Beynəlxalq Bankın filiallarını sabiq MTN rəhbərliyi soyub? – ŞOK iddia
10-12-2015, 20:44
Bu günlərdə Moderator.az-a sabiq MTN rəhbərliyi ilə bağlı maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, sabiq MTN rəhbərliyi təxminən bir il bundan öncə Beynəlxalq Banka məxsus bəzi filiallara internet yolu ilə müdaxilə edərək oradan bir neçə milyon manat pul çıxarıb. Həmin pulları öncədən müəyyən edilən hesablara köçürdən və bir neçə dəqiqə içində milyonlarla manat vəsaitə yiyələnən “qanun keşikçiləri”, özlərinin törətdikləri bu qanunsuzluqdan ikinci dəfə gəlir əldə etmək üçün istifadə ediblər.
Belə ki, baş verən qanunsuzluğu bir neçə gündən sonra “aşkara çıxaran” sabiq MTN rəhbərliyi, Beynəlxalq Bankın filial müdirlərini idarəyə dəvət edərək onlarıyoxa çıxan milyonlara görə sorğu-suala tutublar. MTN rəhbərliyi filial müdirlərini yoxa çıxan milyonları mənimsəməkdə ittiham ediblər və onlara “başa salıblar” ki, əgər tələb olunan pulu ödəməsələr, o zaman “etdikləri cinayətə görə” uzunmüddətli həbs cəzası alacaqlar.
Baş verən olaydan təşvişə düşən və məsələnin hüquqi müstəviyə daşınacağı təqdirə günahsız olduqlarını isbatlaya bilməyəcəklərini görən filial müdirləri, sabiq MTN rəhbərliyinin qanunsuz tələbi ilə razılaşıb və hər biri yüz min manatlarla pul verərək canlarını etmədikləri suçdan müvəqqəti də olsa xilas ediblər.
Mənbənin sözlərinə görə, hələ o zaman filial müdirləri bankdan silinən milyonların məhz elə MTN tərəfindən həyata keçirildiyindən şübhələnsələr də, onların heç biri öz ehtimal və şübhələrini dilə gətirməyib. Buna səbəb həmin ehtimalları sübutta yetirəcək faktların olmaması, habelə, bu şübhələri dilə gətirməyin onların həyatları üçün hədsiz dərəcədə təhlükəli olması ilə bağlı olub.
Mənbə hesab edir ki, istintaq qrupunun bu yöndə aparacağı araşdırmalar daha ciddi faktların üzə çıxmasına kömək edə bilər ki, bu da Beynəlxalq Bankdan yoxa çıxan milyonların ən azından bir qisminin taleyini aydınlığa qovuşdurar.