500 min sənədsiz ev: Rüşvət səddi sənədləşməyə imkan vermir

19-04-2017, 00:14           

amil Osmanlı: “Hökumət konkret qərarlar qəbul etməlidir”

Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi uzun illərin problemi olaraq qalır. İllərdir ki, həlli mümkün olmayan məsələ sanki dalana dirənib. Bu problem analoji torpaq və evlərin ortaya çıxması ilə getdikcə daha da böyüyür və həlli müşkülə çevrilir. Ölkə başçısı İlham Əliyev dəfələrlə bu problemin aradan qaldırılması üçün lazımi qurumlara göstərişlər verib. Amma məsələ açıq qalır və bu sahədə hər hansı bir irəliləyiş baş vermir.

Düyünə düşən fərman və qərarlar...

İllər öncə min bir əziyyətlə tikib qurduqları əmlaklarına nəhayət ki, sahib olmaq istəyən vətəndaşlar çarəsiz durumda qalıb. Əmlaklarının sənədi olmadığı kimi, özlərinin də yaşadıqları evdə qeydiyyatı yoxdur. Bu isə istənilən məsələlərdə vətəndaşlar üçün əngəl yaradır. Belə ki, sənədi olmayan ev sahibləri əmlaklarını bu səbəbdən nə sata, nə də dəyişdirə bilirlər. Bu azmış kimi vətəndaşların çoxu illər öncə qurduqları evlərinin nə zamansa söküləcəyi ilə bağlı qorxu içərisində yaşayır. Bəziləri isə düşünür ki, onsuz da, gec-tez Prezidentin göstərişi yerinə yetiriləcək və onlara qanunsuz tikdikləri evlərlə bağlı heç nə deyilməyəcək. Ekspertlər hesab edir ki, istənilən halda tikilmiş evlərin üzərində hüquqların əldə edilməsini sübut edən sənədlərin olması çox vacibdir.

Xatırladaq ki, 2011-ci ilin martında Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdi. Ölkə başçısı Bakıda evlərin qeydiyyata alınmasında problemlərin olduğunu qeyd edərək bu məsələnin həlli zamanı baş verən nöqsanların aradan qaldırılması ilə bağlı göstərişlər verdi. Məlum olduğu kimi evlərin sənədləşdirilməsi ilə bağlı bəzən tələblər ağırlaşdırılır, rüşvət amilinin çoxalması üçün əsassız müdaxilələr olunur. Bu səbəbdən ölkə başçısı cavabdeh qurumlara tapşırıq verərək prosesin şəffaf həyata keçirilməsini tələb etdi. Hətta birbaşa olaraq məsələnin həllini Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova həvalə etdi. Amma nəinki tapşırıq icra olundu, ümumiyyətlə, bu məsələnin ardına düşülmədi. Ölkə başçısının tapşırığına əməl etdiklərini zaman-zaman mətbuata gətirən Bakı şəhər İcra Hakimiyyəti rəsmiləri isə bu məsələdə konkret mexanizmlərin olmamasını əsas tutdular. Bir sözlə, problem heç bir effekt vermədi. Qeyd edək ki, bəzi məlumatlara görə Bakı şəhərində sənədsiz evlərin sayı 500 mindən çoxdur.

Daha sonra prezident İlham Əliyev 2015-ci ilin yanvar ayında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə fərman imzaladı. Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Nazirlər Kabinetinə kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərin üç ay müddətində hazırlayıb ölkə başçısına təqdim olunması tapşırıldı. Maraqlıdır, ölkə başçısının tapşırıqları yerinə yetirildimi? Tapşırılanlar prezidentə təqdim olundumu? Görünən odur ki, hökumət orqanları problemin həllini bir-birinin üzərinə atmaqla, məsələnin həllindən yayınırlar. Problemə biryolluq əncam çəkilmədiyindən isə məsələ getdikcə uzanır. Əslində bu kimi bütün məsələlərin həlli kağız üzərində qalıb. Sonda isə onların tam həlli üçün yenidən prezident işə qarışmalı olub. Görünür, sənədi olmayan evlərin sənədləşdirilməsi işinin konkret icrasına yenidən prezident qarışmalı olacaq.

Sənədsiz evlərlə bağlı vacib konsepsiya...

