Azərbaycan Xəzərdə atəş aça bilmədi, gəmi və silah xarab oldu
6-08-2015, 15:06
Azərbaycanın Rusiya tərəfindən keçirilən Beynəlxalq Hərbi Oyunlar çərçivəsində “Xəzər kuboku” yarışlarına qatılan komandası uğursuzluqla üzləşib.
Virtualaz.org saytı xəbər verir ki, avqustun 5-də yarışlar çərçivəsində Rusiya və Azərbaycan hərbi donanmalarının gəmiləri yarışların açılışını etməli və ilk “duelə” çıxmalı idi.
Lakin yarışların açılışı Azərbaycan komandasının iştirakı olmadan baş tutub. Bunun səbəbi Azərbaycan komandasının hərbi gəmisinin və silahlarının xarab olmasıdır.
Hərbi oyunların hakimi, general-mayor Dmitri Qorbatenko jurnalistlərə bildirib ki, Azərbaycan komandası “Xəzər kuboku”nun açılışında iştirak edə bilməyib və gəmini dəyişərək öz ustalıqlarını avqustun 7-də nümayiş etdirəcəklər.
“Azərbaycan ekipajında hər şey yaxşı alınmadı, texnika və silahlar pis vəziyyətdə qoydu. Gəmi dəyişdiriləcək və avqustun 7-də Azərbaycan yarışlara qatılaraq öz ustalığını nümayiş etdirə biləcək”- deyə general bildirib.
Yarışların açılışında Rusiya komandası iştirak edib və Xəzər donanmasının “Qrad Sviyajsk” gəmisi ilk atəşdəcə hədəfi vurub. Rusiya komandasına 40 bal verilib. Rusiya komandası hazırda birinci yerdədir.
Xatırladaq ki, Azərbaycan Rusiyanın keçirdiyi Birinci Beynəlxalq Hərbi Oyunların ancaq dəniz mərhələsində iştirak edir. Bu məqsədlə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin iki patrul-gözətçi gəmisi Mahaçqala limanına - Rusiya donanmasının bazasına göndərilib.
Oyunların açılış mərasimində müdafiə naziri Zakir Həsənov da iştirak edib. Yarışlara başlamağa imkan tapmadan bu gəmilərdən hansının və onlara aid hansı silahların xarab olduğu məlum deyil.