Azərbaycanlılar pul xərcləməkdə ərəbləri keçdilər - “Trendyol”un sirri...

20-03-2024, 10:46           
Azərbaycanlılar pul xərcləməkdə ərəbləri keçdilər -
Türkiyə şirkəti bu il xaricə satışı 2,2 milyard dollara çatdırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, Bu ilin fevral ayında Azərbaycan “Trendyol” vasitəsilə ən çox mal alan ölkələrdən biri olub. Bu barədə platforma rəhbərliyi Türkiyə mətbuatına məlumat açıqlayıb. Məlumatdan aydın olur ki, “Trendyol” vasitəsilə dünya bazarları ilə tanış olan türk istehsalçıları fevral ayında ən çox satışı Azərbaycana və Səudiyyə Ərəbistanına həyata keçirib. Fevral ayında Türkiyə daxilində ən çox e-ixrac edilən şəhərlər isə İstanbul, Bursa, İzmir, Ankara, Adana, Qaziantep, Dənizli, Aydın, Mersin və Antalyadır: “Almaniya ilə başlayan beynəlxalq genişlənmələrini Azərbaycan, Körfəz ölkələri, Mərkəzi və Şərqi Avropa bazarları ilə davam etdirən "Trendyol" türk məhsullarını və istehsalçılarını dünya bazarlarına çıxarmağa davam edir".

“Trendyol” şirkətinin idarə heyətinin sədri Erdem İnan bildirib ki, 2023-cü ildə şirkətin Azərbaycanda 1,3 milyon müştərisi olub və ölkəmizə 6,3 milyon ədəd sifariş çatdırıb.

Məlumata əsasən, “Trendyol” vasitəsilə xaricə ən çox satılan türk məhsulları köynəklər, paltar, idman ayaqqabıları və pijama dəstləri olub.

Qeyd edək ki, Türkiyədə e-ticarət çox böyük sürətlə inkişaf edir. 2023-cü ildə ölkənin onlayn satıcıları ümumi ticarəti 1,2 trilyon lirəyə çatdırmağı hədəflədikləri halda ilin yekununda 1,6 trilyon lirəlik nəticə əldə olunub. Ölkə üzrə ümumi ticarətdə e-ticarətin payı 22 faizə, pərakəndə ticarətdə payı isə 16 faizə çatıb. Bu il ərzində e-ticarətin həcminin 2,2 trilyon lirəyə çatması gözlənilir.

Türkiyə e-ticarətində mühüm payı olan “Trendyol Group” bir neçə platformadan ibarətdir. Şirkət ikinci əl malların alqı-satqısı platforması olan “Dolap”, nəqliyyat şəbəkəsi olan “Trendyol Express”, “Trendyol Go” və rəqəmsal transformasiyaya yönəlmiş “Ar-Ge” mərkəzi olan “Trendyol Tech” ilə birlikdə fəaliyyət göstərir. “Trendyol Ekspress” kuryer və xidmət sahəsində çalışanların sayı 4 mindən çoxdur.

Böyüməsi ilə paralel olaraq təklif etdiyi xidmət və məhsulları genişləndirərək bazar modelinə keçən “Trendyol” moda, ev və mebel, elektronika, ana-uşaq, qida və kosmetika kimi bir çox kateqoriyada istehlakçılarına hər il 300 milyondan çox məhsul təqdim edir. İl ərzində 15 milyondan çox müştərisi olan və orta hesabla aylıq mobil ziyarəti 180 milyon olan bu platformanın mobil tətbiqi təqribən 45 milyon dəfə yüklənib.

Şirkətin tərkibində olan “Trendyolmilla” və “Trendyol Man” 190 ölkəyə geyim məhsulları ixrac edir. Hazırda şirkətin bazar dəyərinin 17 milyard dollara yaxın olduğu bildirilir.

“Trendyol” rəhbərliyinin verdiyi məlumata görə, şirkət Almaniya, Azərbaycan və Körfəz ölkələrində ticarəti genişləndirməklə yaxın 3 ildə elektron platformalar üzərindən 10 milyard dollarlıq mal ixracına nail olmağı hədəfləyir.

Ötən il “Trendyol”un mal ixracı 650 milyon dollar təşkil edib. 2024-cü ildə bu göstəricinin 2,5 milyard dollara, 2028-ci ildə isə 5 milyard dollara çatdırılması nəzərdə tutulur. 2023-cü ilin mayından indiyədək “Trendyol” vasitəsilə 85 min Türkiyə satıcısı 149 min adda məhsulunu xaricə satmaq imkanı əldə edib.

Qlobal statistikaya əsasən, dünya üzrə pərakəndə ticarətin 19,5 faizi elektron platformalar üzərindən reallaşdırılır. Bu pay ildən-ilə böyük sürətlə artır, e-ticarət ixracatın əsasına çevrilir.

