Azərbaycanda daha 6 bank bağlanacaq - Ekspertdən xəbərdarlıq

18-04-2017, 16:57           
Azərbaycanda daha 6 bank bağlanacaq - Ekspertdən xəbərdarlıq
"Mərkəzi Bankın son illər nəticəsiz olan konsolidasiya (birləşmə) cəhdləri nəhayət ki, reallaşdı. "Atabank" və "Caspian Development Bank” birləşmək qərarı verdilər. Bu, həm də AGBank, Parabank və digərlərinin 2015-ci ildəki uğursuz təşəbbüslərindən sonra ilk real addım idi”

Bunu mia.az-a iqtisadçı Samir Əliyev "Atabank" və "Caspian Development Bank”ın birləşməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda bankların konsolidasiyasiyası çətin prosesdir və hətta son vaxtlar qeyri-mümkün olub: "Bunun bir neçə səbəbi var ki, onlardan biri də bank sahiblərinin məsuliyyəti və səlahiyyəti başqası ilə bölüşmək istəməməsidir. Müxtəlif sahibi olan bankların birləşməsi mümkün olmasa da eyni sahibi olan bankların birləşməsi realdır”.

Samir Əliyev bildirib ki, bu birləşmədən sonra bankların sayı 31 olacaq: "Bununla da devalvasiyadan sonra bağlanan bankların sayı 14 olacaq. Bank qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra bankların sayının azaldılması prosesi davam edəcək. Əsas üstünlük bankların konsolidasiyasına veriləcək. Bu, baş tutmasa banklar ləğv ediləcək. Son dəyişikliklər rezolyusiya tədbirləri vasitəsilə bankları konsolidasiyaya "stimullaşdıracaq"”.

İqtisadçı qeyd edib ki, körpü bankların yaradılması vasitəsilə bəzi bankların əvvəlcə sağlamlaşdırılması və daha sonra digər banklara birləşdirilməsi tədbirləri həyata keçiriləcək: "Bütün proseslərin nəticəsi olaraq bankların sayının 25-ə qədər azaldılmasını gözləmək olar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru