Elçin Behbudovun həyat yoldaşı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədrliyinə iddialı şəxsi məhkəməyə verib
19-02-2016, 22:09
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin bir müddət əvvəl vəfat edən sədri Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudova məhkəməyə müraciət edib.
Bu barədə APA-ya məlumat verən E. Behbudova bildirib ki, ötən il dekabrın 18-də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin idarə heyətinin iclası keçirilib və iclasda E. Behbudovanın sədr seçilməsi barədə qərar qəbul olunub. Lakin komitənin üzvü olmuş Elşad Həmidov bəzi sənədlər düzəldərək idarə heyətinin iclasının keçirildiyini və onun sədr seçildiyini iddia edib. E. Behbudova bunun qeyri-mümkün olduğunu bildirib: “Elşad Həmidov sədr seçilə bilməz. Çünki o, bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Onun topladığı sənədlər saxtadır. Bu, dələduzluqdur. Biz idarə heyətinin iclasından sonra sənədlərin təsdiq olunması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsinə müraciət etdik. Lakin belə problem çıxdığı üçün idarə sənədləri təsdiqləmədi. Bundan sonra mən Elşad Həmidovu məhkəməyə verdim. Hazırda 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində məhkəmə prosesi keçirilir. Fevralın 11-də məhkəmə keçirilməli idi. Lakin qarşı tərəf məhkəməyə gəlmədiyi üçün proses fevralın 25-nə təxirə salındı”.
E. Behbudova Elşad Həmidovla bağlı Daxili İşlər Nazirliyinə, Bakı şəhər Baş Polis İdarəsinə, Baş Prokurorluğa müraciət etdiyini də bildirib: “Elşad Həmidov deyir ki, Elçin Behbudov 2010-cu ildən cəzaçəkmə müəssisələrində monitorinq keçirməyib. Bunu Elçin Behbudov özü də deyirdi. Səbəbləri də hər kəsə məlumdur. Elçin Behbudov ölən günə qədər işləyib. İndi ona qara yaxmağa çalışırlar”.
Elşad Həmidov isə APA-ya açıqlamasında bildirib ki, komitədə səsvermə olub və o, sədr seçilib. E. Həmidov məhkəməyə verilməsindən xəbərsiz olduğunu bildirib: “Biz artıq fəaliyyətdəyik. Bununla bağlı Səhiyyə, Daxili İşlər, Müdafiə nazirliklərinə, Avropa Şurasına və digər təşkilatlara məlumat vermişik. Mən 2007-ci ildən komitədə çalışıram və monitorinqlərdə, tədbirlərdə iştirak etmişəm. Mənim heç kimlə düşmənçiliyim yoxdur”.
E. Həmidov komitəyə sırf hüquqşünasları dəvət etdiyini vurğulayıb.
Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov ötən il noyabrın 14-də ürək tutmasından vəfat edib.