Milli Məclisdən qanunlara mühüm dəyişikliklər - detallar

Dünən, 10:28           
Milli Məclisdən qanunlara mühüm dəyişikliklər - detallar
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edildi; yeni hakimlərin adları bəlli oldu
Aprelin 11-də Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Spiker əvvəlcə Özbəkistana səfəri, iştirak etdiyi mühüm toplantlılar, səfər çərçivəsində keçirilən görüşlər barədə deputatları məlumatlandırdı. Bildirdi ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti aprelin 4-dən 7-dək Özbəkistan Respublikasında işgüzar səfərdə olub: “Səfərdə məqsəd Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü konfransını təşkil edib, iştirak etmək və həmçinin Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında və Assambleya çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasında iştirak etmək idi. Xatırladım ki, bu gün Milli Məclisin sədri 5 beynəlxalq parlament təşkilatına sədrlik edir və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Asiya Parlament Assambleyası bunlardan ikisidir”.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Prezidentin son mesajlarına diqqət çəkdi: “ADA Beynəlxalq Forumunda almaniyalı tədqiqatçı prezident İlham Əliyevdən soruşdu ki, İsrail və Türkiyə arasında münasibətlərin normallaşması üçün dövlətimizin təşəbbüsləri varmı? Sual, əlbəttə, ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə verdiyi tarixi töhfələrdən qaynaqlanırdı. Təkcə 2017-ci ildə ABŞ-Rusiya, 2020-ci ildə NATO-Rusiya yüksək çinli görüşləri ilə qlobal nizama məhz paytaxtımızda nail olmuşdular. Ölkəmizin barışdırıcı rolu ərazilərimiz işğalda olanda da qəbul edilib. Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında iqtisadi-siyasi və təhlükəsizlik bağları Bakıdan keçir: ”Suriyada orduları üz-üzə gələn İsrail-Türkiyənin məxfi xidmət orqanları rəhbərlərinin iki gün əvvəl paytaxtımızda görüşü qlobal təhükəsizliik üçün misilsiz hadisədir. Ölkəmiz Qəzzada savaşı deyil, beynəlxalq hüququ üstün tutduğu üçün hücumlara məruz qalır. Yəhudi və türk dünyasını toqquşdurmaq üçün erməni, Fransa, Kanada, Hindistan və onlarla dövlət çalışır. İsraillə gərginlik Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrə fürsət verir. Dünyada antisemitizm dalğasının yüksəlişi fonunda yəhudi icmasına örnək münasibət asan deyil. Qarabağn xilaskarı İlham Əliyev 2-ci dünya müharibəsindən sonra tam və qəti qələbənin ilə başa çatan tək savaşın qalibi kimi yeni münaqişələrin qarşısını alır. Azərbaycan islam dünyasının ən böyük yəhudi və xristian icmalarının təhlükəsiz evidir. Torpaqlarımız fərqli millətlərin və dinlərin çiyin-çiyinə şəhidliyi ilə azad olunub".

Komitə sədri Fazil Mustafa əvvəlcə spiker Sahibə Qafarovanı Özbəkistana uğurlu səfəri ilə bağlı təbrik etdi. Daha sonra bildirdi ki, hökumətin hesabatı zamanı qəzalı binalarla bağlı məsələni gündəmə gətirmişdi. Bu çıxışdan dərhal sonra Baş nazir Əli Əsədov tərəfindən ona cavab verildiyini deyən F.Mustafa operativ reaksiyaya görə təşəkkürünü bildirdi. Deputat qeyd etdi ki, qəzalı binalarla əlaqədar 16 minə yaxın mənzilin yenidən tikilməli olduğu reallığı ortaya çıxıb. F.Mustafa bir müddət əvvəl vətəndaşın mənzilinin tikinti şirkəti tərəfindən qanunsuz olaraq sökülməsi faktını xatırlatdı. Əlavə etdi ki, burada təkcə vətəndaşların şəxsi əmlakı deyil, həm də sahibkarların mənafeləri müzakirə mövzusu olmalıdır. Deputat qeyd etdi ki, planlaşdırılan 16 min mənzilin tikintisi zamanı da sahibkarların üzləşdiyi problemlərə diqqət çəkmək lazımdır. “Çoxsaylı insanlar çətinliklə icazə alıblar, amma işə başlaya bilmirlər”, deyən F.Mustafa əlavə etdi ki, bir məkanda 70 sakinlə razılaşırlarsa, qalan iki sakinlə razılaşa bilmirlər. Mllət vəkilinin sözlərinə görə, optimal qiymətləndirmə məsələsində problemlərin olması işləri yubadır. Ona görə də optimal qiymət müəyyənləşməlidir. Yəni minimum nə qədər vəsait təklif olunmalıdır ki, tikinti işlərinə dərhal başlamaq mümkün olsun.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı ilk olaraq keçmiş hərbi prokuror Xanlar Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında qanun layihəsinə baxıldı. Spiker Sahibə Qafarova məsələ ilə bağlı təqdimatın Milli Məclisə göndərildiyini bildirdi. Təqdimatdan sonra layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edildi. Spikerin təbrikindən sonra Xanlar Vəliyev Milli Məclisdə and içdi.