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, prezidentin fərmanının icrası ilə bağlı problem yoxdur. Sadəcə, əhali bu sahədə bir qədər məlumatsızdır:

“Torpaq sahələrinin, evlərin sənədləşdirilməsi ilə bağlı prezidentin sonuncu fərmanında göstərilir ki, sadəcə, çıxarışın olması kifayət edir. Yəni, istənilən vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə çıxarışla yanaşıb həmin torpağı qeydiyyata aldıra bilər. Bu çox mürəkkəb bir prosedur deyil. O ki qaldı bütövlükdə ilkin qeydiyyatla bağlı məsələlərə, hesab edirəm ki, illərin qeydiyyat məsələsi bir qədər fundamental bir problemdir. O istiqamətdə proqram işlənib hazırlanmalıdır. Millət vəkillərinin çıxışlarında əslində bununla bağlı konsepsiyanın hazırlanmasına dair fikirlər səslənib. Amma təəssüflər olsun ki, bu günə qədər konkret ciddi qərar qəbul olunmayıb. Biz düşünürük ki, indiki şəraitdə təkcə fərdi yaşayış evləri deyil, eyni zamanda çoxmənzilli binalarda qeydiyyata alınmayan mənzillərin qeydiyyatı həyata keçirilməlidir. Çünki bu vətəndaşlarla yanaşı həm də hökumətə, dövlətə lazımdır. On minlərlə evin qeydiyyatı həm iqtisadi baxımdan, həm də büdcəyə xeyli dərəcədə gəlir gətirə bilər. Həmçinin, növbəti mərhələlərdə aparılacaq əməliyyatlar üzrə dövlət büdcəsinə ödənişləri artıra bilər. Bundan əlavə həmin əmlakların mülkiyyətçiləri əmlaklarını girov təminatı qismində banka qoyub biznesin inkişafı baxımından hər hansı addımlar ata bilərlər. Bu addıma ehtiyac var. Bu gün yeni tikililərdə mənzillərin alqı-satqısı zamanı müqavilələrin dəyişdirilməsinə görə, tikinti şirkətləri tərəfindən qeyri-qanuni yolarla vətəndaşlardan alınan vəsait əslində normal şəraitdə qeydiyyatı olarsa, vergi qismində dövlət büdcəsinə ödənilə bilər. Bu isə büdcə gəlirlərinin artırılmasına gətirib çıxaran bir amildir. Təsəvvür edin ki, qeydiyyatsız evlər heç bir rəsmi prosedur aparılmadan müxtəlif yollarla alqı-satqı predmetinə çevrilir. Ona görə də, bu istiqamətdə ciddi bir konsepsiya işlənib hazırlanmalıdır. Hökumət sənədsiz evlərin qeydiyyata alınması istiqamətində müzakirələri bir qədər aktivləşdirməli və konkret qərarlar qəbul etməlidir”.

Sənədləşməsi mümkün olmayan torpaq və evlər...

Ekspertin sözlərinə görə 2004-cü ildə qəbul olunmuş “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında qanun var:

“Həmin qanunun 8-ci maddəsində ilkin qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı var. Prezident də o sənədlərin siyahısı ilə bağlı iki fərman imzalayıb. Həmin fərmanda göstərilən sənədlərdən hər hansı biri və ya bir neçəsi vətəndaşın əlində varsa, artıq zəruri prosedurları həyata keçirmək mümkündür. Məsələn, kənd təsərrüfatı, qeyri-yaşayışlı təyinatlı torpaq və evlərin aqibətinə gəlincə, bununla bağlı konkret konsepsiya hazırlanmalıdır. Çünki bu cür torpaqların təyinatının dəyişdirilməsi əksər hallarda Nazirlər Kabineti tərəfindən həyata keçirilir. İlk növbədə o torpaqların təyinatının dəyişdirilməsi zərurəti ortaya çıxır. Ondan sonra isə qeydiyyat məsələləri filan gəlir. Hesab edirəm ki, bu məsələ təkcə “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında qanuna əlavə və dəyişikliklərlə həll oluna bilməz. Yəqin ki, həll olunmayacaq. Bunun üçün daha ciddi addımlar atılmalıdır”.

Ramil Osmanlı sənaye torpaqlarında, dövlət əhəmiyyətli obyektlərin yanında, kommunal istismarda olan ana xətlərin, yüksək gərginlikli elektrik xətlərinin üstündə tikilməyən evlərin 10 il yaşayandan sonra avtomatik sənədləşdirilməsi məsələsinə də toxunub. O, deyib ki, bu məsələ də yuxarıda qeyd olunan məsələlərin tərkib hissəsidir:

“Mən deməzdim ki, kimsə orada yaşayıbsa, bu ona həmin əmlakı özəlləşdirməyə imkan verir. Bu sadəcə ara və heç bir hüquqi əsası olmayan söhbətlərdir. Məncə, dəxli yoxdur, istənilən ərazidə qeydiyyatı olmayan torpaq sahələri və onun üzərində tikilişi olan evlər, çoxmənzilli binalar bir konsepsiya hazırlanaraq proqrama daxil edilməli və onların mülkiyyətə verilməsinə dair qərarlar qəbul olunmalıdır”.

Qeyd edək ki, İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən qanunsuz evlərin sayının 500 mindən artıq olduğunu bildirir.

Amma elə evlər var ki, dəmir yollarının, magistralların, hərbi hissələrin, dövlət əhəmiyyətli obyektlərin ərazisində, yaxud sahil yanında tikilib. Bunları da o hesaba qatanda, Bakı ərazisindəki sənədsiz evlərin sayı 1 milyonu ötüb-keçir.

Alçina Amilqızı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.