Bulvar İdarəsində yeni rəhbər: qiymətlər ucuzlaşacaqmı?

31-01-2024, 11:49           
Bulvar İdarəsində yeni rəhbər: qiymətlər ucuzlaşacaqmı?
Prezident İlham Əliyev yanvarın 29-da Xanlar Ağalarovu Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edib. Xanlar Ağalarov bundan öncə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Bulvar İdarəsi 2008-ci il yanvarın 10-da yaradılıb. Bu fərmandan sonra Dənizkənarı Milli Parkın əsaslı şəkildə abadlaşdırılmasına başlanıldı. Görülən abadlıq işləri sayəsində parkın yaşıllıq zolağı xeyli genişləndirildi. Burada yeni ağac və gül növləri əkildi. Onların arasında olan ekzotik bitkilər (palmalar, Argentinadan gətirilmiş baobablar, Meksikadan gətirilmiş kaktuslar və s.) bulvarın gözəlliyini daha da artırır. Ərazidə yeni attraksionlar və kino nümayişi ilə bağlı məkanlar da var. Burada özünəməxsus istirahət növü olan dəniz gəzintisi də təşkil olunur. Milli Parkın ərazisinin genişləndirilməsi və inkişafı dövlət başçısı İlham Əliyevin daim diqqətindədir. Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə Avroviziya musiqi yarışması ərəfəsində Dənizkənarı Milli Parkın ərazisinin Bakı İdman Sarayından Dövlət Bayrağı Meydanına qədər uzadılması işləri tamamlandı. Şəhər sakinlərinin istifadəsinə verilən Yeni Bulvarın ərazisi 1,8 kilometr, sahəsi 17,26 hektardır. Bu ərazidə tarixi əhəmiyyətli məkanlar yaradılıb. Dövlət Bayrağı Meydanı, Dövlət Bayrağı Muzeyi və Avroviziya müsabiqəsinin keçirildiyi idman-əyləncə kompleksi olan Bakı Kristal Zalı da bu məkanların sırasına daxil edildi.

2015-ci ildə Birinci Avropa Oyunları ərəfəsində bulvarın iki istiqamətdə genişləndirilməsi işi başa çatdı. Birinci istiqamət Dövlət Bayrağı Meydanından (Daş Salnamə Muzeyinin qarşısından) Bibiheybət istiqamətində genişləndirilən “Bayıl Bulvarı”, digər istiqamət isə Dəniz Ticarəti Limanından “Bulvar” hotelə kimi uzadılan Ağ Şəhər Bulvarıdır. Bakı “Ağ Şəhər” Bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 34,6 hektardır. “Bayıl Bulvarı”nın uzunluğu 9,2 kilometr, sahəsi 123,394 hektardır. Yeni bulvar ərazisində yenidənqurma və abadlıq işləri nəticəsində müxtəlif istirahət və iaşə obyektləri ilə yanaşı müasir mədəniyyət obyektləri də inşa edilib. Bu gün Bakı Bulvarının ərazisi 215.164 hektar olmaqla, uzunluğu 16,7 kilometrə çatdırılıb. Dövlət başçısının sərəncamları ilə 2016-cı ildə Əfqan Şahmarov Dənizkənarı Bulvar İdarəsinin rəisi vəzifəsindən azad edilib, həmin posta İlqar Mustafayev təyin olunub. O zamandan bu vəzifəni İ.Mustafayev icra edirdi.

Bakı Bulvar İdarəsi uzun müddət Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərsə də sonradan bu qurum birbaşa Nazirlər Kabinetinin tabeçiliyinə verilib. Görəsən, rəhbər dəyişikliyi bulvardakı xüsusilə iaşə obyektlərindəki qiymətlərə təsir edəcəkmi?

Xatırlatmaq yerinə düşər ki, qiymətlərin baha olması ilə bağlı media vasitəsilə dəfələrlə narazılıq bildirilsə də, idarədən verilən cavab dəyişməz olaraq qalıb:

“Qiymət siyasətini Bulvar İdarəsi yox, sahibkarlar özləri müəyyən edir. Bu, bazar iqtisadiyyatı şəraitində hər bir sahibkarın özünün müəyyənləşdirdiyi qiymətdir. Qiymət tələb-təklif əsasında formalaşır. Biz sadəcə tövsiyə veririk, onların işinə qarışa bilmərik”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Müsavat”a şərhində qeyd etdi ki ictimai iaşə müəssisələrində qiymətlər tələb-təklif əsasında müəyyənləşir. V.Bayramov qiymətlərin müəyyənləşdirilməsinin xərcə və tələbə uyğun olaraq həyata keçirildiyini diqqətə çatdırdı: “Dənizkənarı Bulvar İdarəsi Milli Parkın ərazisində yerləşdiyi üçün dövlət büdcəsindən vəsait ayrılır. Vurğulamaq yerinə düşər ki, bulvarın bərpası, müasir standartlara uyğun olaraq yenidən qurulması üçün büdcədən vəsait ayrılır. Bu o deməkdir ki, infrastrukturun formalaşdırılmasında büdcədən ayırmaların xüsusi rolu var. Bu baxımdan, qiymətlərin əlçatan olması olduqda vacibdir. Təbii ki, Milli Parkda istirahət etmək istəyən vətəndaşların sayı çoxdur. Lakin bu o anlama gəlməməlidir ki, iaşə obyektləri bu amildən istifadə edərək yüksək qiymət müəyyənləşdirməlidir. Birmənalı şəkildə qiymətlər müəyyənləşdirilən zaman vətəndaşlara xidmət fəlsəfəsi, eyni zamanda dövlət büdcəsindən ayrılan vəsait amilləri nəzərə alınmalıdır. Hesab edirəm ki, Milli Parkda qiymətlərin optimallaşdırılması və vətəndaşlar üçün əlçatan olması üçün daha sistemli işlərin görülməsinə ehtiyac var. Bu istiqamətdə real addımların atılması məqsədəuyğundur”.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Dənizkənarı Bulvar İdarəsi iaşə obyektlərinin idarəedilməsi ilə mükəlləfdir, lakin bir çox hallarda söhbət birbaşa idarəçilikdən getmir: “İaşə obyektləri başqa şirkətlərə icarə verilir. Bu baxımdan, qiymətlərin müəyyənləşməsində icarə haqqının ciddi rolu olur. Dövlət orqanlarının qarışa biləcəyi məsələ qiymətləri tənzimləmək yox, icarə qiymətlərini monitorinq etmək ola bilər. Bu, tam şəffaf prosedur olmalıdır. Amma təəssüf ki, bununla bağlı heç bir məlumat yoxdur. İctimaiyyətə açıq məlumatlar verilmir. İaşə obyektləri kimə, hansı qiymətə icarə verilir? Sözügedən obyektləri işlədənlər isə icarə haqqının yüksək olmasından narazıdırlar. Yəni qiymət siyasətinə birbaşa müdaxilə etmək mümkün deyil. İaşə obyekti özəl şirkətə icarəyə verilibsə, qiymətlərin müəyyənləşdirilməsi sərbəstdir. Şirkətin yeganə öhdəliyi qazancından vaxtlı-vaxtında, doğru-dürüst vergi verməkdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.