Qərbdəki “beyin mərkəzi”: “Qarabağın 2-ci Suriya böhranına çevrilmə riski var...”

5-06-2017, 10:47           
Qərbdəki “beyin mərkəzi”: “Qarabağın 2-ci Suriya böhranına çevrilmə riski var...”
İşğalçını masa arxasında kim oturdacaq - Rusiya, yoxsa Azərbaycan əsgəri?; Müharibə ehtimalının getdikcə artması Moskvanı da seçim qarşısında qoyub; Rusiya üçün qərar vermək anı yetişir;


Ötən həftə Beynəlxalq Böhran Qrupu (BBQ) da öz hesabatında Azərbaycan və Ermənistan arasında müharibə riskinin böyük olduğunu və ATƏT-in Minsk Qrupu həmsədrlərinin təcili addımlar atmalı olduğunu bəyan elədi. Bu, son vaxtlar təmas xəttindəki durumla bağlı dərin narahatlıq keçirən daha bir Qərb “beyin mərkəzi”nin xəbırdarlığı idi. Bundan az öncə isə ABŞ Milli Kəşfiyyat Agentliyi 2017-ci ilə iki ölkə arasında hərbi toqquşma riskinin böyük olduğu barədə hesabat yaymışdı.


Maraqlıdır ki, BBQ-nin son hesabatını separatçı rejimin üzdəniraq “mətbuat katibi” David Babayan ad-soyadlı zat ədalətli hesab etmədiyini bildirib. Babayan iddia edib ki, müharibə ehtimalı sənəddə göstərildiyi kimi, böyük deyil və yaxın zamanlarda genişmiqyaslı hərbi toqquşma gözlənilmir. Guya ki, müharibə başlayanda Babayan və digər separatçı tör-töküntülərdən rəy soruşulacaq.


Sözsüz ki, erməni tərəfi belə iddiaları əsasən öz ağası Rusiyaya arxayın olaraq dilə gətirir. O Rusiya ki, bu dəqiqə bəlkə də heç özü də bilmir ki, Dağlıq Qarabağ konflikti ilə nə eləsin. Məsələ ondadır ki, Kremlin münaqişəni uzun müddət dondurulmuş vəziyyətdə saxlamaq limiti bitir. Bundan sonra da eyni taktikanı yürütmək Azərbaycanın tamamən Rusiyadan uzaqlaşmasına, ardınca isə Türkiyə ilə münasibətlərdə dinamikanı poza bilər.


Üstəgəl, yeni müharibə Moskva-Ankara münasibətlərini də ciddi şəkildə sınağa çəkəcək. Yerli və xarici siyasi təhlilçilərin bu xüsusda şərh və təhlilləri qənaətimizi bir qədər də möhkəmlədir.


***


“Dağlıq Qarabağ münaqişəsinin yenidən başlaması ehtimalında münaqişəyə Rusiya və Türkiyə də qoşula bilər”. Bu barədə ABŞ-dakı Karneqi Fondunun analitikləri Yevgeni Rumer, Riçard Sokolski və Pol Stronskinin hazırladığı “ABŞ-ın Cənubi Qafqaz siyasəti” hesabatında deyilir (Avropa.infio). Hesabata görə, regionda yaşanan böyük geosiyasi dəyişikliklər fonunda hər üç Cənubi Qafqaz ölkəsi fərqli xarici siyasət strategiyası izləyir.


“Gürcüstan bacardıqca Rusiyadan məsafə saxlamağa çalışaraq Avroatlantik inteqrasiya yolunda möhkəm şəkildə dayanır. Ermənistan hər iki düşərgə ilə: Rusiya və Qərbə istiqamətlənmiş münasibətlər qurmağa çalışır. Öz növbəsində Azərbaycan Rusiya və Qərbi məsafədə saxlamağa çalışır”, - deyə müəlliflər qeyd edir.


