Sülh sazişi ilə bağlı 8 kənd şərti - NƏ BAŞ VERİR?

2-02-2024, 17:58           
Sülh sazişi ilə bağlı 8 kənd şərti - NƏ BAŞ VERİR?
Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə dövlət komissiyalarının altıncı iclasının gündəliyi ilə bağlı ilkin məlumatlar ortaya çıxıb.

Torpaqları azad etdikdən sonra Azərbaycan ilk növbədə Cənub-Qərbi Azərbaycanla Cənubi Ermənistanın təmas zonalarında sərhədlərin delimitasiyası məsələsini qaldırıb. Bu barədə “Qafqaz bürosu” “Telegram” kanalı məlumat yayıb.

Xatırladaq ki, Azərbaycanın və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində keçirilən görüş yanvarın 31-də Qazax rayonunun Karvansaray (İcevan) rayonu ilə sərhəddində baş tutub. Azərbaycan tərəfdən komissiyaya Şahin Mustafayev, Ermənistan tərəfdən isə Mher Qriqoryan rəhbərlik edib.

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilməyib. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.

Adıçəkilən mənbə qeyd edir ki, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası məsələsinə aşağıdakılar daxil edilib:

1. Şərqi Zəngəzur (Azərbaycan) və Qərbi Zəngəzurdakı (Sünik, Ermənistan) sərhəd məntəqələrinə dair məsələlər.

2. Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsi boyunca yerləşən anklav kəndlərin məsələsi.

3. 2018-ci il “Günnüt” əməliyyatından sonra Naxçıvan ərazisində qalan erməni postları məsələsi.
Delimitasiya məsələlərində isə Azərbaycan aşağıdakıları tələb edib:

1. Ermənistan-Azərbaycan sərhədinin beynəlxalq hüquq əsasında tam bərpası.

2. 30 ildir ərazisi işğal altında olmuş Azərbaycana Ermənistanın hər hansı iddiasını neytrallaşdırmaq üçün delimitasiya məsələsində ən xırda detala belə maksimum diqqət etmək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli telekanallara verdiyi müsahibəsində komissiyaların növbəti görüşündə əsasən Qazax-Tovuz bölgəsi üzrə sərhədlərin delimitasiyasının müzakirə olunacağını demişdi. Azərbaycan Ermənistana sərhəddin mərhələli delimitasiyasını təklif edib.

Bu proses əvvəlcə şimal-qərb istiqamətində aparılmalıdır. Həmin istiqamətdə ən mübahisəli ərazi Qazax rayonunun işğal altında olan yeddi kəndi ilə bağlıdır. Azərbaycan birinci mərhələdə anklav olmayan dörd kəndi (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı) qaytarmağı təklif edib. Anklav olan Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərinin qaytarılması isə delimitasiya komissiyasının müzakirəsinə saxlanılıb.

Yəni anklav kəndlərin işğalına son qoyulması həmin istiqamətində sərhədin müəyyənləşməsi ilə paralel aparılmalıdır. Lakin Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi bu məsələnin üzərində dayanmır. Ermənistanın görüşdən bir neçə gün əvvəl yaydığı son açıqlamada görüşdə sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının əsasnamələrinin müzakirə olunacağı qeyd edilirdi. Bu isə Ermənistanın işğal altındakı kəndləri qaytarmaqda maraqlı olmadığını göstərir.

Ermənistan parlamentinin sədri Alen Simonyan isə görüş başlamazdan öncə hər iki tərəfin xəritələrlə bağlı razılaşma əldə edə bilmədiyini və komissiyaların bu məsələyə aydınlıq gətirəcəyinə ümid etdiyini deyib. Yəni rəsmi İrəvan 1975-ci il xəritəsində razılıq əldə olunana qədər Azərbaycanın təkliflərini qəbul etməkdə maraqlı görünmür.

Hətta Ermənistan hakimiyyəti Azərbaycan Konstitusiyasına dəyişiklik etmək şərtini irəli sürür. Ermənistan müasir Azərbaycan dövlətinin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisliyindən imtina etməsini istəyir. Bununla da Paşinyan hökuməti Azərbaycanın 1918-1920-ci illərdə mövcud olmuş tarixi sərhədlərini tələb etməməsinə, delimitasiya prosesinin 1975-ci il xəritələri əsasında aparılmasına nail olmaq istəyir. Halbuki, Sovet dövründə Azərbaycanın 20 min kvadrat kilometr ərazisi qanunsuz olaraq Ermənistana verilib. İndi Azərbaycanın həmin torpaqları geri qaytarmaq hüququ var.

Ermənistan Sovet dövrünə aid və 29,8 min kv.km. ərazini əhatə edən inzibati sərhədlərini saxlamaq üçün konstitusiya islahatı həyata keçirərək 1918-1920-ci illərdə mövcud olmuş Ararat Respublikasının siyasi varisliyindən imtina etmək istəyir. Eyni tələbi Azərbaycan qarşısında ekvivalent və ya “güzgü prinsipi” əsasında irəli sürməklə 1991-ci il Alma-Atı Bəyannaməsinin imzalandığı dövrə aid sərhədlərin qarşılıqlı tanınmasına can atır. Çünki Ermənistan Alma-Atı Bəyannaməsinin imzalanmasından sonra Azərbaycana qarşı işğalçılıq müharibəsi aparmaqla öz sərhədlərindən imtina edib.

