Tərtərlilər böyük hüznlə Umummilli lideri yad etdilər - FOTO

12-12-2015, 21:44           
Tərtərlilər böyük hüznlə Umummilli lideri yad etdilər - FOTO
Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında anım mərasimi keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoymuşlar. Gülqoyma mərasimində iyirmi minə yaxın rayon sakini iştirak etmişdir.

teref.az xəbər verir ki, sonra Heydər Əliyev Mərkəzində Umummilli liderin anım gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində əvvəlcə onun büstü önünə gül dəstələri qoymuş, sonra dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, fotosentlərlə tanış olmuşlar. “Dəyirmi masa” arxasında Ulu Öndərin xatirəsi bir dəqiqəlik sukutla yad edilmiş, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov Heydər Əliyevin ruhuna dua oxumuşdur.
Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə etmişdir. Rayon rəhbəri bildirmişdir ki, bu gün bütün varlığı ilə vətəni Azərbaycana, öz xalqına bağlı olan xalqımızın milli iftixarı, Azərbaycanın görkəmli siyasi dövlət xadimi, dünya miqyasında tanınmış siyasətci, müstəqil Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Heydər Əlirza oğlu Əliyevin anım günüdür. Düz on iki il keçir o korifey şəxsiyyəti itirməyimizdən. Düz on iki ildir ki, Azərbaycan xalqı öz dahi rəhbərinin anım gününü dərin kədər və hüznlə qeyd edir, onun məzarı və büstü önünə əklilər düzülür, tər gül-çiçək dəstələri qoyulur, adına ehsanlar verilir, ruhuna dualar oxunur. Ulu Tanrıdan dahi rəhbərə rəhmət diləyirik.
Heydər Əlirza oğlu Əliyev Azərbaycan xalqına bir tanrı bəxşişi idi. O, sadə, zəhmətkeş bir ailədə doğulub boya-başa çatmışdır. Min cür maneələrdən, çətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalmışdır. Onun adı Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuşdur. O, əsil azərbaycanlı, dünya şöhrətli siyasətçi, nadir şəxsiyyət, təcrübəli dövlət başçısı, dahi rəhbər idi.
Ulu Öndər 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etməyə başlamışdı. O vaxt Azərbaycan geridə qalmış aqrar bir ölkə idi, xalq ehtiyac içində yaşayırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikası öz iqtisadi yüksəliş dövrünə qədəm qoydu. Azərbaycanda 250-dən çox yeni zavod və fabriklər tikildi, yeni qəsəbələr salındı, neftayırma sənayesi yenidən quruldu, elektrotexnika, radiotexnika, neftayırma, Bakı kondinsionerləri zavodları tikildi. Respublikada pambıqçılıq və üzümçülük geniş inkişaf etdi.
Bütün bu uğurları biz rayonumuzun timsalında da gördük. Məhz ulu öndərin birinci hakimiyyəti illərində Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasından ibarət qəsəbə salındı. Rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsal edən zavodlar istifadəyə verildi.
Ümummilli lider dəfələrlə Tərtərdə olmuş, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak etmiş, Sərsəng su anbarının tikintisi ilə maraqlanmış, bartoplama aylığı ilə əlaqədar rayonumuzda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirmişdir.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 34 ili respublikamız üçün “Qızıl dövr” adlandıra bilərik. O öz xalqına, vətəninə əsl övlad məhəbbəti ilə xidmət etmişdir. Ona görə də 1982-ci ilin dekabrında siyasi büroya üzv seçilmiş və SSRİ-nin Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə irəli çəkilmişdir.
M. Qorbaçovun üzdəniraq yenidənqurma siyasəti ortaya atılarkən xalqımızın düşmənləri Ulu öndərə qarşı açıq hücuma keçdilər və onu siyasi fəaliyyətdən uzaqlaşdırmaq üçün hər cürə tədbirə əl atdılar. 1987-ci ildə Ulu öndər vəzifəsindən istefa verdi və Kommunist partiyasından çıxdı.
1990-cı ilin yanvar hadisələrində ilk dəfə olaraq xalqının səsinə səs verən, ona qarşı qətl törədən rus imperiyasının iç üzünü açan, bütün dünyaya car çəkən ulu öndər oldu. Bundan sonra 1990-cı ilin iyununda ulu öndər Naxçıvana gəldi və yenidən siyasi meydana qayıtdı. 22 iyul 1990-cı ildən 9 iyun 1993-cü ilədək Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərmiş, Naxçıvandan Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan MR-nın Ali Məclisinə deputat seçilmiş və burada xalqın tələbi ilə Ali Məclisin sədri vəzifəsində işləmişdir. Məhz Yeni Azərbaycan Partiyası da Naxçıvanda 1992-ci ilin 21 noyabr təsis konfransında yaradılmış və Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başlamışdır.
