Üç paytaxt arasında Qarabağa görə casus qalmaqalı - “kartlar” açılır...
19-08-2017, 10:12
Postsovet məkanının ən üzücü münaqişəsində xarici xəfiyyə izi; “Dağlıq Qarabağda ”seçkiləri" izləmək üçün alman radikal siyasətçilərinin Xankəndinə səfərini Rusiya xüsusi xidməti təşkil edib" - Qərb nəşri; fakt təsdiqini tapsa, Bakıdan nota gələ bilər; Soçi görüşünün daha bir mühüm detalı...
Dağlıq Qarabağ probleminin artıq beynəlxalq səviyyəli bir məsələyə çevrilməsi gerçəkdir. Əfsuslar olsun ki, bu, münaqişənin həllinin tezləşməsinə yox, əksinə, daha da uzanmasına xidmət etməkdədir. Xüsusən də vasitəçi qismində özünü göstərən qonşu Rusiyanın konfliktə münasibətdə illərdir sərgilədiyi “balanslı” siyasət problemi beynəlxalq hüquq çərçivəsində həllini müşkülə çevirib.
***
Bu arada Almaniya xüsusi xidmət orqanları Qarabağ məsələsinə, Azərbaycan-Rusiya münasibətlərinə təsir edə biləcək sensasion iddia ilə çıxış edib (Virtualaz.org). Belə ki, alman xəfiyyəsi bu ölkədə fəaliyyət göstərən radikal sağçı “Almaniya üçün alternativ” partiyasının Moskva ilə əməkdaşlıq etdiyini üz çıxarıb. Bu barədə “Die Zeit” qəzetinin məqaləsində deyilir.
Məlumata görə, partiya nümayəndələri Rusiya kəşfiyyatının təşkilatçılığı ilə postsovet ölkələrindəki separatçı ərazilərdə keçirilən “seçkilərdəki” müşahidə missiyalarının tərkibində yer alıblar. “Məqsəd Rusiyanın mübahisəli xarici siyasətinə beynəlxalq legitimlik donu geydirmək olub. Alman kəşfiyyatı müəyyən edib ki, bu siyasətçilərin səfərlərini Rusiya xüsusi xidmət orqanları təşkil edib” - qəzet qeyd edib.
Nəşrin yazdığına görə, hazırda alman xüsusi xidmət orqanları sağ radikal qüvvələrin nümayəndələrini özünün postsovet məkanındakı separatçı ərazilərdəki siyasətini legitimləşdirmək məqsədi ilə istifadə etdiyinə dair dəlilləri araşdırır. Bildirilir ki, bu fəaliyyətdə əsas rolu Berlindəki Avrasiya Araşdırmaları Mərkəzi oynayıb. Mərkəz 2016-cı ildə sağ radikal təmayüllü “Zuerst!” qəzetinin baş redaktoru Manuel Oksenrayter və “Almaniya üçün alternativ” partiyasının funksioneri Markus Fronmayer tərəfindən yaradılıb.
Oksenrayter artıq illərdir “Almaniya üçün alternativ” partiyasından olan deputatların Donbass, Dağlıq Qarabağ və digər separatçı regionlara səfərlərini təşkil edir. 2014-cü ildən başlayaraq həmin partiyadan azı 11 deputat keçmiş sovet respublikalarındakı separatçı ərazilərdə keçirilən “seçkilərdə” müşahidə missiyalarının tərkibində iştirak ediblər. Bununla da Rusiyanın həmin bölgələrlə bağlı mübahisəli siyasətinə beynəlxalq legitimlik donu geyindirməyə çalışıblar.
Həmin səfərlər yerlərdəki “rusiyayönümlü hakimiyyətlər” və ya Kremlönümlü QHT-lər tərəfindən maliyyələşdirilib. Rusiyanın bu missiyasında əsas rollardan birini oynayan Berlindəki Avrasiya araşdırmaları mərkəzinin əsasını qoyanlardan Mateuş Piskorskidir. Ötən il onu Polşada Rusiyanın xeyrinə casusluq ittihamı ilə saxlayıblar. Almaniya xüsusi xidmət orqanlarına daxil olan məlumata görə, Piskorski tərəfindən Krıma təşkil edilmiş ən azı, bir səfəri Rusiya xüsusi xidmət orqanları koordinasiya edib və ən azından ona ciddi təsir göstərib. Kəşfiyyat bu qənaətə gəlib ki, Moskva məqsədyönlü şəkildə Almaniyada sağ təmayüllü partiyaları maliyyələşdirir və onlar populist məqsədlərlə çıxış edərək Rusiya ilə yaxşı əlaqələrə çağırırlar.
