Vitse-admiral Şahin Sultanov yenidən həbs oluna bilər

24-08-2017, 10:59           
Vitse-admiral Şahin Sultanov yenidən həbs oluna bilər
Avqustun 23-də Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclasında sensasion gəlişmə baş verib. “Report”un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Bakı Hərbi Məhkəməsindən müraciət daxil olduğu elan olunub.

Hakim bildirib ki, Hərbi Prokurorluq birinci instansiya məhkəməsinin çıxardığı hökmdən apelyasiya protesti verib: “Apelyasiya protesti də gec verildiyi üçün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənov Bakı Apelyasiya Məhkəməsinə bununla bağlı müraciət edib. O, müddətin bərpası üçün işin yenidən birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib”.

Ş.Sultanov və onun müdafiəçiləri buna etiraz ediblər. Sabiq komandan qeyd edib ki, dörd aydan sonra sənədlər apelyasiya instansiyasına daxil olub: “Buna etiraz edirəm. Dörd aydan sonra sənədlər gəlib Bakı Apelyasiya Məhkəməsinə. İndi bu nə deməkdir? Razı deyiləm”.

Daha sonra məhkəmə kollegiyası müşavirə otağına yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti qərarı elan edib. Qərara əsasən, iş yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılıb.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, Ş.Sultanov təqsirləndirilən şəxs qismində Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Ş.Sultanov və digər şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Ş.Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib. Bundan başqa, Kazım Əsgərova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qalib Hacıyev 2 il sınaq müddəti təyin etməklə 5 il şərti cəza verilib.
Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırovun barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, onlara şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxslərə də şərti cəza verilib.
Yada salaq ki Ş.Sultanovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi bir neçə ay davam edib. Prokuror Ş.Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Amma hökm xeyli yumşaq oldu.

Qeyd edək ki, HDQ-də aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar edilmişdi. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.
Göyçay rayonunda anadan olan Ş.Sultanov 1999-cu ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilmişdi. Ş.Sultanovun 2014-cü il aprel ayının 23-də həbs olunması mediada sabiq müdafiə naziri Səfər Əbiyevin də “başı üzərində” təhlükə kimi izah edilirdi.

İstintaq zamanı HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxmışdı.

2014-cü ilin oktyabr ayında vitse-admiralın həbs müddəti daha 3 ay uzadıldı. Amma bu müddət başa çatmamış, Bakı Hərbi Məhkəməsi dekabr ayının 25-də onun barəsində olan həbs-qətimkan ev dustaqlığa ilə əvəzlədi. Yeri gəlmişkən, Şahin Sultanov ilk nüfuzlu şəxs idi ki, belə bir qətimkan tədbirindən yararlanırdı.

Vitse-admiralın vəkilləri bu həbsi əvvəl gündən sifarişli hesab ediblər və indi də bu fikirdədirlər.

Hərbi Prokurorluğun protesti isə onu göstərir ki, Ş.Sultanov cəzasını evdə deyil, həbsxanada da çəkə bilər.
“YM”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.