İstintaqın çəkdiyi abstrakt tablo - “Rabitə işi”nin absurdları
18-04-2017, 12:49
"MTN işi”nin başlanmasından az sonra əməliyyat-istintaq tədbirləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyində(RYTN) də aparılmağa başladı. Mətbuatda "Rabitə işi” kimi təqdim olunan bu iş üzrə çox mübhəm məqamlar qalmaqdadır. İstintaqın atdığı addımlara diqqət yetirdikcə, incələyib qiymət verdikcə, olduqca kəskin suallar ortaya çıxır. Belə təəsurat yaranır ki, ittiham aktı hansısa abstrakt tablolar müəllifinin əsəridir.
İttihama görə iş üzrə dövlətə 100 milyon manatdan artıq ziyan vurulduğu müəyyən olunub. Bu məbləğdən əlavə RYTN keçmiş əməkdaşlarına qarşı 163 milyon mülki iddia ilə çıxış edir.
"Rabitə işi” başlayandan az sonra nazir Əli Abbasov vəzifəsində uzaqlaşdırıldı. Amma onu gözlənilənlərin əksinə olaraq həbsə deyil, sözün əsl mənasında istirahətə, mənimsəmələrdən əldə etdiyi milyonları xərcləməyə göndərdilər. İşçilərini – ondan paket alanları isə həbsə yolladılar. Cinayət təqibi bundan sonra daha eybəcər şəkildə davam etdirildi. Bu gün də Azərbaycan məhkəmə tarixinə Məntiq Elmini təkzib edən səhifə yazılmaqdadır.
İbtidai istintaq dövründə həbs edilən rabitəçilərin əmlakları üzərinə böyük hay-küylə həbslər qoyulmuşdu. İbtidai istintaqın yekunlaşmasına 4 gün qalmış son dərəcə gizli şəkildə Əli Abbasovun yaxın adamı Məhəmməd Məmmədovun əmlakları üzərinə qoyulmuş həbs götürüldü. Niyəsi haqda ehtimallar çoxdur, əsas mahiyyəti işlə maraqlanan hər kəsə bəllidir.
İş üzrə "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevin Qubada yerləşən dədə-babadan qalma evinin üzərində həbs bu gün də qalmaqdadır. "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayevin 1989-cu ildə alınmış evi bu gün də həbsdədir. Vidadi Zeynalovun 1947-ci ildə atasının tikdirdiyi evə də həbs qoyulub. Qardaşının müharibə veteranı kimi dövlət tərərfindən verilən torpağa həbs qoyulması haqda qərar bu gün də qüvvəsindədir. "Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədovun bankda girov olan əmlakının belə üzərinə həbs qoyulub.
Nə baş verib? Niyə Əli Abbasovun yaxın adamı Məhəmməd Məmmədov məhkəmə qarşısına əmlakları üzərinə qoyulmuş həbs qərarı götürülərək çıxarılıb? Bu gün M.Məmədovun məhkəmənin tələsik yekunlaşdırılması ilə bağlı məhkəmədə səs-küy salıb hakimləri ittiham etməsi təsadüfmü?Sualların cavabı istintaqçıların qəbul etdiyi qərarlardan görünür, dil açıb danışır sanki.
İşdə absurdlar M.Məmmədovun əmlakları üzərindən həbs qərarının götürülməsi ilə bitmir. Bu gün məhkəmə qarşısına çıxarılan M.Məmmədov xaric digəriləri paket alanlardır. Bəli, məhz paket maaş alanlar.
Bəs paket verənlər kimlər olub?
Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, "Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və "AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun adlarını bir daha xarıtlatmağa yəqin ki, ehtiyac yoxdur.
Bu adamlar - Əli Abbasov başda olmaqla dövlətin rabitə sahəsinə ayırdığı 100 milyonlarla pulu həzme-rabedən keçiriblər. İşçiləri olan, onların əmrlərini icra edənlərə həmin 100 milyonlardan paketin içərisinə qəpik-quruş qoyub veriblər – məsələn 10 manat oğurlayıb, 20 qəpik veriblər.
Həbsə də məhz həmin o 20 qəpiyi alanlar göndərilib. Abstrakt tablo tamamlanmaq üçün paketverənlərin bir-ikisi də ortalığa atılıb ki, kimsə istintaq adına görülmüş işə şübhə ilə yanaşmasın. Məsələnin mahiyyəti bu qədər sadədir.