***
Əslində Rusiyanın sırf öz imperiya maraqlarından çıxış edərək, postsovet məkanındakı separatçı rejimlərə, separatçılara, o sırada Dağlıq Qarabağdakı qondarma quruma hüzn-rəğbət bəsləməsi yeni deyil. Onlara altdan-altdan rəsmi səviyyədə dəstək verilməsi də təzə məsələ sayılmaz. Zatən, problemin on illərdir uzanmasının əsas səbəblərindən biri budur.
Elə təkcə bu faktı xatırlatmaq yetər: bir neçə ay öncə Moskvada Rusiya ermənilərinin lideri Ara Abramyanın 60 illik yubileyinə prezident Vladimir Putin öz mətbuat katibi Dmitri Peskovu və xarici işlər naziri, atası erməni Sergey Lavrovu (Kələntərovu) göndərmişdi. Həmin tədbirə isə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da qatılmış, Rusiya rəsmiləri ilə qədəh toqquşdurmuşdu.
Yeri gəlmişkən, Saakyanın özü birbaşa Rusiya xüsusi xidmətlərinə sıx bağlı adam sayılır. Nahaq yerə, o, “Kremlin tulası” ayamasını daşımır. Bu da faktdır ki, Rusiyanın siyasi isteblişmentində, o cümlədən xarici siyasət strukturlarında, aparıcı elektron və yazılı KİV-lərində ermənilər əməllicə kök sala biliblər. Lavrovu və Saakyanı dedik. Hətta illərdir Rusiyanın İrandakı səfiri də (Levan Caqaryan) ermənidir və az öncə Putinin birbaşa dəstəklədiyi “Şimal-cənub” nəqliyyat dəhlizi layihəsinə qarşı çıxmışdı.
Bu yaxınlarda Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi də xeyli dərəcədə erməni faktoru ilə əlaqələndirilir. Təsadüfi deyil ki, ötən ay Soçidə Azərbaycan prezidenti İlham Əliyevin rusiyalı həmkarı ilə qapalı görüşündə əsas müzakirə mövzularından biri məhz erməni lobbisinin iki ölkə münasibətlərini pozmaq cəhdləri ilə bağı olub.
Bu xüsusda Azərbaycanı dövlət başçısının aşağıdakı fikri xüsusi diqqət çəkmişdi: “Moskva ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisini və onun nəzarətindəki qüvvələri, o sırada Rusiyada dövlət orqanlarına soxulmuş və anti-Azərbaycan fəaliyyəti göstərən şəxsləri və bəzi beynəlxalq dairələri narahat edir və bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir”.
“Bu gün Rusiyadakı erməni lobbisi dünyadakı ən güclü lobbilərdəndir. Hakimiyyətin siyasətinə təsir edən erməni lobbisi hazırda Kremldə at oynadır. Hətta bu gün İranda Rusiya səfirliyinin başında erməni durur”. Bunu isə politoloq Hüseynli Rusiya xarici siyasətinə erməni amilinin təsirindən danışarkən Axar.az-a deyib.
Lakin Azərbaycanın Rusiya üçün strateji cəhətdən daha əhəmiyyətli olduğunu vurğulayan politoloq hesab edir ki, əgər Moskva öz maraqlarının gedişində dayansa, onda Azərbaycana daha böyük önəm verməlidir. “Ancaq hələ ki, Rusiyadan bu istiqamətdə ciddi addımların şahidi ola bilmirik. Bu kontekstdə Ermənistanın Rusiya təsirindən qopacağı və kremlin Azərbaycana yatırım edəcəyi hələ dumanlıdır. Çünki Rusiyanın özündə bir çox şey qeyri-müəyyəndir, hakimiyyətin müxtəlif qolları arasında ciddi ziddiyyətlər var. Bu ziddiyyətlər nəticəsində ölkənin xarici siyasətində ermənipərəst qüvvələr üstünlük təşkil edir”, - deyə o əlavə edib.
***
Sözsüz ki, Qarabağdakı qanunsuz seçkilərin avropalı siyasətçilər tərəfindən müşahidə edilməsinin təşkilində Rusiyadakı erməni lobbisinin də danılmaz rolu var. Lakin söhbət ən əvvəl Rusiya xüsusi xidmət orqanlarından getdiyindən, fakt öz təsdiqini taparsa, üç paytaxt (Berlin, Moskva, Bakı) qalmaqal da yarada bilər.
Mümkündür ki, rəsmi Bakı buna müvafiq nota ilə reaksiya versin. Ən azı o səbəbə ki, belə bir fakt konfliktin nizamlanmasında Rusiyanın qərəzsiz vasitəçi rolu ilə bir araya sığmır və Bakı ilə Moskva arasında strateji tərəfdaşlıq əlaqələrinə kölgə salır. Gözləyək görək, rəsmi Kremldən alman nəşrinin yazısı ilə bağlı hansısa izahat gələcəkmi?
Siyasət şöbəsi