Dəyişən həmsədrlər, dəyişməyən Qarabağ “yükü”

26-08-2017, 13:34           
Dəyişən həmsədrlər, dəyişməyən Qarabağ “yükü”
ABŞ ATƏT-in Minsk Qrupundakı həmsədrini dəyişdi. Sonuncu həmsədr Riçard Hoqlandı bundan sonra təcrübəli diplomatlardan biridir, bundan əvvəl Birləşmiş Ştatların Vyanada beynəlxalq təşkilatlar yanındakı missiyasında işləmiş Endrü Şifer əvəz edəcək. Hoqlandın özü isə bu ilin əvvəlində vasitəçi missiyası daşıyırdı.

ABŞ-ın qısa müddətə öz həmsədrini əvəzləməsi Qarabağa nə verəcək? Nizamlama prosesində daha bir neçə alıq pauza zərurəti yaranır; politoloq: “Hazırdakı vəziyyət təxminən aprel ayındakı kimidir...”

Dağlıq Qarabağ kimi bir konfliktin nizamlanmasında vasitəçi-diplomatların tez-tez dəyişməsi sözsüz ki, işin xeyrinə deyil. Ən azı o səbəbə ki, təzə gələn hələ bir müddət konfliktin xarakteri ilə, münaqişə tərəfləri və bölgə ilə tanış olmalı olur. Şifer də yəqin ki, istisna olmayacaq. Demək, ən azından ilin sonunadək gözləmək lazım gələcək. Bu, həmçinin o anlama gəlir ki, Dağlıq Qarabağ ixtilafı indiki ABŞ administrasiyası üçün həqiqətən prioritet mövzulardan deyil.

***
Azərbaycan isə hələ ki sülhpərvərlik və təmkin göstərərək, dinc nizamlama şanlarının hələ də tam itirilmədiyinə inam ifadə edərək, danışıqlar prosesini tərk eləmək istəmir. Eyni zamanda müharibə variantını da heç zaman unutmur. Rəsmi Bakının bu mövqeyi bir daha Azərbaycan XİN-in Minsk Qrupu həmsədrliyinə yeni amerikalı diplomatın təyinatına verdiyi reaksiya bir daha sübut edir.

“Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır”. Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, ümumiyyətlə, Azərbaycanın Minsk Qrupunun həmsədrlərindən gözləntisi fərdi deyil, institusional xarakter daşıyır: “Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasını və məcburi köçkünlərin geri qayıtmasını təmin etməlidir. Lakin bu, Minsk Qrupunun 25 illik fəaliyyəti ərzində təmin edilməyib”.

XİN rəsmisi əlavə edib ki, Minsk Qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridirlər və onlar da BMT TŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinin qəbulunda birbaşa iştirak ediblər. Bu qətnamələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, sərhədlərin toxunulmazlığını bir daha təsdiq edir və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edir.

XİN sözçüsü Xoqlandın səfir kimi fəaliyyətinə və onun son Qarabağ açıqlamasına da münasibət bildirib: “Riçard Hoqlanda Minsk Qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri kimi fəaliyyəti və xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması və işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması ilə əlaqədar ABŞ-ın Minsk Qrupunun həmsədri kimi prinsipial mövqeyini ortaya qoyması baxımından təşəkkür edirik və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”.

***

Ancaq Xoqland nə qədər yaddaşlarda pozitiv vasitəçi kimi qalsa da, acı gerçək budur ki, Qarabağ “yükü” hələ də öz köhnə yerindədir. Sülh prosesində onun dövründə də ciddi irəliləyiş olmayıb. Bunun isə başlıca səbəbi hələ ki ABŞ-ən konfliktə yetərli diqqət ayırmamasıdır. Belə görünür, prezident Donal Trampın prezidentliyi dövründə də bunun şahidi olmayacağıq.
O ki qaldı ikinci əsas vasitəçi dövlət kimi Rusiyaya, Moskva əksinə, ixtilafın həllində misilsiz rıçaqlar ola-ola problemin dinc çözümündə maraq göstərmir. Faktiki, status-kvonun qalmasına kömək edir. Bunu Soçidə təzəcə başa çatan Putin-Sərkisyan görüşü bir daha nümayiş etdirdi.

Səbəblər barədə çox yazmışıq. Kreml münaqişənin həllinə ona görə maraq göstərmir ki, belə bir həldən sonra Azərbaycan və forpost Ermənistanın onun təsir zonasından və orbitindən həmişəlik uzaqlaşacağına görə narahatdır. O üzdən də problemin “həllini” Rusiyanın dominant olduğu Avrasiya layihələri çərçivəsinə daşımağa çalışır. Ancaq aydındır ki, bu ədalətli və daimi sülhə gətirməyəcək, konflikti sadəcə, növbəti dəfə konservasiya edəcək. Bunu biz artıq bir dəfə SSRİ dönəmində görmüşük.

***

Bu arada isə təmas xəttində gərginlik davam edir. Münaqişə zonasında yeni müharibə riski də artıb ki, azalmayıb. Bununla bağlı ekspert xəbərdarlıqları davam edir.

“Hazırda Ermənistan aprel ayındakı kimi müharibə ərəfəsindədir”.

Bu sözləri axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Prezidenti Serj Sərkisyanın dünən Soçidə baş tutan görüşü zamanı müzakirə olunan ən mühüm məsələ məhz Dağlıq Qarabağ mövzusu olub.

“Görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə edilib, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İttifaqındakı rolundan söz açılıb. Bu görüşdə sentyabr ayında Rusiyanın baş nazirinin Ermənistana getməsi və iqtisadi əməkdaşlıqla bağlı müəyyən sazişlər imzalanması məsələsi də gündəmdə olub. Görüşün əsas müzakirə obyekti isə Dağlıq Qarabağ problemidir. Rusiya burada gedən proseslərdən öz narahatlığını bildirib. Bu narahatlığın səbəbi Ermənistanın tutduğu mövqedir. Çünki Ermənistan keçən il keçirilən görüşlərdə gündəlikdə olan məsələlərlə bağlı konkret addımlar atmayıb. Hazırdakı vəziyyət təxminən aprel ayındakı kimidir. Görüşün nəticəsini dəqiq söyləmək çətindir. Ermənistana hər hansı təsirlər göstərilmədiyindən məsələ ilə bağlı ciddi addımlar atılacağına dair qərar gözlənilmir” - politoloq qeyd edib.
Əlavə edək ki, Soçidə Vladimir Putinlə Ermənistan Prezidenti Serj Sərkisyan arasında görüşün detalları ilə bağlı müfəssəl bilgi yoxdur. Bununla belə, analitiklər həmin görüşdə Rusiya və Ermənistan prezidentlərinin bölgədəki son durumla bağlı “saat əqrəblərini” tutuşdurduqlarına əmindirlər. \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.