Ona görə də Paşinyan hökuməti sərhədlərin müəyyənləşməsi prosesi ilə bağlı çətin vəziyyətə düşüb. İşğal altındakı kəndlərin qaytarılmaması da əslində, bu məsələdə Azərbaycana təzyiq məqsədi daşıyır. Sərhədlər 1975-ci ilin xəritələri əsasında delimitasiya və demarkasiya olunsa belə, Ermənistan yalnız işğal etdiyi kəndləri deyil, 1982-1984-cü illərdə Qazax rayonundan qanunsuz olaraq qopardığı 2000 min hektara yaxın torpaq sahəsini də qaytarmalıdır.

Qeyd edək ki, hazırda Qazaxın yeddi kəndindən əlavə Quşçu Ayrım kəndinin ətrafındakı yüksəkliklər də işğal altındadır. Ermənistan Quşçu Ayrım və Bağanıs Ayrım kəndləri arasında yerləşən həmin əraziləri qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır. Ümumiyyətlə, işğal altındakı kəndlər Azərbaycanın suveren əraziləri olduğuna görə delimitasiya prosesinin tərkib hissəsi kimi gələcəyə saxlanıla bilməz və Ermənistan öz qoşunlarını həmin torpaqlardan qeyd-şərtsiz çıxartmalıdır.

Əks-təqdirdə, Azərbaycanın həmin əraziləri güc tətbiq etməklə azad etmək hüququ var.

İkincisi, anklav kəndlər azad olunmasa, kommunikasiyalar açılmayacaq və Ermənistan blokadada qalmaqda davam edəcək. Çünki Sofulu və Barxudarlı kəndləri Azərbaycana qaytarılmasa, Bakı-İcevan dəmir yolu, eləcə də Yuxarı Əskipara azad edilməsə həmin istiqamətdə Azərbaycan-Ermənistan avtomobil yolu açılmayacaq.

Əgər sərhədlərin müəyyənləşməsi 1918-1920-ci illərin xəritələri əsasında aparılsa, o zaman 1924-1928-ci illərdə Qazax qəzasından alınaraq qanunsuz olaraq Ermənistana verilmiş 5 min hektar ərazi Azərbaycana qaytarılmalıdır. Bundan başqa, Ermənistanın 1988-ci ilə qədər azərbaycanlılar yaşamış və İcevan rayonunun tərkibinə daxil olan Bibiş, Lələkənd, Hönüt və Tatlı kəndləri də öz tarixi sahiblərinə verilməlidir.

Eyni vəziyyət Zəngəzur istiqamətində də müşahidə olunur. 1920-ci ildə Zəngəzur mahalı partiya orqanının qərarı ilə qanunsuz olaraq Ermənistana verildiyindən Azərbaycanın həmin əraziləri geri tələb etməsi beynəlxalq hüquqa uyğundur. Qərbi Hazırda Sədərk rayonunun işğal altında olan Kərki kəndinin anklav vəziyyətə düşməsi də Qərbi Zəngəzur və Şərur-Dərələyəz mahalının torpaqlarının Ermənistana bağışlanması nəticəsində yaranıb.

Bundan istifadə edən ermənilər Sədərək rayonu ilə Kərki kəndi arasındakı “Kərkinin düzü” yüksəkliyini işğal edib. Ona görə də Ermənistan yalnız Kərki kəndini deyil, həm də Qərbi Zəngəzurun torpaqlarını, Şərur-Dərələyəz mahalının kəndlərini, Naxçıvan MR-nin “Həsənqulu Bağı” adlanan ərazisini, “Kərkinin düzü”nü Azərbaycana qaytarmalıdır. 2018-ci ildə “Günnüt” yüksəkliyinin Ermənistan işağlından azad edilməsi əməliyyatından sonra Azərbaycan Ordusu mühüm strateji mövqelərə sahib olub.

Lakin Ermənistan həmin istiqamətlərdə bəzi postlarını saxlamaqla hələ də Azərbaycana qarşı ərazi iddiasını davam etdirir. Şərqi Zəngəzur istiqamətində Zəngilan rayonunun doqquz kəndi, o cümlədən Nüvədi kəndi qanunsuz şəkildə Ermənistana verilib. Ona görə də Ermənistan Sovet dövrünə dair xəritələrin tətbiqini təklif etməklə həmin əraziləri özündə saxlamağa çalışır. Ümumilikdə isə 8 kəndlə bağlı işğal faktı aradan qalxmasa, sülh sazişi imzalanmayacaq. Bu isə şərti sərhəddə yeni münaqişə mənbəyi deməkdir.

Müşfiq Abdulla
"Cebhe.info"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru