Qəbul imtahanında yeni modelə keçidin – Səbəbləri

25-08-2017, 09:45           
Qəbul imtahanında yeni modelə keçidin – Səbəbləri
Şəffaf və ədalətli imtahan mühiti, ictimai və dövlət nəzarəti üçün ciddi təminatlar olmadan nəhəng bir korrupsiya maşının işə düşməsinə şərait yarada biləcək yeni bir sistemin yaradılmasına siyasi rəhbərlik heç bir halda imkan verməz.

Axar.az xəbər verir ki, bu sözləri test üsulunun ləğv olunması ilə bağlı yayılan informasiyalara münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O bildirib ki, test imtahanlarının ləğvini yenidən gündəmə gətiriblər:

“Bu dəfə DİM-in sədri Məleykə Abbaszadəyə istinad olunub. Yayılan informasiyalar göstərir ki, DİM və Təhsil Nazirliyi arasında kurikulum əsasında biliyin qiymətləndirilməsində tətbiq olunacaq metodla bağlı ziddiyyətlər pik həddinə çatıb. Əslində bu, gözlənilən idi. Çünki bu il ilk dəfə olaraq kurikulum əsasında təhsil alan 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri bütün təhsil ictimaiyyətini şoka saldı. 30 ballıq sistemlə 1-ci mərhələnin nəticələri aşağıdakı kimi oldu:

Riyaziyyat: 0 – 18 bal (95%)

Ana dili: 0 - 18 bal (82%)”.

O.Gündüz bildirib ki, bu nəticələr indiyədək ya kurikulum olmadığını, ya da qiymətləndirmə metodikasının düzgün həyata keçirilmədiyini göstərir:

“Güman ki, DİM məktəblərdə tədrisin zəif olması, Təhsil Nazirliyi də qiymətləndirmənin düzgün aparılmadığı qənaətindədir. Ola bilər ki, kimlərsə mövcud məqamda məhz bu cür nəticələrdən, yaranmış ziddiyyətlərdən istifadə edib yenidən test imtahanlarının ləğvinə nail olmaq istəyir. Əgər DİM bu qaydada qiymətləndirməyə davam etsə, təbii ki, 2 il sonra kurikulum əsasında ali məktəblərə qəbul və buraxılış imtahanları iflasa uğrayacaq”.

O.Gündüz problemin həll yolları olduğunu vurğulayıb:

“Həqiqətən də ciddi problem var. Lakin problemin həlli üçün test imtahanlarının, imtahanların mərkəzləşdirimiş qaydada keçirilməsinin ləğvindən söhbət gedə bilməz. Bunlar indiki halda yolverilməzdir. Eyni zamanda DİM biliyin qiymətləndirilməsi istiqamətində son illərdə apardığı işləri daha da təkmilləşdirməli, bu prosesə Təhsil Nazirliyinin ekspertləri də cəlb edilməlidir. Yeni proqramlara uyğun ədəbiyyatlar, testlər və metodiki vəsaitlər hazırlanmalıdır. Çünki həm Təhsil Nazirliyində, həm də DİM-də yeni proqramlara uyğun vəsaitlərin, testlərin hədsiz azlığı hiss olunur. Son dövrlərdə DİM tərəfindən açıq tipli, mətn tipli testlərin və digər bu kimi mütərəqqi texnologiyaların tətbiqini qiymətləndirmədə irəliyə doğru addım kimi dəyərləndirmək olar. Yeri gəlmişkən, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son zamanlarda Təhsil Nazirliyi tərəfindən atılan müsbət addımları da dəyərləndirmək lazımdır”.

O.Gündüz müasir texnologiyaların qiymətləndirmədə insan amilinin minimuma endirilməsinə, istənilən məntiqi prosesin avtomatlaşdırılmasına yetərincə imkan verdiyini də qeyd edib:

“Test texnologiyalarını maksimum təkmilləşdirməklə bu prosesi ədalətli və şəffaf formada təşkil etmək mümkündür. Ümid edirəm ki, DİM və Təhsil Nazirliyi arasında hazırda müzakirə mərhələsində olduğu bildirilən yeni qiymətləndirmə modeli də məhz mövcud sistemin ləğvini deyil, onun daha da təkmilləşdirilməsini nəzərdə tutur”.

Qeyd edək ki, DİM-in sədri Məleykə Abbaszadə iki ildən sonra buraxılış və qəbul imtahanlarında yeni modelə keçiləcəyini bildirib. M.Abbaszadənin bu sözləri test üsulunun ləğvi kimi şərh olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.