Rusiya təlaşda: 300 min nəfər orduya çağırılır
24-03-2024, 10:44
Müharibənin ən qızğın dövrü qabaqdadır; Kreml tab gətirə biləcəkmi?
Prezident seçkilərindən sonra Rusiyanın köhnə-yeni rəhbərliyi Ukraynada apardığı müharibədə strateji dəyişikliyə gedəcəkmi?
Bu sual seçkilərdən əvvəl də aktual idi və həm ölkə ictimaiyyəti, həm də kollektiv Qərb ona cavab axtarırdı. Amma proseslərin gedişi göstərir ki, Kreml hələ də cəbhədə müqaviməti artırmağı, təşəbbüsü ələ almağı vacib hesab edir ki, bu da Moskva-Kiyev danışıqlarını tamamilə istisna edir.
Elə seçkiqabağı dövrdə Ukrayna silahlı qüvvələrinin və hərbi kəşfiyyatının Belqorod şəhərində apardığı əməliyyatlar, Rusiyanın neft-qaz istehsal edən böyük zavodlarına dron zərbələri endirməsi tərəflərin masa arxasında oturmaqdan çox uzaq olduğunu göstərirdi. Ukraynaya hərbi, maliyyə yardımın yeni yollarını axtaran, bu ölkəyə ordu göndərməyi qızğın müzakirə edən Qərb də danışıqlar zamanı olmadığını düşünür və çıxış yolunu Rusiyanın strateji məğlubiyyətində görür. Beləliklə, Ukrayna kampaniyasında son ayların ən qızğın dövrü hələ qarşıdadır. Qərbin bütövləşən anti-Rusiya mövqeyi Ukraynanın tezliklə yeni silahlar və pul alacağını, paralel olaraq, Kremli daha da küncə sıxacağını təsdiqləyir.
Seçkidə xalqa qələbə vədi verən Putin hakimiyyəti də əlindəki potensial imkanları səfərbər etməklə ən azı noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər ayaqda qalmağa çalışır. Beləliklə, qarşıdakı aylarda Rusiya ordusunun Ukraynadakı performansından çox şey asılıdır.
Bu istiqamətdə Ukraynanın kritik infrastrukturu (AES-lər, enerji şəbəkələri, hərbi aerodromlar) dron və ağır raketlərlə bombardman edilir. Bu, həm də Ukrayna hərbi kəşfiyyatının Rusiyadakı emal müəssisələrinə qarşı əməliyyatlarına cavab hesab oluna bilər. Hücumların davam edəcəyi gözlənilir.
Müdafiə Nazirliyində və Prezident Administrasiyasındakı mənbələr isə yerli mətbuata bildirib ki, Rusiya hakimiyyəti Ukrayna ilə döyüşən qruplaşmanın gücləndirilməsi və Xarkovun mümkün mühasirəsi üçün kütləvi şəkildə qoşun toplamağa başlamağı planlaşdırır. “Vorstka” nəşrinə danışan 4 mənbə qeyd edib ki, gözlənilən səfərbərlik çərçivəsində 300 min nəfər hərbi xidmətə çağırıla bilər.
Bu kampaniya zamanı ehtiyatda olanlar məcburi şəkildə orduya cəlb oluna, çağırışçılar müqavilə bağlamağa və Ukrayna ilə müharibəyə getməyə vadar edilə bilər.
Moskvadakı bir neçə hərbi komissarlıq və dövlət qurumları mətbuata səfərbər edilənlər üçün zireh hazırladıqlarını təsdiqləyiblər.
Mənbələrin fikrincə, insanları müqavilə imzalamağa məcbur etmək ideyası Ukrayna ilə döyüşmək istəyənlərin kəskin azalması ilə bağlıdır. Müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, orduya 400 minə yaxın yeni əsgərin qəbul edildiyi 2023-cü ildəki səfərbərlikdən sonra orduya “könüllülərin” qəbul tempi xeyli azalıb. Əvvəllər Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq üçün mərkəzlərə gün ərzində 500-600 nəfər müraciət edirdisə, indi bu say 20-30 nəfər qədər enib.
Ukrayna quru qoşunlarının komandanı Aleksandr Pavlyuk bildirib ki, Rusiya 100 mindən çox hərbçidən ibarət yeni qoşun qrupu yaradır. Onun sözlərinə görə, ola bilsin, Rusiya ordusu cəbhədəki istiqamətlərdən birində hücuma keçməyə çalışacaq.
