Ticarət mərkəzləri sükuta qərq olub…

27-01-2024, 12:24           
Ticarət mərkəzləri sükuta qərq olub…
Onlayn ticarət real ticarəti sıradan çıxaracaq?
“Uzun zamandır ticarət mərkəzlərinə getmirəm. Bütün geyim ehtiyaclarımı onlayn ticarət
şəbəkələri, ən çox da “Trendyol” vasitəsilə qarşılayıram. Həm qiyməti sərfəlidir, həm də
keyfiyyətli olur. Təkcə geyim yox, digər lazımlı ev əşyaları, elektronik əşyalar, yataq dəstləri,
kitablar, kosmetik vasitələr və sair şeyləri oradan alıram. Endirim kampaniyaları da adamı
daha çox həvəsləndirir. Ticarət mərkəzini gəzib, axtardığımı tapana qədər həm yoruluram, həm
də vaxt itkisi yaşayıram. Ona görə də “Trendyol”dan istədiyimi rahatlıqla və sərfəli qiymətə
tapıb almağa üstünlük verirəm”.
Bakı sakini Firuzə Mehdiyeva Pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib ki, “Trendyol”a
nisbətən ticarət mərkəzlərindəki məhsullar baha və keyfiyyətsizdir. Ona görə də müsahibimiz
uzun müddətdir alış-verişini onlayn üsulla edir.
Son illərdə onlayn ticarət real ticarəti üstələyib. İnsanlar onlayn ticarət saytlarından-Trendyol,
Amazon, Ebay, Aliexpress, Shein və sair kimi platformalardan alış-veriş edirlər. Nəticədə real
ticarət geriləyir, yerli sahibkarların biznesi çökür.

Onlayn ticarətin dünyada trend olduğunu nəzərə alaraq, onun daha çox inkişaf edəcəyini və yerli
real bazarı tamamilə sıradan çıxaracağını düşünənlər var. Bu da real ticarətin tənəzzülü
deməkdir.
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Pressklub.az-a danışıb. O, hesab edir ki,
pərakəndə satıcılar onlayn ticarəti öyrənməlidir.
“Azərbaycana bu tendensiya yeni daxil olub. Digər ölkələr isə artıq 15-20 ildir bu məsələ ilə
bağlı yekdil fikrə gəlib ki, həm iş adamları, həm də sadə vətəndaşlar üçün onlayn ticarət daha
sərfəlidir. Ona görə onlayn ticarətin üstünlüklərindən istifadə etməyi bizim pərakəndə
satıcılarımız da öyrənməlidir. Onlara ticarətlərinin bir hissəsini onlayna keçirmək üçün heç kim
maneə olmur. Bu sistemə keçsələr, xərcləri də azalacaq”.
Müsahibimiz deyir ki, bəziləri onlayn ticarətə maneə yaradacaq təkliflər edir. O, bunun yanlış
olduğunu düşünür.
Əslində real ticarətdə qiymətlərin baha olmasının müxtəlif səbəbləri var. Buna məhsulun maya
dəyəri, daşınma haqqı, gömrük rüsumu, vergi ödəmələri, mağazanın icarə haqqı və sair xərclər
daxildir. Bütün bunları nəzərə alsaq, yerli sahibkarları da qiymət siyasətinə görə qınamaq
çətindir. Nəticədə hər kəs çörək pulu qazanmaq üçün çalışır.
Məsələnin başqa tərəfi də var. Yerli istehsal olmadığı, yaxud istehlakın tələbini ödəmədiyi üçün
ölkə əhalisi istər-istəməz idxal malları istehlak etməli olur. Həmin məhsulların istehsalı elə öz
ölkəmizdə olsa, qiymətlər də aşağı olar. Zamanla yerli sahibkarlar ya tam, ya da qismən də olsa,
onlayn ticarətə keçsələr, bu cür əlavə xərclərdən azad ola bilərlər.
