Masallıda film kimi ailə dramı... -Şərləyirmi, şərlənibmi... bilinmir!
29-10-2015, 11:36
Ötən ay, orucluq bayramı ərəfəsində, sentyabrın 23-dən 24-nə keçən gecə Masallı rayonunun Həsənli Ərazi vahidinin Köçəkli kəndində qeyri-adi hadisə baş verib. Belə ki, 2 uşaq anası, 25 yaşlı Gülnarə Həsənova axşam saat 10 radələrində evdən qaçıb. Hadisəni qardaşı ilə redaksiyaya gəlib diktafona danışan həmin qadının öz dilindən eşidək.
Gülnarə Həsənova:
- Mən Masallı rayonunun Alışanlı kəndində anadan olub, boya-başa çatmışam. Həyat yoldaşım isə Masallı rayonunun Köçəkli kəndindəndir. O, əvvəllər başqasına nişanlı olub. Daha sonra isə intihar etmək istəyib və tüfənglə özünü vurub. Lakin onu sağalda biliblər. Əvvəlki nişanlısı yarımcan olan bu şəxslə ailə həyatı qurmaq istəməyib. Tale elə gətirdi ki, biz ailə həyatı qurduq. Normal ev-eşiyimiz, güzəranımız var idi. Yoldaşım qaynaqçı idi, həm də traktor işlədirdi. Amma evdə mənimlə yola getmir, açıq-aşkar başqa qadınlarla telefonla danışırdı. Hətta son vaxtlar mənə deyirdi ki, evə başqa qadın gətirmək istəyirəm. Mən etiraz edəndə isə dedi ki, razılaşmasan, səni şərləyəcəyəm.
Bəs sonra nələr olub?
Yenə Gülnarənin dilindən:
- 23 sentyabr axşamı, təxminən axşam saat 9-10 arası həyətə düşmüşdüm. Bu vaxt darvaza qapısı döyüldü. Dedim kimdir? Dedi, Elvini, yəni həyat yoldaşını istəyirəm. Qapını açdım. Elə bu vaxt həyat yoldaşım evdən çölə çıxıb “sizi tutdum” deyə məni tüfənglə hədələməyə başladı. Qorxudan həyətdən qaçdım. Gedib yaxınlıqdakı kolluqda gizləndim. Həyat yoldaşım və onun ata-qardaşı məni tapa bilmədilər. Daha sonra 102-yə zəng vurub polis çağırdılar. 4 saatdan artıq kol-kosun içində gizlənmişdim. Polislər projektor işığında məni tapıb şöbəyə gətirdilər. Burada polisin təhqiqat şöbəsinin işçisi Mahir adlı şəxs məni təhqir etdi, başıma və qoluma yumruq vuraraq döydü. Heç kimə heç nə sübut edə bilmirdim. Hamı gəlib məni aşağılayırdı. Bütün gecə, 3-4 saat məni ac saxladılar. Sonra məni oxumağa imkan vermədikləri kağıza qol çəkdirdilər. Səhər tezdən isə Masallı prokurorluğuna gətirib 1-2 saat dindirdilər. Daha sonra çox pis vəziyyətdə evə buraxdılar.
Bu hadisədən iki gün sonra 100-dən artıq alışanlı kənd sakini Gülnarənin müdafiəsi üçün Masallı rayon prokurorluğuna şikayətə gəlib, qadın isə ölkənin bütün əlaqədar təşkilatlarına şikayət edib.
Biz olayı araşdırmaq üçün Masallı Rayon Polis Şöbəsində də olduq. Şöbənin rəisi, polkovnik Nəriman İmranov qətiyyətlə bildirdi ki, qadının dedikləri həqiqətə uyğun deyil. Biz sadəcə təhlükəsizliyinə görə onu axşam polis şöbəsinə gətirmişik. Çünki kənd sakinləri, xüsusən həyat yoldaşının adamları ona qarşı çox aqressiv idi. Qaldı ki, onun döyülməsinə, bu da düzgün məlumat deyil. Belə ki, həmin qadının qohumu Ramal bizdə işləyir. O da şahiddir ki, bu qadına qarşı zorakılıq olmayıb və niyə də olmalı idi. Burada bizim nə marağımız ola bilər ki?
Həmin Ramal adlı polis işçisi də rəisin otağına gəldi və etiraf etdi ki, Gülnarəyə qarşı zorakılıq olmayıb.
(Gülnarə və yaxın qohumları isə bildirir ki, qohumu Ramal orada olmayıb, həmin ərəfədə heç telefona cavab verməyib, sadəcə orada işlədiyi üçün belə deyib).
