Hakan Fidan və Türkiyədə post-Ərdoğan dövrü: Yeni güc arxitekturası və kürd seçicisinin strateji rolu
Dünən, 16:27

Türkiyədə siyasi sabitlik və idarəetmə modelinin gələcəyi uzun müddətdir həm ölkə daxilində, həm də beynəlxalq elmi-siyasi dairələrdə müzakirə mövzusudur. 2023-cü il seçkilərindən sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) daxilində post-Ərdoğan dövrünün konturları daha aydın görünməyə başlamışdır. Bu kontekstdə xarici işlər naziri Hakan Fidanın siyasi səhnədə yüksəlməsi diqqətçəkici proses kimi dəyərləndirilir.
Bu yazıda Fidanın potensial lider kimi formalaşması, kürd seçicisinin rolu, siyasi partiyalar arasındakı münasibətlər və beynəlxalq güc mərkəzlərinin bu proseslərə yanaşmasını politoloji analiz çərçivəsində təhlil etməyə çalışacam, başqa fikirlərdə önəmlidi.
Hakan Fidanın siyasi kimliyi və dövlət strukturlarındakı yeri
Hakan Fidan uzun müddət Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri olmuş, daha sonra isə xarici işlər naziri təyin edilmişdir. Onun siyasi nüfuzu əsasən dövlət aparatındakı strateji rolundan və Ərdoğanla olan güclü münasibətlərindən qaynaqlanır.
Fidanın kürd əsilli olması və dövlət içi strukturlarda formalaşması, onu həm millətçi çevrələr, həm də etnik və dini müxtəlifliyə önəm verən seçici qrupları üçün potensial konsensus namizədi kimi irəli çıxarır. Onun beynəlxalq əlaqələr üzrə akademik fəaliyyəti, texnokratik liderliyə meylli dövrlər üçün uyğun profil kimi qəbul edilməsinə səbəb olub.
Kürd seçici və İstanbul təcrübəsi
İstanbulda kürd mənşəli seçicilərin sayı 4 milyonu keçdiyi təxmin edilir ki, bu da şəhəri faktiki olaraq dünyada ən çox kürd yaşayan məkan halına gətirib. 2019-cu il bələdiyyə seçkilərində Əkrəm İmamoğlunun qələbəsində Kürd Demokratik Partiyası (DEM) ilə əməkdaşlıq strateji əhəmiyyət daşıyırdı. Bu əməkdaşlıq nümunəsi göstərdi ki, kürd seçicisinin siyasi yönəlimi Türkiyədə seçkilərin nəticələrinə birbaşa təsir edir. Ərdoğan hakimiyyəti üçün bu nəticə ciddi siqnal idi və nəticədə, kürd seçicisinin CHP-dən uzaqlaşdırılması xüsusi strategiya halına gətirildi. Fidanın bu seçici bazasına yönəlik “alternativ kürd lideri” rolu ilə təqdim edilməsi bu planın mühüm komponentidir.
İmamoğlu və Fidan: İki fərqli liderlik modeli
İmamoğlu urban, modern və sosial-liberal çevrələrdə güclü dəstəyə malikdir. Onun əsas dayaqları metropoliten seçici təbəqələri və gənc nəsildir. Lakin o, dövlət aparatında ciddi dərinliyə sahib deyil və təhlükəsizlik-bürokratik elita ilə münasibətləri məhduddur.
Əksinə, Fidanın siyasi kapitalı onun dövlət içindəki struktur gücündən, təhlükəsizlik aparatları ilə əlaqələrindən və dövlətçi ideologiyaya uyğun mövqeyindən irəli gəlir. Onun diplomatik sahədə qazandığı təcrübə və beynəlxalq nüfuzu, Türkiyənin geosiyasi proseslərdə daha balanslı aktor kimi çıxış etməsinə yardım edir.
Daxili təhlükəsizlik və müxalifətə qarşı taktikalar
Son dövrlərdə jurnalistlərin, müxalif fəalların və HDP/DEM təmsilçilərinin həbsi Türkiyədə “nəzarətli keçid” modelinin tətbiq olunduğuna işarə edir. Bu addımların məqsədi yalnız ictimai nizamın qorunması deyil, həm də siyasi rəqiblərin zəiflədilməsidir.
Ərdoğanın potensial lider olaraq Fidanı irəli sürməsi bu keçidi daha nəzarətli və sabit etmək məqsədi daşıyır. Çünki Fidan həm mövcud sistemi qorumağa qadirdir, həm də yeni dövrə uyğun çevik idarəetmə potensialına malikdir.
Beynəlxalq mərkəzlərin yanaşması: Qərbin dual strategiyası
Qərb ölkələrinin Hakan Fidanın liderliyinə yanaşması ikili xarakter daşıyır. Onun MİT rəhbəri kimi fəaliyyətinə müəyyən skeptik münasibət olsa da, diplomat və texnokrat olaraq qəbul edilməsi mümkündür. Əkrəm İmamoğlu Qərb dəyərlərinə daha yaxın olsa da, Türkiyənin siyasi reallıqları və regional maraqları Fidan kimi daha çevik və dövlətçi liderə üstünlük verilməsini stimullaşdırır.
Xüsusilə Rusiya-Ukrayna müharibəsi, Qafqazda dəyişən təhlükəsizlik düzəni və Yaxın Şərqdəki qarşıdurmalar fonunda, Qərb üçün Türkiyədə idarəolunan sabitlik önəmlidir – bunun isə Hakan Fidanla mümkün olacağına inananlar çoxluq təşkil edir.
Hakan Fidanın siyasi yüksəlişi Türkiyədə post-Ərdoğan dövrünün necə olacağına dair əsas ipuclarını verir. Onun dövlət aparatındakı güclü dayaqları, kürd əsilli olması və strateji hazırlığı onu AKP daxilində “təhlükəsiz varis”ə çevirib. Bu ssenaridə seçkilərin taleyini müəyyən edəcək əsas faktorlar isə seçicilərin mövqeyi, müxalifətin təşkilatlanma bacarığı və beynəlxalq güc mərkəzlərinin münasibətidir.
Hazırladı Sarvan Rizvanov
TEREF