İqtisadçı deyir ki, ənənəvi ticarətlə məşğul olanların mağazası bağlandıqca, işçilərin sayı
azaldıqca sahibkarların müflisləşməsi başlaya bilər. Amma onlayn ticarət çiçəkləndikcə
çatdırılma xidməti, başqa yeni xidmət növləri yaranır. Bu da işsiz qalan insanların bu
platformalarda iş tapmasına yardımçı ola bilər. Onlayn və oflayn ticarət bir-birinə qarşı duran
yox, tamamlayıcı ünsürlər olduqda iqtisadi effekt verirlər.
Müsahibimiz yerli istehsal sisteminin olmaması probleminə də toxunub: “Yerli istehsala
gəldikdə isə onu yaratmaq çətin məsələdir. Öncə onun bu günədək yaranmasına mane olan
problemləri tapıb, aradan qaldırmaq lazımdır. Yerli istehsalın yaranması real ticarəti dirçəldə
bilər. Amma bunun üçün böyük təşviq proqramları, investisiya lazımdır”.
Rəqəmsal marketinq mütəxəssisi Tural Rüstəmli Pressklub.az-a açıqlamasında deyib ki,
Trendyoldan alış-veriş etmək üçün insanların müxtəlif səbəbləri var.

“Bu səbəblərin başında maddiyyat gəlir. Manatın lirə qarşısındakı dəyərini nəzərə alaraq,
insanlar “Trendyol”dan alış-verişə üstünlük verir. Hər kəs düşünür ki, Bakıda eyni pula 1
məhsul almaqdansa “Trendyol”dan 5 məhsul alıb, puluna qənaət edər”.
Müsahibimiz deyir ki, bu baxımdan, bəziləri yerli sahibkarları qiymətləndirmə siyasətində
günahlandırır. Amma o hesab edir ki, yerli sahibkarlar məhsul, gömrük, vergi pulu ödədiyi üçün
biznesdə mənfəət əldə etməyə görə məhsul üzərinə müəyyən qazanc payı əlavə edirlər. Bu
halda dövlət siyasəti tənzimləyib, vergiləri aşağı sala bilər. Və ya müəyyən kateqoriyadakı
sahibkarlara güzəştlər edə bilər. Müvəqqəti və ya davamlı olmaqla, onlara başqa cür vergi
sistemi tətbiq edə bilər ki, insanlar yerli bazardan alış-veriş etməyə meylli olsun.
Rüstəmli deyir ki, bizdə də onlayn alış-veriş saytlarının olmasına baxmayaraq, sistem yanlış
qurulduğu üçün müştərilərin marağını çəkmir: “Hər kəs istəyər ki, öz yaşadığı ölkədəki
markadan istifadə etsin və daha sürətli məhsul əldə etsin. Bunun əvəzinə başqa ölkədən
almağı seçirlərsə, yerli sahibkar müştərini qazanmaq üçün nə etməli olduğunu düşünməlidir”.
Müsahibimizin sözlərinə görə, dünyadakı onlayn ticarət trendi Azərbaycandakından fərqlənir.
Onlar başqa kontentlər üzərində düşünür, daha keyfiyyətli xidmət təqdim etmək üçün çalışırlar.
Məsələn, dünyada dronla çatdırılma trendi var. Bağlama müştəriyə dron vasitəsilə çatdırılır.
Bununla da şirkət tıxac kimi gözlənilməz problemləri aradan qaldırmış olur. Bu gün insanlar
üçün ən vacib şey vaxt və keyfiyyət olduğu üçün bu üsul çox əlverişlidir. Bundan başqa,
“Amazon” şirkətinin insan çalışmayan anbarları var. Bütün prosesi robotlar idarə edir.
Mütəxəssis hesab edir ki, gələcəkdə bu məsələlər bizim sahibkarlar üçün də gündəmə gələcək.
Hazırda yerli sahibkarların həll etməli olduğu məsələlər isə məhsulun keyfiyyəti, qiyməti,
çatdırılma şərtləri, bir sözlə, onlayn alış-veriş prosesinin keyfiyyətidir. Bunlar həll olunsa, digər
xidmətlər ucuz olsa belə müştərilər keyfiyyət üçün əlavə pul ödəməyə razı olacaqlar.
