İran “Royal Bank”da batan pullarını geri istəyir

6-08-2015, 11:09           
İran “Royal Bank”da batan pullarını geri istəyir
Ekspertlər bildirirlər ki, bu, beynəlxalq skandala səbəb ola bilər…

İran bir neçə il əvvəl “Royal Bank”da batan pulları geri istəyir. İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bununla bağlı dolayısı ilə danışıb.
“Trend”ə müsahibə verən Mehdi Möhtəşəmi deyib ki, sanksiyaların ləğvindən sonra Azərbaycan bank sisteminin əməkdaşlıq üçün geniş imkanları olacağını düşünür: “Əlbəttə, bizim bir sıra problemlərimiz də var. Azərbaycan banklarında iranlıların müəyyən miqdarda vəsaiti bloklaşdırılıb. Məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən bir bank- ”Royal Bank” iflas edib. Həmin bankda İranın İxracat İnkişaf Bankının və hüquqi şəxslərinin vəsaitləri var idi ki, biz Azərbaycanın Mərkəzi Bankı və hökumətindən bu problemi həll etməyi istəmişik. Ümid edirik, problem tezliklə öz həllini tapacaq. Həmçinin Azərbaycan hökumətinin, xüsusilə də Bakı Şəhər İcra Hakimiyyətinin “Bank Melli İran”ın binası ilə bağlı ölçü götürməsi üçün əməkdaşlığa ehtiyac var. Bu kimi məsələlər Azərbaycan və İran arasında bank sahəsində aparılan müzakirələrin bir hissəsidir ki, bunlarla bağlı yaxşı nəticələr də əldə olunub. İki ölkənin bank sisteminin fəal və etibarlı olması digər sahələrdə də əməkdaşlığın inkişafına təsir göstərəcək”.
Ekspertlər isə bildirirlər ki, İranın müflis olmuş bankla bağlı problemi gündəmə gətirməsi ciddi məsələdir:“Burada çox həssas hüquqi məqam var. İran ”Royal Bank” vasitəsilə sanksiyaları dəlməyə çalışıbsa və Azərbaycan tərəfi də buna göz yumubsa, bu, beynəlxalq skandalla müşahidə oluna bilər. Yəni sanksiyalar qüvvədə olan zaman işlər görülüb. Bundan əlavə, İranın vəsaitlərini hansı hüquqi-normativ aktlara görə bu bankda yerləşdirməsini bilmək vacibdir. Əgər müqavilələr hüquqa uyğun bağlanıbsa, onda İran beynəlxalq məhkəməyə müraciət edə, vəsaitlərini geri tələb edə bilər”.
Qeyd edək ki, “Royal Bank”la bağlı problem bir neçə il öncə yaranmışdı. 2012-ci ildə lisenziyası geri alınan və bağlanan “Royal Bank”da minlərlə İran vətəndaşının depozitləri vardı. Lakin onların pulları öz adlarına yox, saxta adlarla rəsmiləşdirilmişdi. Bu da onlara bank bağlanandan sonra bəlli olmuşdu.
Həmçinin “Royal Bank”ın bağlanmasının arxasında İran amilinin dayandığı haqda mətbuat dəfələrlə yazmışdı. Bildirilirdi ki, İran şirkətləri və beynəlxalq sanksiyaların təsiri altında olan rəsmiləri sanksiyalardan yayınmaq üçün bu bankdan istifadə ediblər. Bankın İranla yaxın işbirliyini onun əmanətçiləri arasında minlərlə iranlının olması da təsdiqləyir. Lakin məsələnin ən qalmaqallı tərəfi odur ki, bankda minlərlə İran vətəndaşının pulları saxta adlarla saxlanılıb. Mərkəzi Bankın bu maxinasiyadan necə vaxtında xəbər tutmaması təəccüblü və müəmmalı görünür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.