Abşeronda törədilən qətlin – TƏFƏRRÜATI

26-08-2017, 22:15           

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Abşeronda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunda avqustun 21-də törədilmiş iki ağır cinayətin üstü “isti izlər”lə açılıb.

Belə ki, avqustun 21-də səhər radələrində Abşeron rayonunun Saray qəsəbə sakini Anar Tanrıverdiyev Daxili İşlər Nazirliyinin “102-Zəng Xidməti” Mərkəzinə zəng edərək qonşuları – 75 yaşlı Məmməd Sərxanovun qətlə yetirilməsi, arvadı Zeynəbin isə aldığı xəsarətlərlə bağlı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirməsi barədə məlumat verib.

Məlumatla əlaqədar Abşeron rayon prokurorluğu və Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Baxış zamanı qonşuluqdakı yarımçıq tikilinin zirzəmisinə atılmış ağır cinayətin aləti olduğu şübhə edilən, üzərində qan ləkələrinə bulaşmış tük hissəcikləri olan qalın taxta parçası maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla ağır cinayətin səhər radələrində törədilməsi müəyyən edilib. Belə ki, avqustun 21-də səhər radələrində evə açıq pəncərədən daxil olan naməlum şəxs əvvəlcə əlindəki taxta parçası ilə divanda yatmış Məmməd Sərxanovun baş nahiyəsinə bir neçə dəfə zərbə endirdikdən sonra səs-küyə çıxan Zeynəb Sərxanovadan evdəki pul və qızıl-zinət əşyalarının yerini soruşub. Naməlum şəxs evin sahibəsindən müsbət cavab almadığından onun da baş nahiyəsinə ağac parçası ilə zərbələr endirib və hadisə yerini tərk edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.

Avqustun 21-də qətlin açılması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin keçirildiyi bir vaxtda rayon polisinə Xırdalan şəhərində digər ağır cinayət barədə məlumat daxil olub. Mənzillərdən birinə özünü usta kimi təqdim etməklə daxil olmuş naməlum şəxs orada yaşayan Sevda Hüseynovanı bıçaqla hədələyərək pul və qızıl-zinət əşyalar tələb edib. Lakin, qadının səs-küy salaraq qonşularını köməyə çağırması həmin şəxsin planlaşdırdığı cinayəti başa çatdırmasına imkan verməyib.

Qeyd edilən quldurluq cinayətini törətməkdə şübhəli bilinən naməlum şəxsin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində avqustun 23-də əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Saray qəsəbə sakini Məqsud Əliyev saxlanılıb.

Zərərçəkmiş S.Hüseynova quldurluq məqsədilə evinə soxulmuş şəxsin M.Əliyev olduğunu təsdiqləyib. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin gedişində hər iki hadisənin motivinin eyni olması və digər oxşar cəhətlərin mövcudluğu hər iki cinayətin M.Əliyev tərəfindən törədilməsi ehtimalını artırıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, rayon prokurorluğu və polis əməkdaşlarının birgə həyata keçirdikləri əlavə tədbirlərlə yuxarıda qeyd edilən qətlin də M.Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Əliyev istintaqa ifadəsində hər iki ağır cinayəti tamah məqsədilə törətdiyini etiraf edib. Cinayət işləri bir icraatda birləşdirilib, M.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 181.2.3 (yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

A24.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.