Zaman keçdikcə onlayn ticarət daha çox inkişaf edəcək, müştəri kütləsi artacaq. Ona görə də
bundan sonra onlayn ticarətə maneə olub, real ticarəti dirçəltməyə çalışmaqdansa elə öz
ölkəmizdə onlayn ticarət sistemini lazımi qaydada formalaşdırmalıyıq ki, insanlar xarici
saytlardan məhsul almaq yerinə, elə öz saytlarımızdan alsınlar. Amma bizim yerli
sahibkarlarımız öz bizneslərinə düzəliş edib, yenilənmək yerinə, gedib “Trendyol”u məhkəməyə
verirsə, bura da heç bir inkişafdan söhbət gedə bilməz…
Mövzu ilə bağlı Pressklub.az saytına danışan sosioloq Nail Cəlil deyir ki, onlayn ticarətlə real
ticarət arasındakı fərq ticarət dövriyyəsinin sürətlənməsi, qloballaşması ilə bağlıdır. Ancaq
müsahibimiz sahibkarların müflisləşməsi təhlükəsini digər faktorlarla əlaqələndirir. “Onlayn
ticarət əslində kiçik sahibkarlığı, o cümlədən, sosial sahibkarlığı stimullaşdırır. Yeni
texnologiyalar müəyyən mənada işsizliyə yol açsa belə, iqtisadi fəal əhaliyə, eləcə də
sahibkarlara yeni bacarıqları öyrədir. Yəni, məhsulları daha geniş məkana, rahat, az xərclə,
qısa zamanda təqdim etmək imkanı yaradır. Müasir dövrdə sahibkarlıq həm də strateji
düşüncə, yeni bazar strategiyası, ideya marketinqi, sosial marketinq işi, korporativ məsuliyyət
tələb edir. Müəyyən şərtlər daxilində tarazlığı nəinki saxlamaq, hətta yetərincə önləmək,
riskləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür”.
Müsahibimiz deyir ki, hər iki ticarət sektorunu tarazda saxlamaq üçün sürətlə dəyişən sosialiqtisadi dinamikadan səmərəli faydalanmaq lazımdır. Bu halda, şərtləri mövcud bazar rəqabəti
müəyyənləşdirir. Daha keyfiyyətli və münasib qiymətlərlə məhsul təklif edənlər qazanır.
Ekspertin sözlərinə görə, yerli istehsal sistemi elə formalaşmalıdır ki, xaricdən gətirilən
məhsullarla rəqabətdə daxili məhsullar keyfiyyət və kəmiyyət baxımından üstün olsun: “Belə
olsa, bazar seqmentinin əsas hissəsini milli əmtəələr və xidmətlər tutacaq. Bu, arzuolunandır.
Lakin prosesi birdən-birə gözlənilən sosial-iqtisadi hədəflərə doğru yönəltmək mümkün deyil”.
Ekspertin sözlərinə görə, ideya, fəallıq, təşəbbüskarlıq sahibkarlardan gəlməlidir. Sosial yönümlü
inkişaf, milli iqtisadi sektorun inkişafı üçün SWOT(biznes rəqabəti və ya layihənin
planlaşdırılması ilə bağlı güclü, zəif tərəfləri, mövcud imkanları və təhlükəni müəyyənləşdirən
strateji idarəetmə texnikası – red.) analizinə istinad edən xüsusi idarəetmə metodları tətbiq
oluna bilər: “Müəyyən müəssisələr, uğurlu sahibkarlar bunu bacarırlar. Bu prosedur
texnologiyaların dəyişməsindən maksimum fayda götürməyə hesablanıb və son 30-40 ildir
çox populyardır. Amma iqtisadi strategiya bizdə sahibkarların çoxu üçün hələ ki, anlaşılan
deyil”.
Hələ Azərbaycanın onlayn ticarət sektoru maksimumuna çatmasa belə, əsas tendensiya onun
güclənməsi istiqamətindədir. Bunun üstünə gözlənilən texnoloji intibah mərhələsini də gəlsək,
belə görünür, zaman keçdikcə real ticarət bütünlüklə tarixə qovuşacaq…
Günay Elşən












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.