O ki qaldı dondurulmuş münaqişələrə, hesabatda deyilir ki, onlardan hər hansı birinin qarşısının alınması ABŞ-ın Cənubi Qafqaz siyasətinin əsas prioritetlərindən biri olaraq qalmalıdır. Ekspertlərin fikrincə, Azərbaycan və Ermənistan arasında olan hərbi münaqişənin keçən il qısa müddətə yenidən alovlanması regionda stabilliyə və ABŞ-ın maraqlarına təhdid yarada biləcək təhlükəni ortaya çıxardı. Məhz bu üzdən münaqişənin qarşısının alınması ABŞ diplomatlarının regiondakı prioritetləri siyahısında ən başda yer tutmalıdır.


“Hərbi əməliyyatlar yenidən başlarsa, Rusiya və Türkiyə onların Ermənistan və Azərbaycanla münasibətlərindən dolayı bilavasitə münaqişəyə qatıla bilərlər. Münaqişənin gedişindən asılı olaraq, İran da onun iştirakçısı ola bilər. Konflikt həmçinin Türkiyədən fərqli maraqlar izləyən İran və Rusiya üçün ikinci Suriya hərbi əməliyyatlar teatrına çevrilə” - hesabatda belə deyilir.


Analitiklər belə nəticəyə gəlirlər ki, Vaşinqton hər üç Cənubi Qafqaz ölkəsinin daxili transformasiyasını və beynəlxalq ictimaiyyətə inteqrasiyasını dəstəkləyərək onlarla aktiv şəkildə qarşılıqlı münasibət saxlamalıdır. ABŞ-ın regionun transformasiyası ilə bağlı əvvəllər etdiyi cəhdlər ümidləri doğrultmayıb və dəyişikliklər etməyə cəhd olunarsa, çətin ki, uğurlu olar. “Asta və dayanıqlı vədlər əvvəlki kimi Cənubi Qafqaz ölkələrinin, ABŞ-ın regiondakı maraqlarına cavab verir” - hesabatda vurğulanır.


***


Məsələ də ondadır ki, Güney Qafqaz ölkələrinin xarici siyasətlə bağlı fərqli seçimləri də bu və ya digər şəkildə bölgədəki münaqişələrin, ələlxüsus da Dağlıq Qarabağ probleminin həll perspektivinə təsir edir. Çünki region hər şeydən öncə Rusiya və ABŞ-ın geosiyasi rəqabət meydanlarından biridir və Moskva burada öz “həyati maraqları”nı heç bir başqa gücə güzəştə getmək istəmir.


ABŞ və Rusiya isə ya zəlzələdən, ya da vəlvələdən Qarabağ nizamlanmasında iki aparıcı vasitəçi dövlətdir. Lakin həlli uzanan Donbas böhranı da bir daha göstərdi ki, bu iki güc regional konfliktlərin həllində hələ ki ciddi əməkdaşlığa hazır deyil. Fərqli dəyərlər və təhlükəsizlik sistemi, diametral fərqli maraqlar imkan vermir. Qarabağ konflikti zonasında status-kvo isə indiki kimi uzun müddət qala bilməz. O ya iki “mehriban düşmən”in ortaq səyləri ilə, dinc vasitələrlə müsbətə doğru dəyişəcək, ya da bunu Azərbaycan əsgəri edəsi olacaq.


***


Rusiyalı analitik və jurnalist Vadim Dubnov da münaqişə zonasındakı hazırkı durumdan narahatdır. “Qarabağ münaqişəsi zonasında sabitlik naminə status-kvonun qorunub saxlanması çətin və təhlükəli işdir. Belə ki, tərəflərdən biri işlərin gedişindən məmnun qalmazsa, qarşı tərəfi təzyiq, təhdid altında qoyacaq və yenidən müharibə riski yaranacaq”. Ekspert bunu 168.am portalına müsahibəsində deyib (Virtualaz.org).
“Düşünürəm ki, 2016-cı ilin aprelində olduğu kimi, status-kvo getdikcə daha tez-tez mübahisə obyektinə çevriləcək. Buna görə də, vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması perspektivini görmürəm”, - deyə o qeyd edib. Bununla belə, ekspertin fikrincə, Moskva hər iki tərəfi silahlandırmaqda davam edir.


