Türk-slavyan birliyi - Qərbə qarşı yeni blokun yaranması prosesinə start verilib

19-04-2017, 09:14           
Türk-slavyan birliyi - Qərbə qarşı yeni blokun yaranması prosesinə start verilib
“Rusiya ilə Türkiyə, müasir siyasi durumda əkiz qardaşları xatırladırlar. Bugünkü, yəni referendumdan sonrakı Türkiyə, razılaşın, əvvəlki deyil. Bu yeni Türkiyəni biz öz müttəfiqimizə çevirə bilərik. Türkiyə Avrasiya İttifaqının bərabərhüquqlu üzvü ola bilər. Bütün bunlar Avrasiya İttifaqının ”slavyan-türk birliyinə" çevrilməsi ilə nəticələnə bilər. Bu, Avropada dominantlıq edən “Alman-roman xalqları” ittifaqına yaxşı, tutarlı cavabdı. Böyük Avrasiyanın gələcək taleyi məhz bu nöqtədən, bu siyasi iradədən asılıdır".


Ağır çəkili Rusiya siyasi eksperti Sergey Markovun Türkiyədəki son referendumla əlaqədar verdiyi bu siyasi şərh dünya mass-media səhifələrində ildırım kimi çaxıb. Bəzi aparıcı dünya xəbər agentlikləri özlərində güc tapıb bu məxfi mesajı hələ də nə həzm edə bilirlər, nə də ki, şərh.


Xahiş edirəm, bu şərhləri qulaqardına vurub, müəllifini, necə deyərlər, cibinizə qoymayın. Sergey Markov dünənin şərhçisi-filan deyil. Öz rəylərilə müasir Rusiya siyasətinin magistral yollarını təyin edən çox güclü siyasi fiqurdu. Məlum Türkiyə referendumunu o, elə ilk dəqiqələrindən başlayaraq anbaan, addımbaaddım izləyib. İlk nəticələr əldə edilincə gecə yarısı saat 00:30-da görün bir nə yazıb o, öz FB səhifəsində: “Ərdoğanı qələbə münasibətilə ilk olaraq baş müttəfiqi - Azərbaycan prezidenti İlham Əliyev təbrik etdi. Ancaq görəsən, Avropa siyasi liderləri necə, onu təbrik edəcəklərmi? Yoxsa əsəbdən lap bozaracaqlar? İndi Ərdoğanın qələbəsindən sonra, Avropa siyasi elitası üzvləri istəsələr də, istəməsələr də növbəti kiçik ”referendum" iştirakçılarıdırlar. Bir-birilərinə gecənin bu vaxtında zəng edib soruşurlar: “Neynəyək? Təbrik edəcəksənmi onu?”"


***


Zəlzələ effektli bu şərhdən sonra siyasətçilər gündəmi tərk edib mövzunu rus kilsəsinə, pravoslav müəlliflərinə etibar edirlər. Rus kilsəsi burda ilk dəfə pərdə arxasından çıxaraq məsələyə öz sərt reaksiyasını sərgiləməyə tələsir. Belə ilginc, sensasion şərhlərin ən maraqlısı pravoslav publisisti Kirill Frolova məxsusdu. Məşhur “Çarqrad” saytında nəşr edilmiş bu uzun şərhdən kiçik çıxarışları biz indi diqqətinizə çatdırırıq. Yadda saxlayın, müasir Rusiya-Türkiyə münasibətlərinin strateji impuls almağında, yeni məzmun kəsb etməyində ən maraqlı tərəf indi məhz Rus pravoslav kilsəsi, şəxsən patriarx Kirilin özüdür. Yəni biz Allahın lütfü ilə böyük üstünlük əldə etmişik - rus kilsəsi indi regionda öz maraqlarını güdür, nəinki ona tam zidd erməni maraqlarını. Məqalədəki çıxarışlarla tanış olsaq, bu bizə ovcunuzdakı su kimi aydın görünəcək: “Razıyam, erməni və yunan simpatizanlarına Türkiyə ilə Rusiya ittifaqı əsla qəbuledizməzdir. Ancaq biz bu ittifaqı qəti olaraq qəbul edirik. Niyə? Çünki mövcud siyasi reallıqlar çərçivəsində Bizans mirası ancaq bu halda dirilib gündəmi zəbt edə bilər bizim üçün. Qərbin Türkiyə ssenarisi belə idi - Krım, Qafqaz, Volqa boyu ərazilərdə guya Türkiyə at oynatmalı, Moskva təsirini zəiflətməli idi.