Polis şöbəsində həmçinin bildirdilər ki, hadisə heç də Gülnarənin dediyi kimi olmayıb. Belə ki, Gülnarə polis şöbəsində verdiyi izahatda bildirib ki, darvaza ağzında söhbət etdiyi oğlanı əvvəldən tanıyır və bir neçə dəfə onunla görüşüb. (Gülnarə isə bildirir ki, həmin izahat polislər tərəfindən yazılıb və döyə-döyə ona imza etdiriblər. Eləcə də oğlan üçün də eyni məzmunlu izahat hazırlanıb və təzyiqlə ona imza etdirilib).
Qeyd: Bu məqamda isə ortaya belə sual çıxır ki, bu oğlanın gəlişi əvvəldən təşkil olunmuşdusa, ona niyə təzyiqlə imza etdirirdilər?
Biz Gülnarənin həyat yoldaşı Raminlə də telefon əlaqəsi saxladıq. O bildirdi ki, namaz qılan, oruc tutan, zəhmətkeş bir insanam. Mən Gülnarəni əyri yol tutduğu üçün qovmuşam. Ortada tüfəng-filan söhbəti də olmayıb. Sadəcə, o, boşanan zaman əmlak əldə etmək, uşaqları özündə saxlayıb aliment almaq üçün hadisəni özünə sərfəli şəkildə uydurub.
Hadisədə tanınmış iş adamlarının da biri olan, hamının xeyirxah və xeyriyyəçi insan kimi tanıdığı köçəkli sakini Hacı Ramazanın da adı hallanır. Həmin şəxs telefon söhbətində bizə bildirdi ki, təəssüf edirəm, bu qadın yalan danışır. Mən hadisəni ədalətlə həll etmək üçün Gülnarəyə təklif etdim ki, doğrudan da bu adamı tanımırsansa, etiraf et ki, o sənə sataşmaq istəyirdi, mən də onun cəzasını verim. Lakin o, buna razılaşmadı.
Hazırda Köçəkli kəndində də bir çoxlarının rəyi həmin qadının xeyrinə deyil.
Masallıda film kimi ailə dramı...
Polis rəisi Nəriman müəllim bizimlə söhbətdə dedi ki, mən də bu işin ədalətlə araşdırılmasına tərəfdaram. Buyursun, prokurorluğa istədiyi kimi, qohumlarının, şahidlərinin iştirakı ilə izahat versin, o, necə istəyirsə, şübhəli şəxslər o cür dindirilsin. Siz də bütün maraqlı tərəfləri dinləyib, oxucuya obyektiv yazı təqdim edin. Biz isə sadəcə tərəflərin birinin qadın olduğu, eləcə də etik çərçivələri gözlədiyimiz üçün hər şeyi açıqlığı ilə deyə bilmirik.
Bizim polisdə olduğumuz günün səhəri Gülnarə Həsənova Masallı Rayon Prokurorluğuna çağırılıb və yaxınlarının iştirakı ilə istədiyi şəkildə ondan izahat alınıb.
Hazırda Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Gülnarə Həsənova və onun yaxınları isə təkid edirlər ki, onu şərləyiblər. Məqsəd də o olub ki, onu evdən qovsunlar, həyat yoldaşı üçün qohumları olan digər qadını gətirsinlər. Gülnarə hətta o qadının adını da bizə bildirdi.
Gülnarə polis şöbəsində onun haqqında deyilənlərlə də razılaşmır. Bildirir ki, həyətə girən oğlanı tanımır, həmin oğlan da ona qarşı hər hansı hərəkət etməyib və buna görə də ona qarşı hər hansı ifadə verməyim başa düşülən deyil. Bir də polis mənim təhlükəsizliyimin qayğısına qalırdısa, niyə məni o cür qorxu içində bir neçə saat polisdə ac-susuz saxladı, niyə məni gətirib ata evimə təhvil verib, ora polis qoymadılar. Sadəcə mənim köməksizliyimdən, arxasızlığımdan istifadə edib, pullu adamlarla birləşib məni şərləyiblər. Heç mən də bir daha o evə qayıtmaq istəmirəm, sadəcə, 2 azyaşlı balamı istəyirəm.
Hazırda Gülnarə Həsənovanın şikayəti Masallı Rayon Prokurorluğu tərəfindən araşdırılır. Hər iki tərəf tam fərqli mövqe nümayiş etdirərək, bir-birlərini günahlandırırlar. Son qərarı isə hüquq mühafizə orqanları deməli olacaq.
Mövzuya qayıdacağıq.
“Cənub xəbərləri”