Əsas problem səfərbərlik və ehtiyatda olan vətəndaşların zorla döyüşən orduya cəlb edilməsi zamanı ortaya çıxa bilər. Ötən ilin təcrübəsi göstərdi ki, rusiyalıların əksəriyyəti müharibədə iştirak etmək istəmirlər, bir çox əyalətlərdə etiraz aksiyaları baş qaldırdı, milyona yaxın insan bu səbəbdən Rusiyanı tərk etdi. Kreml ictimai narazılığı səngitmək üçün cəlbetmə prosesinin formasını dəyişdi. Rusiyanın böyük holdinqləri səxavət kisəsinin ağzını açdı və müharibəyə getmək istəyən şəxsləri böyük maaş və kompensasiya vədi ilə işə götürməyə start verdi. Rütbəsindən və təcrübəsindən asılı olaraq, 2.5-7 min dollar maaş, yaralanarsa və həlak olarsa, ailə üzvlərinə külli miqdarda kompensasiya vəd olunan müqavilələri on minlərlə rusiyalı imzaladı ki, ötən 1 ildə Rusiya ordusunun cəbhədə hücum potensialını bərpa etməsi bilavasitə bununla bağlıdır.
Müdafiə Nazirliyinin yenidən əsgərə ehtiyac olduğunu bəyan etməsi müharibədəki ağır itkilərlə bağlıdır. Amerika kəşfiyyatının hazırkı dəyərləndirməsinə görə, müharibədə indiyədək 300 min rusiyalı öldürülüb və yaralanıb. Böyük Britaniya isə iddia edir ki, bu rəqəm 355 mindir. Ukraynalıların hesabına görə, Rusiyanın ümumi itkisi 450 min nəfərdir. Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda bəyan etmişdi ki, müharibədə 180 min rusiyalı və 31 min ukraynalı ölüb. Bu rəqəmlərdən asılı olmayaraq, aydındır ki, Rusiya daha çox itki verib və onun silahlı qüvvələri ciddi şəkildə deqradasiyaya uğrayıb.
Vətənpərvər əhvallı Rusiya bloqerləri ön xətdə dayanan əsgərlərin arasında narazılığın hökm sürdüyünü açıq etiraf edirlər. Döyüşçülər içində fərarilik artır və əgər sərt cəza tədbirləri həyata keçirilməsəydi, qaçanların sayı daha çox olardı. Əsgər anaları, həyat yoldaşları öz övladlarının və ərlərinin geri qaytarılmasını açıq tələb edirlər.
Bəs Qərbin getdikcə sərtləşən sanksiyaları fonunda Rusiyanın iqtisadi potensialı müharibəni davam etdirməyə imkan verəcəkmi? Kreml bu istiqamətdə hansı tədbirləri görməyə çalışır?
Ukraynanın “Glavred” internet portalına verdiyi müsahibəsində rusiyalı iqtisadçı, İqtisad elmləri doktoru İqor Lipsiç Rusiya iqtisadiyyatının qaranlıq perspektivlərindən danışıb. O, bildirir ki, Rusiyanın Milli Rifah Fondu elə bu il tükənə bilər, orada 5 trilyon rubldan (təxminən 50 milyard dollar) az pul qalıb:
“Həm də bu il Rusiya büdcəsində 2 trilyon rubl kəsir olacaq. Vəziyyət elədir ki, Rusiya bu fondun qalıqları sayəsində hələlik duruş gətirə biləcək. Bəs onlar 2025-ci ili necə maliyyələşdirəcəklər? Bax, bu, aydın deyil. Problem həm də ondadır ki, onlar dövlətin bütün iqtisadiyyatını hərbi xərclərin maliyyələşdirilməsinə yönəldiblər. Ancaq Rusiyada fövqəladə hadisələr də baş verir və bunlara da pul ayırmaq gərəkdir. Qışda hər cür texnogen qəzalar yaşandı və müvafiq kommunal təsərrüfat sistemi təcili təmir edilməlidir. Bu, hökumət üçün xoşagəlməz mənzərədir, amma bu sahə böyük pul tələb edir, pul isə yoxdur. Rusiyada dövlət büdcəsinin başlıca mənbəyi olan ixrac gəlirləri kifayət qədər sürətlə azalır”.