Qərb diplomatiyası bizim bu yeni siyasi kursumuza səfir Andrey Karlovun öldürülməsi ilə cavab verdi...


Çar Rusiyası, oxşar siyasi xətti İstanbuldakı səfiri Konstantin Leontyevin vasitəsilə həyata keçirirdi...


Balkan slavyanlarını, yunan qardaşlarımızı, pravoslav dünyasını Avropa İttifaqı diktaturasından azad etməyin yeganə yolu bax, bu yeni Bizans layihəsindən keçir indi...


Katolik Qərb dünyası ilə ittifaq, Roma Papasına haqsız etimad tarix boyu biz pravoslavlara nə verdi ki? Heç nə. Ancaq acı məğlubiyyətlər silsiləsi, vəssalam. Qərblə, Roma ilə bizim bu həssas regionda hədəflərimiz dabandabana ziddi. İstanbul patriarxı Varfolomey indi daha çox Kiyev separatistlərini xatırladır, nəinki adi bir pravoslav keşişini. Yadda saxlayın, bizim patriarx Kirilin 70 illiyi təntənəli şəkildə qeyd edildiyi bir gün bax, bu İstanbul patriarxı Varfolomey öz başından böyük qələt edib, başını daşa döyüb - həmin gün Ukrayna Böyük Radası spikeri Andrey Parubini İstanbulda salamlayıb. Səfərin gizli məzmunu isə sən demə, belə imiş".


***


Kirill Frolov daha sonra məqaləsində yazıb: “Kiyev kilsəsinin Moskva patriarxatına tapşırılmağı tarixi 1686-cı ildən rəsmiləşib. O vaxt, indiki İstanbul patriarxı Varfolomeyin sələfi Patriarx Dionisiy Kiyev kilsəsini Moskva patriarxlığı tabeçiliyinə əbədi olaraq, necə deyərlər, məhşər gününəcən etibar edib”.


Ancaq indi deyəsən, rəsmi Kiyev bu ittifaqı ləğv edib tarixin təkərini geriyə fırlatmaq, Ukrayna kilsəsinin müstəqilliyini elan etməyə hazırlaşır. Mövzunun həlli, kilid açarı isə 300 il əvvəlki kimi yenə də İstanbulda, partiarx Varfolomeyin dərin ciblərindədir. Dövrü mətbuata bu barədə məlumat verən Andrey Parabiy öz gələcək planlarını artıq heç kimdən gizləmir: “Mən, Böyük Patriarx Varfolomeyi Kiyevə dəvət etdim. Qoy gəlib bizim deputatlarla, Ümumukrayna Kilsə Şurası üzvləri ilə birbaşa görüşsün”.


Bu müsahibəsində Andrey Parubiy ağzından bəzi “quş”lar da buraxıb. Danışıqların bəzi gizli detallarını özü də bilmədən, yaxud bilərəkdən mətbuata ötürüb: “Varfolomey Ukraynadakı gərgin duruma yaxşı bələddi. 16 iyun 2016-cı il tarixində bizim Rada, müqəddəs Varfolomey ünvanına müraciət edərək Ukrayna kilsəsinə müstəqillik verilməsi xahişini orda səsləndirib. 4793 saylı bu qərarı 245 deputatımız təsdiqləyib. Bu da bəs edir ki, müraciət gələcək rəsmi prosesə start versin”.


***


Moskva üçün ölümcül zərbə sayılan bu prosesin ilk addımları hələ ötən il mart ayında Ukrayna prezidenti Petro Poroşenko tərəfindən atılıb. Siftəni o edib bu məsələdə, sonrakı detalları ötürüb Andrey Parubiy kimi “ələkçinin qıl verənlərinə”.


Moskva patriarxı Kirillə müqəddəs Varfolomey arasındakı onsuz da gərgin münasibətlər öz sınma nöqtəsinə gəlib çatıb son vaxtlar. Görün bir bu Varfolomey öz həmkarı Kiril barədə nə deyir indi:


“Təəssüf, Rusiya hökuməti kilsə işlərinə kobud müdaxilələr ənənəsini indi də davam etdirir. Müqəddəs Kirill üçün pravoslavların vəhdəti məsələsi ruhla deyil, təşkilatlanma ilə əlaqədardı sanki. Vatikanın bu tarixi səhvini indi Moskva təkrarlayır”.