“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nün təsis edilməsi haqqındakı Sərəncamı da Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyev imzalmışdır.
Sonralar Ayaz Mütəllimov ölkəni vətəndaş müharibəsi qarşısında qoyub Moskvaya, Əbülfəz Elçibəy ölkənin müstəqilliyini təmin edə bilməyib doğulduğu Kələki kəndinə qaçanda xalq yenə də Ulu Öndərə pənah gətirdi. 1993-cü il iyun ayının 17-də Heydər Əliyev yenidən hakimiyyətə gəldi və Azərbaycanı parçalanmaqdan qurtardı. O, əvvəlcə Azərbaycan Ali Sovetinin sədri, sonra Prezident səlahiyyətlərinin icraçısı, oktyabr ayının 3-də isə səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da Azərbaycan 1993-cü ilin iyununda, 1994-cü ilin sentyabrında, 1995-ci ilin martında baş verəcək faciələrdən qurtuldu. Uzun müddətli atəşkəs əldə edildi.
Heydər Əliyevin ilk Prezidentliyi dövründə qazanılan əsas nailiyyətləri yada salsaq, ilk növbədə ölkədə ictimai-siyasi sabitlik bərqərar olunmuş, qətiyyətlə yürüdülən daxili və xarici siyasət nəticəsində milli müstəqillik xətti dönmədən həyata keçirilmiş, hüquqi, demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşması, Azərbaycanın Beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsi istiqamətində önəmli və ardıcıl addımlar atılmışdır.
1994-cü ilin sentyabrında ümumi dəyəri 50 milyard dollar olan “Əsrin müqaviləsi” adlı nəhəng müqavilə imzalandı. Məhz “əsrin müqaviləsi”nin reallaşması sayəsində bu gün müstəqil Azərbaycan regionda təhlükəsizliyin qarantına, dünyada aparıcı söz sahibinə çevrilmişdir.
Bü günkü Azərbaycan, dövlətçiliyimiz, müstəqilliyimiz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlı olmaqla yanaşı, onun müdrik siyasətinin, parlaq zəkasının məhsuludur. Heydər Əliyev Müstəqil Azərbaycanın yaradıcısıdır. Müstəqil Azərbaycan isə Ulu Öndərin şah əsəridir.
Rayon rəhbəri qeyd etmişdir ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan onun siyasi kursunun layiqli davamçısı, ölkə rəhbərinin diqqət və qayğısı ilə daha da inkişaf edir və gözəlləşir. Biz bunu düşmənlə 48 km təmas xətti olan rayonumuzun da timsalında görürük. Tərtər bu gün böyük bir tikinti meydançasını xatırladır. Yeni inzibati binalar, yaşayış evləri tikilir, yollar çəkilir, yaşıllıq zolaqları salınır. Rayon mərkəzində 100 yerlik körpələr evi-uşaq bağçası, analoqu olmayan şahmat məktəbi, kənd təsərrüfatı idarəsi inşa olunur. Artıq kəndlərimizin 30-da qazlaşma başa çatıb. 13 yaşayış məntəqəsinə isə qaz çəkilişi davam etdirilir.
29 ictimai binanın dam örtüyü dəyişdirilmiş, binaların fasad hissələri təmir olunmuşdur.
Qapanlı kəndində elektirik xətlərinin SİP kabelləşdirilməsi işlərinə başlanılmış, digər kəndlərimizdə isə bununla əlaqədar təxirəsalınmaz işlər aparılır.
Hazırda Tərtər şəhəri və ona bitişik 11 kəndə su kanalizasiya sisteminin çəkilişinə başlanılmışdır. Bu, tərtərlilərin içməli su və kanalizasiya problemini həll edəcək.
Bu gün firavan yaşadıqları üçün qəhrəman tərtərlilər Ulu Öndərin xatirəsini ehtiramla yad edir, onun Azərbaycan xalqına əmanəti olan müstəqil Azərbaycanın çiçəklənməsi naminə əlindən gələni əsirgəməyən Respublika prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşir, onun daxili və xarici siyasətini dəstəkləyirlər.
Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, Ulu Öndərin Azərbaycan tarixində qoyduğu iz heç vaxt silinməyəcək.
Sonra rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, şəhər 1 saylı tam orta məktəbin müəllimi Elçin Məhərrəmov, rayon icra hakimiyyətinin əməkdaşı Tunarə Məmmədzadə, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova çıxış etdilər.
Tunarə Məmmədzadənin şair Zəlimxan Yaqubun Ulu Öndərə həsr etdiyi “Böyük ömrün dastanı” poemasından dediyi parça tədbir iştirakçılarına kövrək hisslər yaşatdı.
Tədbirin sonunda Umummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.