Amerikalı diplomat Qarabağla bağlı bombanı partlatdı - Ermənistan ŞOKDA
25-08-2017, 09:20
Riçard Hoqland missiyasını başa vurmazdan öncə masadakı məxfi sənədi ictimailəşdirdi
Minsk Qrupunun amerikalı həmsədri, eyni zamanda ABŞ-ın Ermənistandakı səfiri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini “Amerikanın səsi”nin erməni xidmətinə təqdim edib.
Virtualaz.org xəbər verir ki, sənəd sensasion müddəalardan ibarətdir və Ermənistanda şok effekti yaradıb. Çünki sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından söhbət gedir.
“Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər onun statusunu qarşılıqlı anlaşma və nəticələri hər iki tərəf üçün hüquqi qüvvə daşıyan referendum yolu ilə müəyyən etməlidir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə-hansı ki, Bakı bu ərazilərə nəzarət etmir-müvəqqəti status verilməlidir, bu status ən azından təhlükəsizliyi və muxtariyyətin qarantiyasını təmin etməlidir”-Riçard Hoqland bildirir.
Amerikalı diplomatın təqdim etdiyi sənədə əsasən Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər (amerikalı həmsədr məhz “işğal edilmiş” termini işlədib-müəllif). Azərbaycanın nəzarətinə verilməlidir.
“Orada Azərbaycanın suverenliyini nəzərə almadan məskunlaşma mümkün deyil. Bu ərazilərdə Azərbaycanın suverenliyi bərpa edilməlidir” deyə, diplomat bildirir. R.Hoqlanda görə, münaqişənin nizamlanmasının prinsiplərindən biri də Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır.
“Bu dəhliz təhlükəsiz hərəkət üçün kifayət qədər geniş olmalıdır. Lakin dəhliz bütün Laçın rayonunu əhatə edə bilməz. Uzunmüddətli nizamla bütün məcburi köçkün və qaçqınların öz yaşayış yerlərinə geri qayıtması hüququnu tanımalıdır”-Hoqland bildirib. Amerikalı diplomat daha sonra qeyd edib ki, nizamlama özündə beynəlxalq təhlükəsizlik təminatını da əks etdirməlidir, bura sülhməramlı missiyanın yeridilməsi də daxildir. Çünki sülhün yaxşı hazırlaşdırılmış və hər iki tərəfin etimadını qazanmış sülhməramlı missiyasız təmin edilməsinin ssenarisi mövcud deyil.
Maraqlıdır ki, amerikalı diplomat bu prinsipləri Moskvada Rusiya və Ermənistan prezidentlərinin görüşündən saatlar sonra yaymağı qərara alıb. Hansı ki, Riçard Hoqlandın təqdim etdiyi prinsiplər böyük ölçüdə münaqişənin nizamlanmasına dair Azərbaycanın illərdir israr etdiyi ədalətli həlli tapmağa imkan verə bilər. Çünki bu prinsiplər Azərbaycanın işğal edilmiş ətraf rayonların hamısının üzərində (Laçın rayonunun bir hissəsi çıxılmaqla) suverenliyinin tam bərpasını, Dağlıq Qarabağa isə müvəqqəti aralıq statusun verilməsini və yekun statusun qarşılıqlı anlaşmaya əsaslanan səsvermə ilə müəyyənləşdirilməsini nəzərdə tutur.
Riçard Hoqland Qarabağda sülhün bu əsas prinsiplərini Vaşinqtonda keçirdiyi mətbuat konfransında açıqladıqdan sonra bəyan edib ki, həmin prinsiplər Madrid prinsiplərinə əsaslanmaqla beynəlxalq vasitəçilərin ümumi mövqeyini əks etdirir.
Mətbuat konfransında iştirak edən azərbaycanlı jurnalistlər narahatlıq ifadə ediblər ki, R.Hoqlandın açıqladığı prinsiplərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması haqda heç nə deyilmir. Səfir cavabında deyib ki, bu məsələ “müzakirə olunmalıdır”. “Nizamlanmanın əsasını Helsinki prinsipləri təşkil etməlidir və orada ərazi bütövlüyü prinsipi də yer alır. Mən az ehtimal edirəm ki, ərazi bütövlüyü prinsipi bu danışıqlarda unudulacaq, bu məsələ sonda müzakirə olunacaq”-Riçard Hoqland bildirib.
Amerikalı diplomat deyib ki, Dağlıq Qarabağ münaqişəsi Abxaziya, Cənubi Osetiya, Dnestryanı münaqişələrindən fərqlənir və uzun tarixçəsi var. “Bu problem keçmiş sovet respublikalarının müstəqillik əldə etməsindən sonra başlamayıb, əsrlərlə olmasa da, onilliklər uzağa gedib çıxır” - o deyib. R.Hoqland bildirib ki, indiki ABŞ administrasiyasının Qarabağ probleminə dair yeni yanaşması mövcud deyil . “Amerikanın münaqişəyə yanaşması həmsədrlərin dəyişməsindən asılı deyil, dəyişməz qalır”-o vurğulayıb.
Qeyd edək ki, artıq R.Hoqland həmsədr kimi fəaliyyətini başa vurub və onu ABŞ-ın yeni diplomatı əvəzləyəcək. Hoqland öz açıqlamasında qeyd edib ki, yeni həmsədr Endryu Şeffer yüksək peşəkarlığa malik diplomatdır və Kipr münaqişəsinin, digər münaqişələrin nizamlanmasında təcrübəyə malikdir. “Hesab edirəm ki, Dövlət Departamenti və dövlət katibi parlaq amerikalı həmsədr seçiblər”-o bildirib.
Hələlik rəsmi Bakı da amerikalı diplomatın fikirlərini şərh etməyib.