “Azərbaycan Assambleyanı qarşıdan gələn prezident seçkilərinə
dəvət etməməklə öz öhdəliklərini yerinə yetirmədi və Strasburqun müraciətlərinə məhəl
qoymadı“.
Şennakın sözlərinə görə, AŞPA-nın miqrasiya məsələləri üzrə məruzəçisinin Laçın dəhlizinə
getmək üçün müraciətinə iki dəfə rədd cavabı verilib, Azərbaycan üzrə həmməruzəçilərin isə
siyasi məhbuslarla görüşməsinə icazə verilməyib. “Bütün bunlar açıq-aşkar AŞPA-ya qarşı
saymamazlıqdır“, – deyə Şennak bildirib.
Bununla belə, o hesab edir ki, öhdəlikləri yerinə yetirmək məqsədi daşıyan addımlar Azərbaycan
nümayəndə heyətini vaxtından əvvəl AŞPA-ya qaytara bilər: “Biz qətnaməyə düzəliş etdik ki,
islahatlar həyata keçirildiyi təqdirdə azərbaycanlı deputatlar daha əvvəl qayıda bilər. Hesab
edirəm ki, hökumət bundan istifadə etməlidir. Bu, son deyil. Azərbaycanlı deputatları
emosional olmamağa çağırıram. Bu qərarda irqçilik və islamfobiya yoxdur“.
Bundan sonra necə olacaq? Azərbaycan AŞPA-ın irad tutduğu problemləri həll etməyə
çalışacaq, yoxsa, beynəlxalq təşkilatla əlaqələrini dayandırmağa üstünlük verəcək? Qeyd edək
ki, Rusiya yeganə ölkədir ki, səsvermə hüququ əlindən alındıqdan sonra AŞPA üzvlüyündən və
Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından imtina edib.
Bu gün yarımrəsmi mediada rəsmi Bakının AŞPA-ya adekvat cavab vermək niyyətində olduğu
barədə xəbər dərc olunub. APA agentliyi yazıb ki, Azərbaycan özünə qarşı bu haqsız və qərəzli
münasibətlə barışmaq fikrində deyil və hazırda yalnız AŞPA yox, ümumilikdə Avropa Şurasından
çıxma proseduru da rəsmi Bakı tərəfindən araşdırılır. Eyni zamanda, Azərbaycan Avropa İnsan
Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina edə bilər
pressklub.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru