İran hakimiyyətini qorxuya salan yumurtalar…

23-03-2024, 12:08           
İran hakimiyyətini qorxuya salan yumurtalar…
Təbrizdə qədim türk damğalarından ibarət sərgi hazırlanıb. Ancaq çox keçmədən fars şovinizmi mövcud durumdan ürküb və üzərində qədim türk simvolları olan yumurtaların yığışdırılmasına dair göstəriş verib. Bu durum bir daha mövcud İran rejiminin türk düşməni olduğunu açıq-aydın göstərir.

Azərbaycan türkləri bu topraqların əzəli sakinləridir, əsirlərlə bu ərazilərdə türk dövlətləri hakim olub. Bu xalqın tarixi və mədəniyyəti həmin torpaqlarla bütünləşib. Belə bir böyük tarix və mədəniyyətə sahib millətin varlığını məhv etmək istəyən fars şovinizmi isə hələ də bu kimi uğursuz cəhdlərindən, görünür, əl çəkmək istəmir.

Son bir əsrdir ki, İranda Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti yürüdülməkdədir. Ölkənin böyük əksəriyyətini təşkil edən azərbaycanlılar ibtidai hüquqlarından belə məhrum edilib. İran rejimi hər fürsəti qənimət sayaraq, müxtəlif yollarla azərbaycanlılara hücum edirlər.

Bu düşmənçiliyin səbəblərini bəlkə də tarixdə axtarmaq lazımdır; lakin hər halda fars şovinizmi ad belə verə bilmədiyi düşmənçiliyini gizlətməməklə yanaşı, genişlənməsi istiqamətində də əlindən gələni əsirgəmir. Rejim son 1 əsrdə bütün güc vasitələrindən istifadə edərək, Azərbaycan millətinin tarixini təhrif edərək, eləcə də mədəniyyətinin məhvi istiqamətində müxtəlif cəhdlər göstərərək İran Azərbaycanında yaşayan türkləri “azəri” kimi qələmə verməyə çalışıb. Azərbaycanlıları bir millət kimi rəsmi şəkildə tanımaqdan yayınan fars şovinizmi türkün tarix və mədəniyyətini əks etdirən hər bir simvol və adət-ənənə qarşısında təşvişə düşür, öz türkfobiya sifətini nümayiş etdirir.

Bu dəfə isə mərkəzçi faşistlərin rəssam Fatimə Dadaşzadənin hazırladığı və Təbriz Bələdiyyəsinin təşkilatçılığı ilə qədim türk yazılarının həkk olunduğu yumurta fiqurlarının Təbrizdə sərgiyə qoyulmasına hücum etmələrinin şahidiyik.

Mərkəzçi qüvvələr bu tip hücumların nəticə vermədiyini, əksinə, iç üzlərini hər kəs üçün üzə çıxardığını hələ də başa düşməyiblər. Azərbaycan xalqı gün keçdikcə öz tarix və mədəniyyətinə daha xüsusi diqqət yetirir, milli dəyərlərini mənimsəyir. Bu durumun türk fobiyası olan hər bir kəsi təşvişə salması normaldır. Reallıqdan, tarixi həqiqətdən isə qaçmaq mümkünsüzdür. Azərbaycan xalqı bütün bu basqılara baxmayaraq, öz kimliyin qoruyub və qoruyacaqdır.

Biz tarixə sığışmarıq - dünən vardıq, bu gün varıq…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.