AMEA elmi işçisinin rus dilində təhsilin ləğv olunması təklifinə sərt reaksiya — BU MƏNTİQSİZLİKDİR

1-06-2016, 16:43           

"Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir və biz bu qalıqdan tez bir müddətdə xilas olmalıyıq. Biz azərbaycanlılar üzun illər ikidillilik şəraitində yaşamışıq və rus dilinə üstünlük vermişik, bir çox hallarda rus dili ana dilimizi üstələyib".

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda elmi işçisi Cahid İsmayıloğlunun bu sözlərinə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) rəhbəri Səbuhi Abbasov Ölkə.Az saytında sərt münasibət bildirib.



S.Abbasov rus dilində təhsilin ləğvi təklifinin cəmiyyətdə birmənalı qarşılanmadığını vurğulayaraq əlavə edib:

"Azərbaycan demokratik ölkədir, bu mənada ölkədə fəaliyyət göstərən dövlət təhsil müəssisələrindən əlavə özəl təhsil müəssisələri də var. Onlara təhsilin hansı dil formalarının tətbiqi ilə bağlı məhdudiyyət qoyula bilməz. Azərbaycanda dil siyasəti ilə bağlı qanunvericilik var. Orada dilimizin qorunması, ondan düzgün istifadə qaydaları tam olaraq qeyd olunub. Hər birimiz öz dilimizi sevməli və qorumalıyıq. Lakin gəlin bir məsələ də şərq təfəkkürü ilə yanaşmayaq. Avropa və Qərb qalaktikada yeni planet axtarışındadırlar, insana tipoloji bənzəyən robot icad edirlər, demək olar ki, hər gün bir texnoloji yeniliyə imza atırlar. Biz də bu qlobal inteqrasiya axarına düşməkdənsə pafoslu çağırışlar içində boğuluruq. Bugün dünyada o ölkə güc sahibidir ki, onun sağlam və savadlı gəncliyi olsun, bir yox, ən azı 5 dildə danışan mütəxəssisləri olsun. Rus dili dünyada ən azı ingilis dili qədər zəruri dildir. Siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, turizmdə rusdilli mütəxəssislər yetişməsinə çox böyük ehtiyac var. Rus dilindən imtina etmək dünya əhalisinə Azərbaycan dilini öyrənməyə məcbur etmək məntiqinə bərabərdir, yəni bu, məntiqsizlikdir. Razıyam ki, gənclərdə vətənpərvərlik hissi əsas olmalıdır. Hətta deyərdim ki, bütün fəaliyyətlərini bunun üzərində qurmalıdırlar. Ancaq dünyada intellektual xalq kimi təmsil olunmağını istəyirsənsə bir yox bir neçə dildə danışmağı bacarmalısan. Öz dövlətini dünyaya təsirli təqdimatını etmək istəyirsənsə bunu o ölkənin öz dilində etsən daha böyük nəticələr əldə edəcəksən.

Burda başqa bir strateji məqam da var. Azərbaycan tolerant, multikultral dəyərləri özündə birləşdirən bir ölkədir. Sizcə ölkə ərazisində yaşayan on minlərlə rusdilli Azərbaycan vətəndaşı üçün bu bir təzyiq kimi qiymətləndiriməyəcəkmi? Digər bir tərəfdən Rusiya bizim Şimal qonşumuzdur. Bizim həm siyasi, həm iqtisadi, həm də geniş mədəni əlaqələrimiz var. Sizcə bu cəfəng ideya reallaşsa bu münasibətlər gərginləşməyəcəkmi?”

Qeyd edək ki, Cahid İsmayıloğlunun rus dilində təhsilin ləğv edilməsi ilə bağlı təklifi sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.