O hesab edir ki, Moskvanın tərəfləri silahlandırması işində siyasi deyil, iqtisadi maraqlar öndə gəlir: “Lakin hərbi əməliyyatların baş verdiyi münaqişə zonasına silah satışı cinayətkar biznesdir. Axı Rusiya həm də sülh danışıqlarının vasitəçisidir. Bu səbəbdən də Moskvanın rolu birmənalı deyil və dramatikdir”. Dubnovun sözlərinə görə, Azərbaycana müasir silahların satışından Rusiya pul qazanır. “Ermənistanın pulu kifayət qədər deyil. Buna görə də, İrəvan o qədər müasir olmasa da, daha böyük həcmdə silah alır”.


***


Problem də ondadır ki, Qarabağ münaqişəsi Rusiyadan ötrü həm də biznesdir - öz silahlarını realizə edib böyük paralara qazanmaq üçün bir bazardır, meydandır. Ancaq Rusiya bunu sonsuzadək sürdürə bilməz. Çünki hər şeyin, o cümlədən birtərəfli biznes maraqlarının da sonu gəlir.



Üstəlik, Rusiya Qarabağ nizamlanmasında obyektiv vasitəçiliyə iddia edən ölkədirsə, yalnızca kommersiya maraqlarından çıxış edə bilməz. Odur ki, rəsmi Kreml nizamlama prosesində pozitiv dönüşün yaranmasında da maraqlı olmalıdır ki, konflikt nəzarətdən çıxıb böyük və dağıdıcı müharibə fazasına keçməsin. Mümkün olacaqmı? Politoloqlardan bu yöndə nikbin olanlar da var.


“Bu ay Dağlıq Qarabağ münaqişəsi ətrafında diplomatik və hərbi hərəkətliliyin artacağı gözlənilir”. Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Dağlıq Qarabağ ətrafındakı son hərbi-siyasi prosesləri dəyərləndirərkən deyib (Axar.az). Politoloq bildirib ki, bir neçə gündür düşmənə vurulan ardıcıl zərbələr diplomatik təmasda canlamaya gətirməlidir.


“İyunun 11-də Astanada Rusiya və Azərbaycan prezidentlərinin görüşü gözlənilir. Təbii ki, bu görüşdə müzakirə ediləcək əsas məsələ danışıqların hazırkı vəziyyəti olacaq. Sülh prosesinin davam etməsi üçünsə Ermənistanın işğal altında saxladığı bir neçə rayondan hərbi hissələrini çıxartması əsas şərtdir” - o bildirib.


M.Əsədullazadənin fikrincə, hazırda sülh danışıqlarının aktiv olmamasının məsuliyyətini Rusiya daşıyır: “Çünki ötən il aprel ayında baş verən hərbi əməliyyatların dayandırılmasına ciddi səy göstərən və münaqişənin nizamlanmasında təşəbbüsü ələ alan Rusiya oldu. Sülh danışıqlarının real nəticəsi əvəzinə isə Rusiyanın Ermənistana milyardlarla ölçülən külli miqdarda silahı təmənnasız verdiyini müşahidə etdik”.
Politoloq Moskvada Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin son görüşünü xatırladaraq, qeyd edib ki, həmin görüşdə təmas xəttində vəziyyət müzakirə edilsə də, əsasən Ermənistanın ön xəttə ağır artilleriyanı cəmləşdirməsi, Azərbaycanın haqlı iradları Rusiyanın nəzərinə çatdırılıb.


“İyunun 19-da ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də regiona səfəri gözlənilir. Bu səfərdə həmsədrlər çalışacaq ki, prezidentlərin görüşünü təşkil etsinlər. Artıq Ermənistanla tələb və şərt şəklində danışmağın vaxtıdır. Hesab edirəm ki, Azərbaycan cəbhədə işğalçıya ciddi təzyiqlər etməklə İrəvanı danışıqlar masasına oturda bilər. Azərbaycanın güclü hərbi təzyiqləri davam edərsə, Ermənistan bir neçə rayonu boşaltmaq məcburiyyətində olacaq”.


Siyasət şöbəsi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.