İqtidarın balans ssenarisi - vitse-prezident seçkisi hansı klana lazımdı?

15-02-2018, 09:50           
İqtidarın balans ssenarisi - vitse-prezident seçkisi hansı klana lazımdı?
Prezident referendumdan sonra vitse-prezidentləri təyin etmədi. Artıq referendumdan 2 ilə yaxın vaxt ötür və yalnız I vitse-prezident məlumdur.

teref.az-nun verdiyi məlumata görə, apreldə keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra vitse-prezidentlər də müəyyənləşəcək.
Bunun ilk mesajını deputat Zahid Oruc verib. O, bir neçə gün öncə təklif etmişdi ki, vitse-prezidentlər seçki yolu ilə müəyyənləşsin.
İki ay qabaq həmin deputat idi ki, martda növbədənkənar prezident seçkiləri keçirilməsini təklif etmişdi.
Və iqtidarın ssenarisini təklif şəklində səsləndirən Z.Orucun dediyi də oldu və indi özü növbədənkənar prezident seçkilərinin namizədidir.
Ona görə də vitse-prezidentlərin seçki yolu ilə müəyyənləşməsini təklif eləməsi də özfəaliyyət dərnəyi deyil. Z.Oruc hakimiyyət daxilindəki önəmli bir gücün ismarıcını ictimaiyyətə çatdırmış oldu.

Sadəcə, prezident seçkilərinin eyforiyası və ajiotajı bu məsələni diqqətdən kənarda saxladı. Apreldən sonra vitse-prezidentlərin seçilməsi təzədən gündəmə gələcək.
Lakin seçki variantının ortaya atılması iqtidardakı bəlli qruplaşmalardan birinin maraqlarına xidmət edəcək. Görünür ki, təyinat həmin dairələrin ürəyincə deyil.
Seçkidə isə namizədlər irəli sürüləcək və Naxçıvan qanadından olan namizədlər səs çoxluğu ilə qalib elan ediləcək.
Məsələn, Naxçıvan Ali Məclis sədri Vasif Talıbov, Baş nazirin müavini Əli Həsənov, YAP-ın sədr müavini Əli Əhmədov vitse-prezidentlərdən biri ola bilər.
Prezidentin Xarici Siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da namizədlər sırasında ola bilər.
Bir komandada təmsil olunan adıçəkilən məmurlar vitse-prezident postlarından azı ikisini götürməyə hazırlaşır. Bununla da iqtidarda balans təzədən bərpa oluna bilər.
Necə ki, referendum ideyası Bakı-Şirvan klanının qələbəsiydi, növbədənkənar seçkilər təyinatı və vitse-prezident seçkisi də köhnə qvardiyanın revanşı kimi qiymətləndirilə bilər.
Odur ki, vitse-prezident seçkilərinin keçiriləcəyi kifayət qədər real ehtimaldır və hər şey seçkilərin nəticələrindən sonrakı siyasətin gedişində bəlli olacaq.

teref.az yazır ki, vitse-prezidentlərin köhnə klandan seçilməsi artıq islahatların mif olacağını təsdiqləyəcək.
2003-cü ilin 16 oktyabrından sonra İlham Əliyevin islahatçı və gənc prezident kimi atası ilə işləmiş komandanı təqaüdə göndərəcəyi gözlənirdi.
Saray daxilində “ağ inqilab”ın memarı ola biləcək İ.Əliyevin əksinə addım ataraq komandanı qoruyub saxlaması “əski köyə yeni adət” gətirmədi.
Ölkənin siyasi portreti göz önündədir və gedişat real islahatlara getməyi, köhnə qvardiya ilə vidalaşmağı diktə edir.
Axı liberal düşüncəli, müasir, bir neçə xarici dil bilən, dünyadakı texniki tərəqqidən istifadə edən İ.Əliyevin bu qocalar klubu nəyinə lazımdır?
Onlar müasir texnologiyadan uzaq və sovet meşşanları kimi düşünən köhnə kompartiya məmurlarıdır. Belələri müstəqilliyin 25 ilində özlərini inkişaf etdirmədilər - yalnız riyakarlıq, korrupsiya, tamah...

Məsələ ondadır ki, ictimaiyyətə islahatlar kimi təqdim olunan qərarlar, yeniliklər əslində, kosmetikdir, keyfiyyətsizdir və xalqın həyatında heç nəyi dəyişməyib.
Amerika dövlət qurucuları yeganə olaraq, prezident və vitse-prezident vəzifələrini birgə şəkildə ümumxalq səsverməsinə çıxarır.
Hakimiyyətin yeni idarəçilik sistemi Nazirlər Kabinetini lazımsızlaşdırıb. Hətta baş nazirin müavinləri, bəzi nazirlər də vəzifəsini itirə bilər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyindən artıq A.Rasizadə "əvəzedilməz ikinci şəxs" statusunu itirib.
İndi ölkənin ikinci şəxsi birinci vitse-prezidentdir. O biri tərəfdənsə, ölkədə işlək baş nazirə ehtiyac var ki, 82 yaşlı Rasizadə bu standarta qətiyyən cavab vermir.
Yaşlı nazirlərin rəhbərlik etdiyi Nazirlər Kabineti islahatlara mane olan qurum təsiri bağışlayır.

Qurumun fəaliyyətsizliyini illik hesabatlarında da görmək mümkündür. Nazirlər Kabineti demək olar ki, hər il eyni hesabatlarla çıxış edir.
Bu baxımdan da hər kəs Nazirlər Kabinetində islahatların aparılacağını və baş nazir postuna gənc, perspektivli, işlək bir şəxsin gətiriləcəyinə ümid edirdi.
Ancaq hələ ki, bu istiqamətdə hansısa ciddi addımların atılacağı görünmür. Gözlənti budur ki, bütün işlər birinci vitse-prezidentin nəzarətinə keçəcək.
Əgər belədirsə, ümumiyyətlə, baş nazir postu ləğv edilsin, səlahiyyətlər verilsin vitse-prezidentə, zatən bu gün Nazirlər Kabinetinin gözəgörünən fəaliyyətləri yoxdur.
Tumar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.