Azərbaycanda xaricdən onlayn yolla malların alınaraq ölkəyə idxal edilməsi son 10 ildə böyük sürətlə genişlənib. Hətta müəyyən qrupların təsiri ilə ölkəyə onlayn sifarişlə bir sıra məhsulların, o cümlədən mobil telefonlar, müxtəlif məişət və şəxsi istifadə texnikalarının, aksessuarların idxalının qarşısını alan addımlar atılıb. Son illərdə Azərbaycana geyim idxal edən iş adamları analoji addımların geyim məhsullarına münasibətdə də atılmasına nail olmağa çalışırlar. Xüsusilə “Trendyol”dan alış-verişin artması ölkədə pərakəndə satışla məşğul olan sahibkarları çox ciddi şəkildə narahat edir. Bəs əhalini yerli mağazalardan qoparıb, “Trendyol” və digər onlayn satış platformalarına yönləndirən hansı amillərdir? Sualın cavabı çox sadədir: qiymət fərqi. İnsanlar onlayn qaydada Türkiyədən aldıqları 10 manatlıq köynəyin yerli mağazalarda 20 manata satıldığını gördükdən sonra hansı məntiqlə alış-verişi yerli mağazadan edə bilər?

Onu da bildirək ki, “Trendyol” “PaşaHoldinq”lə əməkdaşlığa başlamamışdan öncə Azərbaycanda Türkiyədən malların onlayn alışıına problemlər yaradılacağına dair çoxsaylı məlumatlar yayıldı, sosial şəbəkələrdə ciddi müzakirələr aparıldı. Hələlik bu əməkdaşlığın vətəndaşlara hansısa mənfi təsirləri müşahidə olunmur. Doğrudur, bir sıra firmaların məhsullarını “Trendyol” birbaşa Azərbaycana göndərmir - onların burada rəsmi distribütorları var. Və hazırda istehlakçıları narahat edən ən başlıca məsələ də budur. Lakin yaxın illərdə bu problemin aradan qaldırılması üçün addımların atılacağı istisna edilmir.

Yeri gəlmişkən, Azərbaycanda e-ticarət xüsusilə koronavirus pandemiyasından sonra böyük sürətlə inkişaf edir. Mərkəzi Bankın illik “Rəqəmsal Ödənişlər İcmalı”na əsasən 2023- cü ildə ölkədə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənib. Belə ki, 2024-cü il yanvarın 1-i tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 16.9 milyon ədəd təşkil edib və bu kartların 77 faizi təmassız ödənişləri dəstəkləyib. 2022-ci illə müqayisədə ödəniş kartlarının sayı 24 faiz, o cümlədən təmassız kartların sayı 32 faiz artıb.

Emissiya edilən ödəniş kartlarının 87 faizini (14.7 milyon ədəd) debet kartlar, 13 faizini (2.2 milyon ədəd) isə kredit kartları təşkil edib. 2023-cü il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2022-ci il ilə müqayisədə 56 faiz artaraq 88.1 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 49 milyard manat olub.

Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci illə müqayisədə 12.4 faiz bəndi yüksələrək 55.6 faizə bərabər olub.

2023-cü il ərzində Azərbaycanda ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 39 milyard 171 milyon manat, ölkəxarici elektron ticarət əməliyyatlarının həcmi isə 1 milyard 946 milyon manat olub. Əvvəlki illə müqayisədə ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 2.1 dəfə və ya 20 milyard 655 milyon manat, ölkəxarici elektron ticarət əməliyyatlarının həcmi isə 16.7 faiz və ya 278 milyon manat artıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, açıqlanan rəsmi statistika e-ticarətin real həcmini əks etdirmir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59,0 milyard manatlıq, o cümlədən 33,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,0 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Mərkəzi Bankın elektron ticarətlə bağlı açıqladığı rəqəmi nəzərə aldıqda, ötən il ölkədə pərakəndə ticarətin 66 faizinin elektron qaydada həyata keçirildiyi aydınlaşır. O.Gündüz hesab edir ki, bu, doğru ola bilməz: “Azərbaycanda elektron ticarətin illik dövriyyəsi nə qədərdir? Mərkəzi Bankın açıqladığı rəqəmlərə inansaq, bu göstərici pərakəndə ticarətin təxminən 70 faizidir. Yəni Mərkəzi Bank deyir ki, qanunvericilikdə nəzərdə tutulan qaydada elektron ticarət əməliyyatlarının ötənilki dövriyyəsi 40 milyard olub. Nəzərə alsaq ki, ölkədə pərakəndə ticarət dövriyyəsi 60 milyard civarındadır, onda məlum olur ki bizdə az qala bütün alış-veriş e-ticarət üzərindəymiş. Düşünürəm ki, bu doğru yanaşma deyil. Əlbəttə, Mərkəzi Bank deyə bilər ki, ”Elektron ticarət" haqqında Qanunda göstərilənləri nəzərə alıblar. Yəni rəqəmsal mühitdə, nəqdsiz baş verən bütün əməliyyatları e-ticarət olaraq qəbul ediblər. Amma e-ticarət dövriyyəsi ilə bağlı beynəlxalq metodika tam fərqlidir".

Ekspert bildirir ki, qonşu ölkələrdə də bir neçə illər öncə bu tip problemlər vardı: “Lakin onlar artıq bu mərhələni keçiblər. Metodikalarını beynəlxalq standartlara uyğunlaşdırıblar. Məsələn, hazırda daha sürətlə inkişaf edən Qazaxıstanda e-ticarət dövriyyəsinin rəsmi göstəricisi 12 faizdir. Düşünürəm ki, Dövlət Statistika Komitəsi e-ticarətin hesablanması metodikasına, "70 faiz e-ticarət dövriyyəsi" məsələsinə aydınlıq gətirməlidir. Ölkədaxili və ölkəxarici real alış-veriş əsas götürülməlidir". (Musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.