Bu gün Əli İnsanovun məhkəməsidir-nə danışacaq?
19-04-2017, 09:06
İlqar Məmmədovun səhhətində ciddi problemlər yaranıb; AXCP sədrinin köməkçisinə isə əlavə ittihamlar irəli sürülüb
Həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun səhhətində ciddi problemlər yaranıb. 2 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan və bel ağrılarından əziyyət çəkən vicdan məhbusunun müalicə olunması ilə bağlı heç bir tədbir görülmür.
Bununla bağlı “Yeni Müsavat”a REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova məlumat verib: “Aprelin 9-da sonuncu dəfə İlqarla görüşdük. Elə bir ciddi yenilik yoxdur. Səhhətindəki problemlər davam etməsinə baxmayaraq, müalicə olunmur. Belində ağrılar yaranıb. Evdən apardığımız bel plasterlərindən istifadə edir”.
Qeyd edək ki, İ Məmmədov 4 ildən çoxdur ki, həbsdədir. 2013-cü ilin yanvarındakı İsmayıllı hadisələrinə görə həbs edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətində azadlıqdan məhrum edilib. Nüfuzlu beynəlxalq qurumların dəfələrlə onun azadlığa buraxılması ilə bağlı tələbləri olsa da, bu tələblər REAL sədrinin azadlığa buraxılmasına kömək etməyib.
Həbsdə olan AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə qarşı yeni ittihamlar irəli sürülüb.
Bu barədə APA-ya F. Əmirlinin vəkili Aqil Layıcov məlumat verib. O bildirib ki, F. Əmirliyə qarşı Cinayət Məcəlləsinin 213.1- ci (vergidən yayınma) və 308.2-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə) ilə yeni ittiham irəli sürülüb.
Qeyd edək ki, F. Əmirli Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirləndirilirdi.
Bu gün Qaradağ Rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun da növbəti məhkəmə prosesi keçiriləcək. Proses ifadələrlə davam edəcək.