"Azəryolservis" ASC-dən çat açıqlaması: - “Panikaya səbəb yoxdur”
19-02-2016, 16:48
"O çat köhnədir, panikaya heç bir səbəb yoxdur”. Bu sözləri "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bakı-Sumqayıt yolunun Avtovağzal hissəsində yaranmış çatla bağlı “Yeni Müsavat”a açıqlamasında səsləndirib.
Anar Nəcəfli bildirib ki, bu haqda onlarda məlumat var və sırası gələndə o problemlər də aradan qaldırılacaq: “Orda yeni çat yoxdur. Köhnədir. Bununla bağlı məlumatımız var. Panikaya səbəb yoxdur. Orada heç bir təhlükə də yoxdur. Yeni çat deyil. İnsanlar arasında niyə, hansı məqsədlə təşviş yaradırlar, anlamıram. Bu çat Bakıdan Sumqayıta doğru gedən istiqamətdədir. Avtovağzal tərəfdə bərkitmə işləri yekunlaşan kimi həm Sumqayıt istiqamətindən Bakıya giriş tərəf, həm də əksinə, Bakıdan-Sumqayıta gedən tərəfdə olan yolun deformasiyaya uğramış hissələri bərpa ediləcək”.
Qeyd edək ki, Bakı-Sumqayıt şosesinin avtovağzal kompleksinə yaxın hissəsində yol yenidən çöküb. Yağan yağış və avtomobillərin yolun çökən hissəsində intensiv hərəkəti nəticəsində çat daha da böyüyüb. Yolun bir hissəsinin deformasiyaya uğraması nəticəsində qəza şəraiti yaranıb.