Moskva gülləbaranı: Kremlin "qırmızı xətti" keçildi, Putin nüvə bombasına əl atacaqmı?
23-03-2024, 10:17
Moskva terroru Rusiyada son illərdə olmamış bir hücum idi. Son xəbərə görə, 70 ölən, 140-dan çox yaralı var. Bu teraktı kimlər edib yox, hansı qüvvələr sifariş verib sualı indi hamını düşündürür. Əvvəlcə, İŞİD tərəfindən terror edildiyi xəbərini mötəbər və nüfuzlu KİV-lər yaysa da, təsdiqii tapmadı. "Kommersant" isə yazıb ki, "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında Rusiya Könüllülər Korpusunun əli ola bilər. "Kommersant”ın mənbələrinə görə, terrorçular boyu 180 sm-ə qədər olan gənc slavyanlardır. Ola bilsin ki, saxta saqqal və bığlardan da istifadə ediblər. Hücum edənlər hərbi geyim, o cümlədən hündür çəkmələr geyiniblər.
Rusiya İstintaq Komitəsinin təqdim etdiyimiz videosundan da görünür ki, onlar çoxlu sayda patron və sursata sahib olublar.
Lakin bu terror isti-isti üç cür izah oluna bilər: Rusiyada hakimiyyət içində bəzi qüvvələr Putinə qarşı seçkidən sonra teraktla mesaj verir, xof yaradır, xalqda dövlətə inamsızlıq yaradır, yaxud beynəlxalq güclər ölkə daxilində destabilizasiya formalaşdırır. Onsuz da Qərb dövlətləri öncədən terror təhlükəsi xəbərdarlığı etmişdilər. Amma bunu edənlər konsert zalına əli silahlı şəxslərin rahat şəkildə girməsi, qabağına çıxanı gülləməsi ilə Putin rejiminə meydan oxudular. Yəni Moskvada, sənin gözünün qarşısında bunu edərik və heç bir "qırmızı xətt" qalmayıb. Artıq bu hadisə presedent yaratdı və Rusiya xalqının gözünü qorxutdu. Deməli, stabillik əldən gedib, təhlükəsizlik yaxşı təmin olunmur, Moskva kimi paytaxtda silahla konsert zalına girmək olursa, o halda avtobusa, metroya da bomba qoya bilərlər. Bununla da Rusiya artıq İraq, Suriya halına gətirilir. Nəhayət, üçüncü ehtimal 22 mart terrorunun 11 sentyabr teraktı ilə müqayisəsidir. Amerikada qüllələrə hücum İraq və Əfqanıstanda uzunmüddətli işğalçı əməliyyatların başlamasına səbəb oldu. Heç şübhəsiz ki, Putin də Moskva terrorunun acığını çıxmağa çalışacaq. İndi Ukraynada daha irimiqyaslı əməliyyatlar, şəhərlərə kütləvi raket hücumu, Kiyev başda olmaqla mərkəzi ərazilərə ağır zərbələr endiriləcək. Hətta Putin taktiki nüvə başlığına da əl ata bilər. Kreml lideri ötən həftələrdə açıq bəyan etmişdi ki, Rusiya dövlətçiliyinə təhdid olacağı təqdirdə, nüvə bombası işə düşəcək. Bu da dövlətə növbəti təhlükə və təhdid - Moskvada insanları gülləboran etdilər. İndi görək Rusiya liderinin qəzəbli reaksiyası hansı üsulda olacaq....
Yeri gəlmişkən, Moskvada konsert salonuna terror hücumundan əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “Ukraynada xüsusi əməliyyat müharibəyə keçib” ifadəsini işlədib. Bu ifadə onsuz da yersiz idi, sadəcə Kreml “xüsusi əməliyyat” söz birləşməsini əhalisini qorxutmamaq və “qardaş” hesab etdiyi ölkəyə qarşı müharibə kəlməsindən istifadə etməmək üçün seçmişdi. Peskov məlumun elanını edib. Kremlə yaxın rusiyalı şərhçilər konsert salonuna hücumu artıq Ukrayna ilə əlaqələndirməyə başlayıblar. Bu isə o deməkdir ki, bombalanan Ukrayna şəhərlərinin sayı artacaq. Ümumiyyətlə, Moskvada ticarət mərkəzinə silahlı hücum Ukraynada aparılan işğalçı müharibənin nəticəsidir. Vaxtilə Çeçenistan müharibəsinin gedişində Moskvada belə silahlı basqınlar olurdu. Rusiya Ukrayna müharibəsinin miqyası genişlənir və müharibə dağıdıcı mərhələyə keçib. Rusiyada bu kimi silahlı hücumların yenidən baş verməsi istisna deyil.
Azər Talıbov
Anaxeber.info