Həkim həyəcan təbili çaldı: Nazirlik susmadı - AKTUAL

5-02-2024, 17:18           
Həkim həyəcan təbili çaldı:
"Ölkəmizdə infeksion xəstəliklərə yoluxma hallarının çoxalması günümüzün aktual məsələlərindən biridir. Ya hər kəs peyvənd olunmalıdır, ya da uşaq kollektivləri bağlanılmalıdır".

Bu sözləri "Cebhe.info"-ya açıqlamasında pediatr Vaqif Qarayev deyib.

O bildirib ki, yoluxucu infeksiyalardan qorunmağın 2 yolu var:

"Vaksinasiya və təcrid prosesi əsasdır. Bizdə isə infeksiyalara əsasən uşaqlar yoluxur. Başa düşürəm ki, məktəb və bağçaların bağlanması hökümət üçün asan məsələ deyil. Lakin biz özümüzü nə qədər arxayınlaşdırsaq da, bu infeksiya bitmir, arta-arta gedir. Hər dəfə mətbuatda qızılcadan ölüm hadisəsi ilə bağlı xəbər yayılanda hər kəs həyəcanlanır, "qorunmaq üçün nə edək" deyə fikirləşir.

Söhbət yanlız qızılcadan getmir. Amma digər peyvənd altına düşən xəstəliklər var. Məsələn, heç kim zəmanət verə bilməcəyək ki, sabah difteriya yayılar, yoxsa yox. Göyöskürək peyvənd altına düşən xəstəlikdir, amma hazırda göyöskürəyə yoluxan uşaqların hamısı peyvəndsizdir, bu da ciddi xəstəlikdir".

Pediatr vurğulayıb ki, qızılcaya yoluxmada stabilləşmə yoxdur:

"Yerli mətbuatda rəsmi şəxslər bildirir ki, vəziyyət stabilləşir, axı stabilləşmir. Hər kəs əhalini qınayır ki, peyvənd olunmurlar. Amma bu da çıxış yolu deyil, ortada yoluxma ilə bağlı ciddi fakt var, üstəlik uşaqlarla birgə böyüklər də qızılcaya yoluxur.

Məsələ qızılca ilə də bitmir, qeyd etdiyim kimi, peyvənd altına düşən digər xəstəliklərin də epidemiyası ola bilər. Məsələn, 90-cı illərdə Qarabağ müharibəsi ilə bağlı idarəolunmaz miqrasiya vardı, uşaqlar da peyvəndsiz qalmışdı. Nəticədə, ölkədə difteriya adlı çox təhlükəli xəstəlik yayılmışdı.

Mənim məktəbləri, yaxud bağçaları bağlamaq kimi səlahiyyətim yoxdur, ancaq çıxış yolu da tapmaq lazımdır. Peyvən də ölkədə məcburi deyil, könüllüdür. Lakin vəziyyəti də axarına buraxmaq olmaz. Ya hər kəs peyvənd olunmalıdır, ya da uşaq kollektivləri bağlanılmalıdır".

Səhiyyə Nazirliyi isə pediatrın fikirləri münasibət bildirib.

Nazirlikdən "Cebhe.info"-ya verilən məlumata görə, aparılan profilaktik və əksepidemik tədbirlər nəticəsində ölkədə göyöskürək xəstəliyi qeydə alınmayıb:

"Hazırda ölkədə qış fəsli ilə əlaqədar mövsümi qrip, kəskin respirator virus infeksiyaları, koronavirus infeksiyasına yoluxma hallarına təsadüf edilir. Ölkə ərazisində Qızılca və Hepatit A xəstəliklərinin səviyyəsində isə azalma müşahidə olunub.

Respublikanın bütün şəhər və rayonları üzrə qızılca əleyhinə peyvənd ilə əhatə olunma 96-98 % arasındadır. Hazırda peyvənddən kənarda qalan uşaqların və eyni zamanda böyük yaşlı əhalinin qızılcaya qarşı peyvənd olunması davam etdirilir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.