***


Qayıdaq burda Kirill Frolovun mövzuyla əlaqədar məlum məqaləsinə. Görün orda bu çox məlumatlı müəllif nə deyir: “Varfolomey, Qərbin antixristian qlobalistik qüvvələri ilə sıx əməkdaşlıq çərçivələrində fəaliyyət göstərir. O, xristianlığa zidd ”Lissabon deklaratsiyası" altına öz “laykını” qoymaqdan əsla çəkinməyib. Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əməkdaşlıq edən bu şübhəli şəxs müasir zamanda pravoslavların bir nömrəli düşmənidir. Andrey Karlovun qətlində bu məxfi qüvvələrin iştirakı indi istisna sayılmamalı, tam tərsinə, dərindən öyrənilməlidir. Bütün izlər Romaya...üzr istəyirəm, İstanbulun Fənər məhəlləsinə, Kiyevə aparır indi bu cinayətin tədqiqatında... Varfolomeyin gülənçilərlə, FETÖ ilə əlaqələri də artıq kimsəyə, ilk növbədə Ərdoğana gizlin deyil".


***


Varfolomeyin gülənçilərlə, şəxsən Fətullah Gülənlə, Kiyevlə, Roma papaları ilə məxfi əlaqələri bu cür söz-söhbətlərdən sonra Rusiya mətbuatını əməlli-başlı silkələyib. Rus kəşfiyyatı burda məcbur qalıb öz gizli arxivlərini açmağa: “Amerikaya, Pensilvaniyaya öz məlum köçündən düz bir il əvvəl Fətullah Gülən 9 fevral 1998-ci il tarixində Roma Papası İoann Pavel 2-ciylə məxfi görüş keçirib. Görüşdən düz 12 gün sonra 2-ci İohan Pavel öz 20 yeni kardinalını təyin edib. İki nəfəri isə özünün ”Gizli kardinalı" adlandırıb. Adına latınca “İn faktore” deyilən bu adətə görə, Roma papasının gizli kardinal seçmə haqqı var. Yalnız ölüm ayağında ikən o, bu kəslərin adını öz növbəti xələfinin qulaqlarına pıçıldamalıdır. Təyin edilmiş iki məxfi kardinaldan biri məhz Fətullah Güləndir. Səfir Karlovun qətlindən sonra bu barədə dərindən düşünməyə dəyər. Gülənçilərin Moskva ilə Ankara əlaqələrini dəfələrlə pozmaq cəhdləri hamıya yaxşı məlumdu. İndi özünüz düşünün, hansı növbəti təxribatlar gözlənilir bu sahadə? Kimlər idarə edir bu gülənçiləri, gizli kardinalları, Kiyev kilsə separatistlərini?"


***


Gördüyümüz kimi, mətbuatda səsləndirilmiş “Türk-slavyan birliyi” ideyası təkcə Nazarbayevin şəxsi tabeçiliyində deyil artıq. Bu ideya “pilot layihəsi” çərçivəsindən çıxaraq artıq öz real, işlək konturlarını qazanır yavaş-yavaş. Burda əsas hədəf Pravoslav kilsəsinin gələcəyidir. Kim girəcək Aya Sofya kilsəsinə? Kim bu məbəddə ilk olaraq öz şamını yandıracaq?


Gündəmin bir saylı mövzusu indi budu. Qarşıda Putinin İstanbula məlum səfəri gözlənilir.


Türk-slavyan qardaşlığı ideyası tarixin sınağından dəfələrlə üzü ağ, alnı açıq çıxıb həmişə. Bizim həm maraq dairələrimiz eynidir, həm də düşmənlərimiz. Qarabağ düyününün məhz bu kontekstdə açılacağına da mən artıq indidən qəti əminəm. Özünün son Bakı səfəri zaman Türk dünyasının ağsaqqalı, xaqanı Nursultan Nazarbayev Bakıda ikən sözsüz oxşar mövzuları öz həmkarı prezident ilham Əliyevlə bölüşüb. Təhlükəsizlik barədə öz yeni konsepsiyasını səsləndirib.


Tarix özünün ən gərgin, həlledici dövrünü yaşayır indi. Siyasətçilərdən sonra meydana kilsə xadimləri qarışır. Xəncərlərini uzun əbalarının ətəyi altında gizlətmiş gizli, açıq kardinallar öz son döyüşlərinə hazırlaşırlar.


Qələbə bizim olacaq bu sərt qarşıdurmada. Axı uduzmaq haqqımız yoxdu indi bizim.


Həmid HERİSÇİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.