İqtisadçı hesab edir ki, büdcəyə pul yığılması üçün gərək əhali talan olunsun, vergilər artırılsın, rublun devalvasiyası getsin. İqor Lipsiç inin sözlərinə görə, əgər bunlar ediləcəksə, Rusiya 2024-2025-ci illər üçün hərbi xərclərin maliyyələşədirilməsinə vəsait tapacaq. “Lakin bu zaman çox yüksək inflyasiya meydana gələcək və əhalinin həyat səviyyəsi düşəcək, həm də böyük sosial narazılıq olacaq. Ancaq xərclərin ödənilməsi üçün başqa yol yoxdur. O ki qaldı 2026-cı ilə, hətta rusiyalı iqtisadçılar da bu barədə danışmağa qorxurlar. Ona görə ki, nə baş verəcəyi qətiyyən bilinmir. Rusiyanın 2026-cı ildəki maliyyə vəziyyətinin dayanıqlı olacağını söyləmək çox çətindir”, – o vurğulayıb
Ekspert qeyd edir ki, Rusiya iqtisadiyyatı hazırda çox gərgin haldadır, lazımi sayda silahı çətinliklə əldə edirlər: “Ona görə də Putin hərbi müəssisələrin rəhbərlərinə daim deyir ki, hərbi sənayeni şaxaləndirin. Axı, onlar nə edə bilərlər? Hərbi zavodlarda 12 saatlıq iki növbə işləyirlər. Yəni, avadanlıqlar və dəzgahlar durmadan 24 saat yüklənir və belə bir rejimdə hətta yeni avadanlıqlar da tez sıradan çıxır. Bu gedişlə Rusiyanı hərbi zavodlarda texnogen qəzalar gözləyir ki, bu da müxtəlif xoşagəlməz nəticələrə gətirə bilər”.
İqor Lipsiç inin sözlərinə görə, müharibəni davam etdirmək üçün hökumət əhalini soymağa hazırdırsa, o zaman bu, uzun sürəcək:
“Çünki neft və qazdan böyük pullar gəldiyi dönəmlərdə əhali bir qədər pul yığıb. Rusiyalıların banklarda təxminən 42-43 trilyon rubl pulu var. Hökumət müxtəlif üsullarla bu pulları ələ keçirmək istəyir. Fikirləşirlər ki, əhalini necə məcbur etsinlər ki, onlar pullarını dövlətə versinlər. Bu, kifayət qədər təhlükəli hadisədir. Əlbəttə, Rusiya əhalisi dözümlüdür, mübahisə etmir, amma onun öz pulunu əlindən almağa başlasalar, hövsələdən çıxa bilər. İndi Rusiyaya xarici istiqraz verən yoxdur, Çindən pul götürməyə çalışılır, amma çinlilər pul vermək istəmirlər.
Daxili bazardan borc götürməyə cəhd etmək olar, ancaq buradakılar da dövlətin talamağa başladığı həmin əhali və həmin şirkətlərdir. Elə bu səbəbdən də ölkə içərisindən böyük bir şey əldə etmək çətindir. Deməli, praktiki olaraq yalnız son ehtiyat, yəni, əhalinin banklardakı əmanəti qalır ki, hökumətin indi ona gözü düşüb. Əgər həqiqətən də bunu edərlərsə, o zaman yəqin ki, bu pullar uzun müddət hökuməti görəcək, bəlkə də on il”.
“Buna cəmiyyət necə reaksiya verəcək, dözməyə davam edəcəkmi?” sualına birmənalı cavab verməyən iqtisadçı deyir ki, xalqın yüksək vətənpərvərliyindən danışılsa da, həmin bu xalq pullarını fəal şəkildə xilas etməyə, Rusiyadan çıxarmağa cəhd edir. “Rusiya Mərkəzi Bankının statistik məlumatında deyilir ki, bir il ərzində rusiyalılar yaxın ölkələrin banklarına bir trilyon rub pul çıxarıblar. Əgər hökumətin əhalidən pul yığmasına meyli aydın hiss edilərsə, bir triyon rubldan dəfələrlə artıq pul çıxarılmasını gözləmək olar. Belə olan halda hökumətin ehtiyatı daha tez tükənə bilər”, – o vurğulayıb.
Beləliklə, Rusiya rəhbərliyi payızın sonuna qədər ayaqda qalmaq strategiyasını həyata keçirmək üçün maliyyə, silah-sursat və əsgər problemini həll etməlidir. Proseslərin gedişi göstərir ki, hər üç məsələnin həlli kifayət qədər problematikdir.
Ukraynanın üstünlüyü ondadır ki, onun silah və maliyyə ehtiyacını dünyanın ən güclü iqtisadi qüdrətləri həll edir. Ona isə döyüşmək qalır. Həlledici mərhələ isə ağır döyüşlərdə tərəflərin performansından çox asılıdır.
Turqut
pressklub