Gündəlikdəki digər məsələlərin müzakirəsi Bakı, Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatı ilə bağlı idi. Layihəyə əsasən, Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilib. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Füzuli rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Layihəyə əsasən, aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib:

- Allahverdiyev Elbəy Hidayət oğlu;

- Əyyubov Fərid İlham oğlu;

- Sarıyev Xəyal Əjdər oğlu.

Eyni zamanda layihəyə əsasən, vəzifələri dəyişdirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarov və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin edilib.

Həmçinin vəzifələri dəyişdirilərək Şəki İnzibati Məhkəməsinin hakimi Vüqar Musayev, Şəmkir rayon Məhkəməsinin hakimi Taleh Musayev Şəki Apellyasiya Məhkəməsinə hakim göndərilib.

Layihəyə uyğun olaraq, vəzifələri dəyişdirilən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyev, Ağdaş rayon Məhkəməsinin hakimi Cavid Sultanov, Masallı rayon Məhkəməsinin hakimi Ceyhun Quliyev, Saatlı rayon Məhkəməsinin hakimi Mirlətif Sadıqov Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin edilib.

Elşad İbiş oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Məsələlər səsverməyə qoyularaq qəbul edildib.

İclasda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə" və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarıldı. Layihəyə əsasən, ordu generalı ilə yanaşı müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilməyəcək.

Dəyişikliklərdə o da bildirilib ki, həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Qanun layihəsi həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdə tutur. Təklif olunan dəyişikliyə görə, ordu generalı ilə yanaşı, Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq ilk oxunuşda qəbul edildi.

Plenar iclasda müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində də mühüm məsələlər əksini tapmışdı. Belə ki, uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimələr genişləndirilir. Qanun layihəsinə əsasən, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək. Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər belə işlərin görülməsinə görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir. “Aviasiya haqqında” Qanunda nəzərdə tutulmuş razılıq olmadan aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aşkar edilən hava gəmisinin hər hansı elementinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) yığışdırılmasına və ya götürülməsinə görə 600 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan, aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər hansı hissəsinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) götürülməsinə görə 500 manat məbləğində cərimə edilir. Hava limanının (aeroportun) ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 2000 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 3000 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, vəzifəli şəxslər 1000 manat məbləğində cərimə edilir. Hava gəmilərinin tərəfindən hava istismarçıları gəmisinin sərnişin və heyət üzvlərinə dair ilkin məlumatların və sərnişin adlarının qeydiyyat məlumatlarının sərnişin məlumatlarına dair “bir pəncərə” sistemi vasitəsilə real vaxt rejimində elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ötürülməməsinə görə fiziki şəxslər 2000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.

Azərbaycan Respublikasına mənsub hava gəmilərinin dövlət qeydiyyatına, xarici dövlətə mənsub hava gəmilərinin dövlət uçotuna alınmadan istismarına görə fiziki şəxslər 5000 manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olundu.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, ”Dövlət rüsumu haqqında" və “Lisenziyalar və icazələr haqqında” qanunlara təklif edilən dəyişikliklərə görə, yanacaqdoldurma obyektlərinin fəaliyyəti də lisenziya tələb olunan fəaliyyət növünə aid ediləcək. Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin xüsusiyyətləri nəzərə alınmaqla Qanunun 1 nömrəli əlavəsinin 10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə bir sıra tələblər müəyyən olunur. Bu fəaliyyət növünə lisenziya verilərkən lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsinin bağlanması tələbi, əks halda lisenziyanın hüquqi nəticələr yaratmaması müəyyən olunur. Müvafiq olaraq yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumu müəyyənləşir. Layihəyə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün 1100 manat dövlət rüsumu, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün isə 2500 manat dövlət rüsumu müəyyən edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.