Bacardıqca çox böyük pulları dövlət büdcəsindən çırpışdıranlar bu gün yerlərini istintaqçıların dəstəyi ilə onlardan asılı olanlara veriblər. Nazir kreslosunu az qala gecə yatanda yatağa özü ilə aparanlar indi həmin kreslonun verdiyi səlahiyyətləri başqalarının adına çıxarmaqda qərarlı görünürlər.
"Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, RYTN Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov və başqaları paket alanlar olublar.
Paket verənlər Məhəmməd Məmmədovun tabeçiliyində 60 idarə-müəsisə olub. Bakı şəhəri istisna olmaqla Azərbaycanın bütün rayonlarında rabitə adına görülən işlərin başında Məhəmməd Məmmədov dayanıb. Elə rayonlar var ki, bir başından o biri başına qədər 100-200 kilometr məsafə var. Oğurlanan pullar da çəkilən kabellərin, qazılan rabitə tunellərinin hesabına olub. Kabeli topdan qiymətlərlə alıb dövlətə metrlə satıblar. Özü də çox baha qiymətə. Rayonların çölü-düzü çox, kabelin də çəkilib-çəkilməməsindən kimsənin xəbəri yox...
Bu gün "Rabitə işi” üzrə məhkəmədə Məhəmməd Məmmədov prosesin uzadılmasına etiraz edir. Onunla müttəhimlər kürsüsünü bölüşən təqsirləndirilən Bayram Vəliyev proseslərə xəstəliyi üzündən xərəkdə gətirilir. Amma M.Məmmədov bunu nəzərə almadan qışqır-bağır salır, tezliklə prosesin yekunlaşmasını istəyir. O, həbsdən yaxa qurtaracağına əmindir. Qarantiyası var. 4 milyon 400 min manatlıq ittiham onun üçün sıradan bir olaydır. Yol verdiyi yeyintinin heç 10 faizi də deyil bəlkə...
Onun rəhbərliyi ilə büdcə pulları böyük iştahla, bəh-bəhlə özünə yaxın MMC-lərə ötürülüb və bu gün söhbət milyonların mənimsənilməsindən gedir. Amma M.Məmmədov 4 milyon 400 minlik yeyintiyə yol verdiyini ittiham aktına yazmaqla faktiki olaraq kənarda saxlanılır. Balaca bir fiqur, fəqir-füqara obrazı biçilib onun üçün. Məhkəmə təxirə salınmasa, bəlkə də M.Məmmədovun səsini eşidən olmazdı. Tezliklə azad olunub böyük pullarının yanında qərarlaşmaq istəyi ilə alışıb yanır. İnsafən himayəçiləri də onun bu istəyini gerçəkləşdirmək üçün əllərindən gələni əsirgəmirlər.
Başqa bir absurda diqqət edək - iş materillarından görünür ki, Beytulla Hüseynovun baş mühasibi Anar Mustafayev hər ay toplanan pulları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aparıb. Onun həbsi edilməsinin əsası kimi də bu məqam götürülüb. Əgər həmin pulları Anar Mustafayev deyil, Beytulla Hüseynovun idarəsinin qapısının qarşısında dayanan polis nəfəri aparsaydı, onun statusu nə olacaqdı? Həbs edib eyni ittihamı da polisə verəcəkdilər?
Əli Abbasov Beytulla Hüseynova tapşırsaydı ki, ayda filan qədər gətir. Beytulla Hüseynov həmin pulu özü aparıb əlbəəl Əli Abbasova vercəkdi? Və ya nazirlkdə Anar Mustafayevin hər ay gətirdiyi pulu Əli Abbasov şəxsən qəbul etməyəcəkdi ki!
Əlbəttə ki, həmin pulların alınmasını ona tabe olan şəxslərdən birinə tapşıracaqdı. Bu halda da Vidadi Zeynalova tapşırıb. V.Zeynalov da alıb. Əgər Əli Abbasov Vidadi Zeynalova deyil, nazirliyin qapısında dayanıb onu gözləyən sürücüsünə pulun alınmasını tapşırsaydı, mütəşəkkil dəstənin rəhbəri həmin o, sürücü olacaqdı?
RYTN-in tabeliyindəki "Azərpoct”dan ölkəboyu şəbəkələşən poçtamtlardan birinə tapşırıq verilsəydi ki, pulları yığ və axşam həmin pulları RYTN-ə çatdır. Bu halda Poçtamt-ın statusu RYTN olur?
Başqa bir məqam - Əli Abbasov ifadələrində göstərir ki, Beytulla Hüseynova da, Vidadi Zeynalova da göstərişləri o verib. Belə bir halda paket verənləri istintaqdan kənar qoyub paket alanları həbs etmək hansı məntiqin məhsulu hesab edilməlidir?
/yayiminfo.com