Niyə Anar Ələkbərov? - Birinci vitse-prezidentin köməkçisi barədə rəylər
19-04-2017, 09:18
Politoloq: “Düşünürəm ki, vitse-prezidentin ətrafında elə bir komanda formalaşacaq ki...”
Heydər Əliyev Fondunun icraçı direktoru, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub.
Anar Ələkbərov vergilər nazirinin müavini, III dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan SSR dövründə ciddi vəzifə sahibi olan Sahib Ələkbərovun oğludur. Onunla bağlı hələ ki vikipediya məlumatları mövcud deyil.
A.Ələkbərovun fəaliyyəti barədə məlumatlı olan politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirib ki, bu təyinatı yüksək qiymətləndirir: “Anar Ələkbərovun fəaliyyəti barədə müxtəlif mənbələrdən məlumatlıyam. O, peşəkar idarəedicidir və bütün verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Eyni zamanda özü də təşəbbüskardır. Müxtəlif təşəbbüslərlə çıxış edib, onları yüksək səviyyədə reallaşdırmağa çalışır. Mehriban Əliyeva vitse-prezident təyin edilən zaman da proqnozum belə idi ki, o, özünə yeni komanda yığacaq. Bu komandada isə bizim öyrəşdiyimiz insanlar olmayacaq. Bildirmişdim ki, komandanın üzvləri Nazirlər Kabinetindəki yaşlı insanlar deyil, ideyalı, xaricdə təhsil alan gənclər olacaqlar.
Anar Ələkbərov uzun müddətdir ki, Heydər Əliyev Fondunda çalışır və birinci vitse-prezidentlə də görülən işlərlə bağlı bir-birilərini yaxşı anlayırlar. Ona görə də hesab edirəm ki, təyinat uğurludur və proseslərə təsiri olacaq. Çünki islahatları, neqativ hallarla mübarizəni gücləndirmək lazımdır. Prezident Yevlaxdakı toplantılarda xeyli sayda qarşıya qoyulmuş vəzifələrdən danışdı. Bəs bunları kim və necə yerinə yetirəcək? Təbii ki, köhnə komanda ilə bu vəzifələri yerinə yetirmək problematik görünür. Çünki 83 yaşlı baş nazirlə, köhnə vərdişlərdən əl çəkməyən bəzi məmurlarla prosesləri sürətləndirmək çətin olacaq. Prezident necə ki, vaxtilə “ASAN xidmət”i yaratdı və bu xidmət bir nümunə halına gəldi, düşünürəm ki, Mehriban Əliyeva da formalaşdıracağı komanda və Anar Ələkbərovla birlikdə məsul olduğu sahədə yeniliklər gətirə biləcəklər".
Politoloq bildirib ki, hazırda hökumətdə yeniliklərə çox ehtiyac var: “Bir məsələyə diqqət edək ki, bugünlərdə ”Ovçular evi"nin yerində bina tikmək istəyirdilər və ətrafdakı ağacları da kəsirdilər. Prezident buna reaksiya verdi. Lakin prezidentin bütün bu kimi hadisələrə reaksiya verməsi problematikdir. Gərək ki, çevik informasiyası olsun. Düşünürəm ki, vitse-prezidentin ətrafında elə bir komanda formalaşacaq ki, baş verən hadisələr haqqında prezidentin məlumatlandırılması işi sürətləndiriləcək. Baş verənlər göstərir ki, artıq dövlət başçısı alternativ mənbələrdən informasiya almaq imkanına malikdir və yerində araşdırmalar aparılır. Ola bilər ki, köhnə komanda nəyisə gizlədə bilərdi. Ancaq vitse-prezidentin ətrafında yeni formalaşan komanda bu proseslərə vaxtında reaksiya verir və dövlət başçısına da alternativ mənbələrdən xəbər alma imkanı yaradır. Xatırladım ki, dövlət başçısı bir müddət öncə baş redaktorlarla görüşündə də bildirmişdi ki, bəzən məlumatları məndən gizlətməyə çalışırlar, ancaq mən mətbuatı da izləyirəm, alternativ mənbələrə də çıxış imkanlarım var.
Anar Ələkbərovun və yeni komandanın fəaliyyəti də imkan verəcək ki, dövlət başçısı alternativ mənbələrdən də bu xəbərləri almaq imkanına malik olsun. Məsələn, bir daha “Ovçular evi” ətrafında baş verən hadisəyə diqqət edək. Orada ağacları kəsənlər düşünürdülər ki, hansısa oliqarxa bağlıdırlar və istədiklərini edə bilərlər. Görünür, hakimiyyətin içində müəyyən dəyişikliklər baş verir ki, bu cür hadisələrə reaksiya verilir, özbaşınalıqların qarşısı alınır. Düşünürəm ki, Anar Ələkbərovun təyinatı ilə neqativ halların ortadan qaldırılması prosesi, gənclərin daha çox irəli çəkilməsi, “ASAN xidmət”ə bənzər strukturların yaranması halları daha da sürətləndiriləcək. Nəticədə təhsilli gənclər irəli çəkiləcəklər. Azərbaycanda xeyli sayda xaricdə təhsil alan gənc var. Bu insanları indi irəli çəkmək lazımdır".